İslam inqilabı keşikçiləri, yoxsa erməni lobbisinin xidmətçiləri?

GÜNDƏM 05 okt 2021, 13:57
İranın ali dini lideri cənab Seyid Əli Xamenei Azərbaycan sərhədləri boyunca təlim keçilməsini öz Tvitter səhifəsində fars, ingilis və Azərbaycan dillərində şərh etməsi yaranan gərginliyin mənbəyini də nişan verdi-mənbə dini rəhbərin özü imiş.

Sentyabırn 27-də körfəz mediasına istinadən Ermənistanın ərazi bütövlüyünü qorumaq üçün hərbi müdaxilə variantına razılıq verməsi haqda İnqilab keşikçilərinin dini rəhbərə xüsusi məruzə hazırladıqlarını məlumat vermişdik. Belə bir məruzənin mövcudluğu ilk vaxtlar mübahisəli görünürdüsə də, oktyabrın 3-dəki tvitlərdən sonra təəssüf ki, belə mübahisə və şübhələrə yer qalmır.

Yaşanan gərginliyin səbəbləri haqda yetərincə yazılıb, müxtəlif ehtimallar səsləndirlib.
İran mediasında getmiş yazıların ünvanlı monitorinqi, fikrimizcə, Tehranın mövcud gərginlikdə məqsədlərini və ola bilsin hadisələrin sonrakı inkişafını daha düzgün qiymətləndirməyə kömək edər.

Əvvələn, İran KİV-lərini nəzərdən keçirdiyimiz müddət ərzində(ötən ilin noyabrında şeir qalmaqalından bəri) bütün yazılar( o cümlədən Livan, Fələstin və Körfəz ölkələrinin İranın nəzarət edə bildiyi ərəbdilli nəşrlərində gedən yazılar) sanki bir şəxs yazırmış kimi ardıcıldır. Yazılarda eyni tezislər inkişaf etdirilir, sərtlik artan şkala ilə davam edir:

- Bu, yazılar üçün faktların və tezislərin vahid mərkəzdən yönləndirildiyini təsdiqləyir;

- Yazılarda Azərbaycan dövlətinin gənc olması, İranın tarixi torpaqların daxil olması, fiziki ölçülərinin kiçikliyi xüsusi ironiya edilir. Eyni müddəlar din xadimlərinin, dövlət rəsmilərinin, parlamentarilərin və hərbçilərin çıxışlarında təkrarlanır.

- İsrailin azad olunmuş torpaqların bərpa layihələrində iştirakının qarşısını almaq üçün təxribatlara gediləcəyi açıq şəkildə ifadə olunur, həm də bu mesajlar ilk olaraq nəzarət edilən ərəbdilli nəşrlərdə verilir. Məqsəd yəqin ki, ərəbdilli auditoriyanın dəstəyini təmin etməkdir;

- İran mediası Azərbaycan siyasətçiləri, o cümlədən Prezident barədə “ifşa” kampaniyası başladacağını anons edir;

- Azərbaycana qarşı informasiya müharibəsi İsrail və Türkiyəyə qarşı analoji müharibənin tərkib hissəsi kimi nəzərdən keçirilir. Bu o deməkdir ki, İran, məsələn, Suriyada Türkiyə və ya İsrail tərəfindən sıxışdırldığını hiss etdikdə əvəzini Azərbaycana təzyiqləri artırmaqla cavab verəcək.

Lakin ümumi maraqların koordinasiyasına rəğmən KİV-lər mənsub olduqları siyasi düşərgə və qurumlar arasında ziddiyyətlərdən yayına bilmir, “şimal sərhədləri ilə bağlı məsələyə” münasibətdə də ziddiyyətlər yetərincədir.

