Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin müzakirə etdikləri məsələlər açıqlandı — YENİLƏNİB

XARİCİ SİYASƏT 05 okt 2021, 16:49
Oktyabrın 5-də Gürcüstanın Kaxeti bölgəsində Azərbaycan, Gürcüstan və Türkiyə nüdafiə nazirlərinin birgə mətbuat konfransı keçirilib.

Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze mətbuata bəyanatla çıxış ediblər.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Z.Həsənov ölkələrimizin və xalqlarımızın mehriban qonşuluq və yaxın dostluq münasibətlərinin önəminə toxunub.

Gürcüstanda keçirilən üçtərəfli görüşün ölkələrimiz arasında strateji səviyyəli dialoqun bariz nümunəsi olduğunu qeyd edən nazir, birgə təlimlərin üçtərəfli fəaliyyətlərimizin yeni mərhələyə keçməsinə zəmin yaradacağını və nəticədə regional təhlükəsizliyə öz töhfəsini verəcəyini bildirib.

Gürcüstanın müdafiə naziri cənab C.Burçuladze  keçirilən görüşün əhəmiyyətini vurğulayaraq, bu ölkənin üçtərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirdiyini qeyd edib.

Türkiyənin milli müdafiə naziri cənab H.Akar ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib.

Konfransda dövlətlərimiz arasındakı səmimi münasibətlərin və müdafiə sahəsi üzrə üçtərəfli əməkdaşlığın regionda sülh və əmin-amanlığın təminatçısı və nümunəvi tərəfdaşlıq olduğu qeyd edilib.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

***13:48

Oktyabrın 5-də Gürcüstanın Kaxeti bölgəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli formatda görüş keçirilib.


Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər.

Qarşılıqlı etimada əsaslanan bu strateji tərəfdaşlıq platformasının bölgədə sülhün və sabitliyin, davamlı inkişafın, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımından mühüm rol oynadığı xüsusi vurğulanıb.

Tərəflər, həmçinin üçtərəfli hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

Sonda danışıqların yekununa dair protokol imzalanıb.

X X X

Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri – general-polkovnik Zakir Həsənov, Hulusi Akar və Cuanşer Burçuladze arasında üçtərəfli görüş başa çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, sonda görüşün protokolu imzalanıb.

Nazirlərin mətbuata birgə açıqlama ilə çıxış edəcəkləri gözlənilir.

***12:40

Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri – general-polkovnik Zakir Həsənov, Hulusi Akar və Cuanşer Burçuladze arasında üçtərəfli görüş başlayıb.


“Report”un yerli bürosu xəbər verir ki, görüş Gürcüstanın Kaxeti bölgəsində Tsinandali kəndində keçirilir.

Tərəflər üç ölkə arasında müdafiə sahəsində əməkdaşlığın gələcək perspektivlərini və bölgədəki vəziyyəti müzakirə edirlər.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top