Vüqar Rəhimzadə: "Azərbaycan heç bir dövlətin diktəsi ilə oturub durmur, siyasətində müstəqildir"

GÜNDƏM 12 okt 2021, 15:36
«Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti, həmçinin böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında münasibətlər qurması istər ikitərəfli əməkdaşlıq əlaqələrində, istərsə də beynəlxalq münasibətlər sistemində yerinin və mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Azərbaycanın BMT Baş Assambleyasından sonra dünyada  ikinci ən böyük təsisat olan, sıralarında   120 ölkəni birləşdirən  Qoşulmama Hərəkatına üzvlüyü  və quruma iki il sədrlik missiyasını üzərinə götürməsi də ölkəmizin   artan nüfuzunun göstəricisidir.

Dövlət başçısı İlham Əliyevin oktyabrın 11-də  Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısında videoformatda çıxışı da bir çox məqamların təqdimatıdır.  Ölkə Prezidenti çıxışında Hərəkatın tarixi, prinsipləri, Azərbaycanın  bu quruma üzvlüyündən və sədrliyindən bəhs edərək təşkilatın   fəaliyyəti ilə bağlı bir sıra təşəbbüslərlə çıxış etdi. Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq Prinsiplərinin Qoşulmama Hərəkatının təməlində dayandığını önə çəkən dövlət başçısı bildirdi ki, bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. Əgər bütün ölkələr bu prinsiplərə riayət etsəydilər, onda  dünyada müharibələri və münaqişələri görməzdik.»

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Demokrat.az-a açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev  münaqişəli məsələlərin həllində dünyanın ikili standartlara  əsaslanan siyasətinin  mənfi təsirlərindən geniş bəhs edib: «Azərbaycan   30 ilə yaxın dövrdə  belə ikili  yanaşmaya məruz qalıb. Ermənistan beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartlardan  istifadə edərək Azərbaycan torpaqlarını 30 ilə yaxın müddətdə işğal altında saxladı. Azərbaycan bu müddətdə sülh danışıqlarına sadiqlik nümayiş etdirərək  məsələnin  dinc vasitələrlə həllində maraqlı olduğunu atdığı hər addımında təsdiqlədi. Ermənistanın isə əksinə, danışıqlara imitasiya naminə qatılması təbii ki, himayədarlarının ona  dəstəyindən irəli gəlirdi. Hətta bu dəstəkdən ruhlanan təcavüzkar  daha da  irəli gedərək  yeni ərazilər uğrunda müharibə planları hazırladı.»

YAP Xətai rayon təşkilatının sədri bir daha diqqəti  BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın icrasını gözləyən, amma maraqlar naminə  müşkülə çevrilən  4 qətnaməsindən bəhs edərək bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın  rəşadətli Ordusu dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu qətnamələri təkbaşına icra etdi, dünyaya ədalətin və beynəlxalq hüququn mövcudluğunu sübut etdi: «Reallıq budur ki, dünya təcavüzkar dövlətlə işğala məruz qalan dövlət arasında fərq qoymadı. Ən əsası dünyanın aparıcı dövlətləri  işğalçını adı ilə çağırmağın münaqişənin həllinə mane olacağını bildirdilər. Məhz bütün bunlara görə Azərbaycan  işğalın davam etdiyi 30 ildə bir çox suallara  cavab tapmaq istədi. »

V.Rəhimzadə vurğulayıb ki, 44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Vətən müharibəsi 30 illik konfliktə son qoydu, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı:  «Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin daim dəstəklənməsinin yüksək qiymətləndirildiyini  vurğulayan dövlət başçısı İlham Əliyev sözügedən  toplantıda bu məqamı da xüsusi qeyd etdi ki,   Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin Azərbaycana  verdikləri dəstək olduqca dəyərlidir. Bu baxımdan ki, həmin dövlətlər  BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər.»

«Günümüzün reallıqlarından biri kimi  COVID-19 pandemiyası ilə mübarizə tədbirləri də Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinə  aydınlıq gətirdi» söyləyən V.Rəhimzadə bildirib ki,  Prezident İlham Əliyevin  irəli sürdüyü  təşəbbüslər həm Qoşulmama Hərəkatının üzvlərini, həm də bütün BMT-ni sanki səfərbər etdi və aktiv şəkildə pandemiyaya qarşı  mübarizənin daha operativ yollarını tapmaq üçün müzakirələrə başlanıldı: «Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının, Türk Şurasının Zirvə görüşləri, BMT Baş  Assambleyasının Xüsusi Sessiyası keçirildi.  Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandıraraq möhtərəm Prezidentimizin irəli sürdüyü təşəbbüsləri dəstəklədi. Bugünədək Azərbaycan 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib. Azərbaycan, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, onun da yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardımdır.  Azərbaycan təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə edib,  “peyvənd millətçiliyi”nə və peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınmasına qarşı narazılığını açıq şəkildə bildirib. 2021-ci ilin mart ayında Azərbaycanın təşəbbüsü əsasında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər  çıxışın təmin edilməsinə dair qətnamə qəbul edilib. Prezident İlham Əliyev  topantıda bu təşəbbüslə çıxış etdi ki,  BMT Baş Assambleyasının cari sessiyası çərçivəsində də Azərbaycan eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır.»

YAP Xətai rayon təşkilatının sədri  bu ümumiləşdirməni aparıb ki,  hər bir beynəlxalq  tədbir  hər bir  dövlətin, ölkə başçısının beynəlxalq aləmdə nüfuzuna  aydınlıq gətirir: «Müstəqil addımları ilə xarici siyasətdə davamlı uğurlara imza atan Azərbaycan artıq  regional inkişafın aparıcı qüvvəsinə çevrilib, dünya birliyində etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Azərbaycan heç bir dövlətin diktəsi ilə oturub durmur, siyasətində müstəqildir və hər bir addımında dövlət maraqları öndə dayanır. Şübhəsiz, irəli sürülən təşəbbüslərin dəstəklənməsində Azərbaycan Prezidentinin şəxsi nüfuzu  əsas rol oynayır. Bu baxımdan Qoşulmama Hərəkatı üzvləri tərəfindən Azərbaycanın sədrliyinin daha  bir il uzadılmasına dair qərarın verilməsi təsadüfi deyil və bu addım   Azərbaycana olan etimadın, inamın növbəti təzahürüdür. Bu qərar, eyni zamanda, Qoşulmama Hərəkatı ölkələri  tərəfindən cənab Prezidentin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir.» 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top