Nəşrlərə əsasən, İranın narahatlıqlarını belə sıralamaq olar:

İran Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığını özünün mühasirəyə alınması kimi izləyir. İran analitikləri Kabildəki rejimin varlığına Taliban tərəfindən son qoyulmasını Əfqansıtanın Pakistan və İngiltərənin nəzarətinə keçməsi kimi qiymətləndirirlər.İraqdakı uğursuzluqlardan, eləcə də Ərdoğan və Putin arasında aparılan danşıqlarda Suriya və Qafqazla bağlı Tehranın maraqları nəzərə alınmadan anlaşma əldə edilməsi ehtimalı olduğundan İran özünü həm Şimal(Azərbaycan), həm cənub(İraq, Bəhreyn, Qətər), həm Şərq (Əfqanıstan və Pakistan), həm də Qərbdən(Türkiyə) yeni hərbi ittifaqla(Pakistan-Türkiyə-Azərbaycan) əhatələnmiş hesab edir və bunu öz təhükəsizliyinə təhdid sayır. Yeni ittifaqın rəsmiləşməsi və ona İsrailin də qoşularaq “yeni SENTO” ortaya çıxma ehtimalı Tehranı xüsusən qıcıqlandırır;

Bu yaxınlarda İsrail ali rəsmi şəxslərinin Bəhreyndə görüşlər keçirməsi, “İbrahim anlaşmaları” adı verilmiş proses çərçivəsində Körfəz ölkələri ilə İsrail arasında yaxınlaşma, İsrailin İraq Kürdüstanında aktiv iştirakı və Azərbaycanla əlaqələri isə İranın İsrail tərəfindən mühasirəyə alınması kimi qiymətləndirilir;

Tanınmış amerikalı analitklər Brenda Şaffer və Pol Qoblun Azərbaycanla bağlı fəaliyyətləri isə demonizə olunaraq, İrana qarşı xüsusi təxribat kimi təqdim edilir;
Belə “geosoyasi mühasirə” kontekstində Zəngəzur(Sünik) İranın Şimala yeganə çıxışı kimi nəzərdən keçirilir;

İran Zəngəzur dəhlizinin açılmasını önləmək üçün hər cür təxribata getməyə hazırdır, “Cənubi Ermənistanı özünə birləşdirmək istəyəcəyi halda(söhbət Zəngəzur dəhlizinin açılmasından gedir) İran nəinki oranı, başqa əraziləri də azad edəcək” deyə Azərbaycan açıq şəkildə işğalla təhdid olunur;

Təl-Əvivlə Bakı arasında əməkdaşlıq İranın Azərbaycana qarşı ideoloji müharibəsinə legitimlik vermək üçün xüsusən qabardılır.Azərbaycan-İsrail əalqələrində Azərbaycandakı yəhudi əsilli vətəndaşların rolu haqda da qeydlər var. Bu arada sosial medianın Azərbaycandilli seqmentində Azərbaycan vətəndaşı olan yəhudilər əleyhinə müəyyən kampaniya aparılmasını təsadüfi hesab etmirik;

Azərbaycanın silahlanmanı davam etdirməsi, yeni dövrün müharibələrini aparma vərdişlərinə və texnologiyalarına yiyələnməsi ciddi təhdid kimi nəzərdən keçirilir. İddia edilir ki, bu qədər silahlanma “Ermənistana qarşı hədsiz çoxdur, İrana qarşı yetərsiz olması isə bəribaşdan başa salınmalıdır”. Yeri gəlmişkən “Radiofərda” (“Azadlıq” radiosunun fars redaksiyası) Azərbaycan və İranın hərbi qüvvələrinin müqayisəsini təqdim edib, bəzi sahələrdə Azərbaycanın nəinki geri qalmadığı, hətta daha üstün cəbbəxanaya malik olması nəzərə çarpır;

İran nəşrlərində gedən yazılarda yalnız İsrail deyil, Rusiya da hədəfə alınır. İranın bir rahatsızlığının da Azərbaycan-Türkiyə-Rusiya anlaşmalarından kənarda qalma qorxusu olması haqda ehtimal təsdiqlənir.

Dini liderin çevrəsinə yaxın nəşrlərdə açıq şəkildə manevrlərin hədəfinin Azərbaycanı cəzalandırmaq olduğu vurğulanır.

