"Azərbaycanlılarla ermənilər arasında daha geniş aspektdə görüş keçiriləcək" — AÇIQLAMA

GÜNDƏM 07 okt 2021, 13:23
Sentyabrın 30-da Gürcüstanın Kaçreti şəhərində Azərbaycan və Ermənistanın ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə azərbaycanlıların və ermənilərin görüşü keçirilib. Qapalı keçirilən görüşdə Azərbaycan tərəfini Prezidentin keçmiş müşaviri Eldar Namazov və “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev təmsil edib.

Görüşün əhəmiyyəti ilə bağlı Demokrat.az-a açıqlama verən Mehman Əliyev bu görüşlərin iki dövlət arasındakı əlaqələrdə mühüm rol oynadığını vurğulayıb:



“Bu görüşlər tərəflərin ictimaiyyətinin baxışları ilə tanış olmaq, müzakirələr aparmaq baxımından olduqca əhəmiyyətlidir. Aydınlıq gətirilməsi lazım olan müəyyən məsələlər var ki, onlar bu cür görüşlərdə həll olunur. İki tərəf arasındakı proses hakimiyyətlər arasında aparılan fikir mübadiləsi və paralel olaraq vətəndaş cəmiyyəti səviyyəsində aparılır. Proseslərdə xalqların da maraqları və mövqeləri var. Xalq maraqlarının dövlət tərəfindən dəstəklənməsi, həmçinin dövlətlər səviyyəsində aparılan proseslərin xalq tərəfindən dəstəklənməsi vacibdir. Ona görə də, bu tip məsələlərdə fikir mübadilələri tərəfləri ortaq nöqtəyə yaxınlaşdırır. Vətəndaş cəmiyyətləri arasında təmas olanda, daha çox məsələlərə aydınlıq gəlir, nəinki kortəbii şəkildə informasiyaların yayılması. Bilirik ki, bu halda daha çox problemlər yaranır. Bu baxımdan, belə görüşlərdə bir çox məsələlərə daha operativ aydınlıq gətirə bilirik”.

M.Əliyev bu konteksdə görüşlərin davam edəcəyini vurğulayıb:

“Belə görüşlərə hər iki tərəfin ehtiyacı var. Görüşlərin bundan sonra da keçirilməsi planlaşdırılır. Hətta, daha geniş aspektdə keçiriləcəyi, müxtəlif formatlarda baş tutacağı gözlənilir. İndiki vəziyyətdə buna ehtiyac var”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top