Nəsib Məhəməliyev: "Azərbaycan erməni təxribatlarına 10 qat artıq cavab verməlidir"

GÜNDƏM 15 okt 2021, 17:23
"Azərbaycan erməni təxribatlarına 10 qat artıq cavab verməlidir. Ermənistan tərəfinə xəbərdarlıq edilməlidir ki, düşmənin snayper atəşinə tuş gələrək şəhid olan əsgərin ölümünə səbəbkar olan bütün icraçı və iştirakçılar, həmçinin cinayəti təşkil edən qüvvələr təcili müəyyənləşdirilərək Azərbaycan tərəfinə təhvil verilməlidir. Cinayətkarların cəzalanmadığı təqdirdə belə təxribatların intensivləşəcəyi qaçılmazdır. Daha sərt addımlar ataraq Ermənistana sülhün alternativinin olmadığını başa salmalıyıq".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

O bildirib ki, Prezident İlham Əliyev post-müharibə dövründə Ermənistana dəfələrlə sülh çağırışı edib və Azərbaycanın böyük sülh sazişi imzalamağa hazır olduğunu, lakin daha əvvəl müəyyən zəruri addımların atılmasının vacibliyini bəyan edib: "Həmin zəruri məsələlərə əsasən, 10 noyabr və 11 yanvar üçtərəfli razılaşmalarının bütün bədənlərinin icrası, yəni indiki halda Azərbaycan ərazilərində hələ də qalmaqda olan erməni diversantlarının bölgədən çıxarılması, kommunikasiyaların, xüsusilə Zəngəzur dəhlizinin açılması, o cümlədən sərhədlərin delimitasiya və demarkasiyası həyata keçirilərək Ermənistanın, faktiki olaraq, Azərbaycanın ərazi bütövlüyünü tanıması təmin edilməlidir. Lakin təəssüflər olsun ki, Ermənistan rəhbərliyi Prezident İlham Əliyevin çağırışlarına hələki reaksiya vermir və müəyyən beynəlxalq təşkilatları, xüsusilə də ATƏT-in Minsk Qrupunu prosesə cəlb etməklə Qarabağda yaşayan azsaylı erməni xalqı üçün status əldə etməyə çalışır. Bu, mümkün deyil. Ölkə başçısı İlham Əliyev dəfələrlə qeyd edib ki, heç bir status məsələsindən söhbət gedə bilməz. Digər tərəfdən, regionda öz geosiyasi maraqlarını saxlamaq istəyən və müəyyən şərtlər daxilində regiona gəlmək niyyətində olan xarici qüvvələri də nəzərdən qaçırmaq olmaz. Həmin qüvvələr bölgədə davamlı və dayanıqlı sülhün bərpasının əleyhinədirlər. Açıq demək lazımdır ki, qonşumuz İranın heç bir dostluq və dini təşəbbüskeşliyə dayanmayan qeyri-sağlam davranışları bilavasitə regionda gərginliyin yaranmasına xidmət edir. Ermənistanın daxilində də Daşnaksütyun partiyası kimi bunlardan ilhamlanan bir sıra revanşist qüvvələr mövcuddur ki, onlar da sülh sazişi imzalamağa maraqlı deyil. Təsadüfi deyil ki, oktyabrın 13-də seperatçı rejimin lideri Arayik Arutyunyan İrəvana səfər edərək İkinci Qarabağ müharibəsində iştirak edən zabitlərlə görüş keçirdi. Bütün bunlar Ermənistan dövlətinin böyük sülhə hazır olmadığını deməyə əsas verir. Ona görə də təxribatların hər zaman gözlənilən olduğunu nəzərə alaraq Türkiyə ilə birlikdə siyasətimizi davam etdirməliyik. Sülhə mane olan qüvvələrin kifayət qədər çox olduğunu ötən gün əsgərimizin şəhid olmasının Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ərəfəsinə təsadüf etməsi də sübut edir".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top