İran İslam İnqilabı Keşikçilərinə yaxın nəşrlərdə isə sərhədlərin pozulmazlığı, Ermənistanın ərazi bütövlüyünü qorumaq üçün hərbi müdaxiləyə belə gedilə biləcəyi qeyd olunur. Onu da deyək ki ki, Sepah-ın KİV-lərinin hədsiz aqressivliyi, özlərinin dövlət üstü qurum, yekəxana, kobud kimi aparmaları ikrah doğuracaq səviyyədədir.

İran prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin proqram rəhbəri Diako Hoseyni isə Tvitter hesabında təlimlərin yetərli olmadığını, Zəngəzura İran qoşunları yerdilməsinin zəruri olduğunu yazıb. Xatırladaq ki, ötən il dekabrında Diako Hoseyni İkinci Qarabağ müharibəsinin gedişində Ermənistanı açıq dəstəklənməməsinin yanlış olduğunu yazmışdı.

İranın Xarici İşlər Nazirliyinə (liberallara) yaxın nəşrlər Azərbaycan diplomatiyasının zəif tərəflərini öyrənməyə, Azərbaycanla İsrail, Türkiyə və Pakistan arasında təzadlı nöqtələri qabartmağa çalışır. Xüsusən, Pakistanı bu mümkün ittifaqdan uzaqlaşdırmaq üçün təşəbbüslərə ehtiyac olduğu vurğulanır. Türkiyədə hakimiyyət dəyişikliyi olacağı təqdirdə ittifaqın pozulacağına da ümid bəslənir. İsrailə gəlincə isə İbrahim analşmalaırndan sonra Azərbaycanla əməkdaşlığın bu ölkə üçün əhəmiyyətinin azalcağı proqnozlaşdırlır. Ermənistanın faktiki regional oyunçu kimi sıradan çıxdığı etiraf olunursa da, onun sıxışdırılmasının Fransa və ABŞ-da qıcıq yaratdığı deyilir. Bu təsbiti İran tərəfinin indi başlatdığı süni gərginliyin səbəbi kimi də oxumaq olar-İran Ermənistanın ərazi bütövlüyünü öz “qırmızı cizgisi” elan edərək süni gərginlik yaratmaqla məhz ABŞ və Fransanın(və ya bu ölkələrdəki güclü erməni lobbisinin) rəğbətini, dəstəyini qazanmağa ümid edir.

Belə ki, nüvə proqramı ətrafında danışıqlarda Tehranın əsas ilkin şərtlərindən biri də “etimadı bərpa etmək üçün” ABŞ-ın dondurulmuş İran hesablarından 10 milyard vəsaitin qaytarılması ilə bağlıdır. İranda dolların kəskin pisləşdiyi indiki vaxt bu vəsaitə ciddi ehtiyac var. Daxili müzakirələrdə iqtisadiyyatın dibə vurması, dolların ifrat bahalaşması ilə bağlı mövzular daha öndədir, Azərbaycanla süni gərginlik, müharibə haqda radikaların açıq çağırışları belə o mövzuları ikinci plana keçirməyə kifayət etmir. Ola bilsin ki, Bayden hökuməti üzərində təsir imkanları nəzərə alınaraq erməni diasporunun dondurulmuş maliyyə aktivlərinin qaytarılması üçün lobbiçilik edəcəyi güman olunur və ya belə anlaşma var. Hər halda yazılarda indiki baş nazir Nikol Paşinyanın “satqın” olması, “türk-sionist –Britaniya palnını” qəbul etməsi, amma Ermənistanın taleyinin həm də diaspordan asılı olması, “Paşinyan Cənubi Ermənistanın itksinə razı olsa da, İnqilab Keşikçilərinin Zəngəzuru erməni torpağı kimi qalması üçün döyüşməyə” hazır olmasının dönə-dönə vurğulanması təsadüfi deyil, görünür, bununla praqmatik İslam inqilabçıları “erməni xalqının satılmayan hissəsinə”(diaspor) xidmət göstərmək istədiklərini sübut etməyə çalışırlar. Hələ ötən il dekabrında Fransanın təşəbbüsü ilə Avropa İttifaqının Türkiyəyə sanksiya tətbiqinə çağırışı ilə sinxron olaraq, İran parlamentində bu barədə müzakirələr aparılmış, Tehran Qərblə münasibətləri düzəltmək üçün Türkiyə və Azərbaycan əleyhinə Qərbdən gələn təşəbbüslərə qoşula biləcəklərini nümayiş etdirmişdilər.

Xatırladaq ki, ABŞ-da Demokrat Partiyasının əvvəlki hakimiyyəti(Barak Obama iqtidarı ) dövründə də ABŞ-İran münasibətlərində yumşalma müşahidə olunmuş, İran maliyyə aktivlərinin bir hissəsi üzərindən sanksiyalar götürlümüş, embarqo isə yumşaldılmışdı. O zaman da İranın Rusiyadan uzaqlaşması tendensiyası, eyni zamanda Azərbaycanla münasibətlərdə müəyyən gərginliklər qeydə alındı(Rusiya təyyarələrin alınmasından imtina, Nardaran hadisələri, Xudafərin körpüsü ərtafında tikiləcək su dəryaçası ilə bağlı anlaşılmazlıqlar və s.). Görünür, İran Qərblə münasibətlərdə yumşalmaları Cənubi Qafqaz və Mərkəzi Asiyadan digər oyunçuları-Rusiya, Türkiyə, İsrail və Pakistanı sıxışdırmaq üçün fürsət kimi dəyərləndirir.

Bu məsələdə mühafizəkar klerikallarla liberellar arasında hər hansı fərq yoxdur. Məsələn, mühafizəkar-klerikal baxışları ilə tanınan aparıcı nəşrlərdən biri İranın xarici siyasətinin həmişə praqmatizmi ilə seçildiyi, etnik, dini, tarixi yaxınlığın öz siyasətini müəyyənləşdirməyə əngəl olmadığını yazır.

Yuxarıda qeyd etdiyimiz liberal nəşr İran diplomatiyasının İkinci Qarabağ müharibəsini və yeni gərginlikləri proqnozlaşdıra bilmədiyi üçün də tənqid edir. İran azərbaycanlıları arasında türk identifikasiyanın yüksəlməsi təhlükəsi haqda xəbərdarlıq edən nəşr bununla yanaşı hələ 20-ci əsrin əvvəllərində Cənubi Qafqazda yaşanmış erməni-müsəlman qarşıdurmasının İrana sıçramasının qarşısının Müzəfərəddin şah və Təbrizin şiə ruhaniləri tərəfindən alındığını xatırladır. Cənubi Azərbaycan mövzusunun Azərbaycan Respublikası mediasından daha çox Türkiyə mediasında gündəliyə gətirilməsi, Britnaiya KİV-lərindən birində ərazi mübadiləsi(Xankəndi və ətrafının qarşılığında Zəngəzur dəhlizi) müzakirə olunmasına xüsusi diqqət ayrılır.

Maraqlıdır ki, İran Qərblə yanaşı Səudiyyə Ərəbistanı ilə də gərginliyi azaltmaq üçün danışıqlar aparır. Cənubi Qafqaz bu danışıqların birbaşa mövzusu olmasa da, onun nəticələri antiTürkiyə və anti-Azərbaycan cəbhəsində Tehranın əlini müəyyən qədər gücləndirir.

Bəs, etnik, dini, tarixi yaxınlığı göz ardı edən, yeri gələndə erməni lobbisinin kömək naminə din qardaşlarına qarşı bu qədər "praqmatik oyunlar”, anti-Azərbaycan kampaniyalar birbaşa dini liderin öz çevrəsindən gəlirsə, onun Azərbaycan dindarları üzərində hər hansı mənəvi haqqı qalırmı? Bu, tamamilə ayrı müzakirə mövzusudur, indiki gərginliklərdən yazılar hazırlanarkən dinlə bağlı gəzişmələr edilməsi, din dəllalı “praqmatik oyunçuların” etdikləri qədər təhlükəli və yersizdir.

Cəmaləddin Quliyev
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top