İranın dini nümayəndəsi Azərbaycandan çıxarılmalıdır — SƏRT AÇIQLAMA

GÜNDƏM 02 okt 2021, 14:13
“Uzun müddətdir ki, İran Azərbaycana olan siyasi qısqanclığını bu və ya digər formada həyata keçirir. Bunların hətta gizli qərarında belə, bu məsələ təəssüf ki, öz əksini tapıb və həmin qərarda göstərilir ki, Azərbaycan Respublikasının mövcudluğu İran üçün çox ciddi problemdir. İkinci bir istiqamətdə isə göstərilir ki, İran Azərbaycan Respublikası ilə Türkiyənin əlaqəsi olmaması üçün çalışır. Məhz Zəngəzur dəhlizinin gecikməsi də bu məsələdə gizlənirmiş. Cənab Prezident də bir neçə gün bundan əvvəl Anadolu Agentliyinə verdiyi müsahibədə İranın yürütdüyü siyasətin dost siyasəti olmadığını, Azərbaycana qarşı təhdid siyasəti olduğunu gündəmə gətirdi. Məhz bundan sonra İranın daha da fəallaşması gündəmə gəldi və Azərbaycandakı maşaları işə düşdü”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında İstiqlalçı millət vəkili, siyasi elmlər doktoru Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, İran hətta bu istiqamətdə çoxsaylı işlər də görüb:

“Xüsusilə də, İran şiə pərdəsi və bayrağı altında bu məsələləri həyata keçirib. Çox təəssüf ki, onlar da ermənilər kimi, bu təbliğatda xanımlardan istifadə edir, onları önə çəkərək onların arxasında gizlənməyə çalışırlar.

Fikir verin, dünyanın heç bir yerində başqa bir dövlətin başqa bir dövlətdə dini nümayəndəliyi yoxdur. Ancaq İranın Azərbaycanda dini nümayəndəliyi var. Ona görə də, ilkin olaraq Dövlət Təhlükəsizlik Xidməti (DTX) İranın Azərbaycandakı dini nümayəndəsi Ocaq Necatı buradan çıxarmalıdır. O adamın Azərbaycanda işi olmamalıdır.

İkincisi, bizim Dini Qurumlar üzrə Dövlət Komitəmiz var. Bu komitə də bu istiqamətdə fəaliyyətini gücləndirməlidir. Ola bilər ki, Dövlət Təhlükəsizlik Xidməti bu işi təkbaşına çatdıra bilməsin, çünki İran 30 il ərzində burada sürətli şəkildə öz şəbəkəsini qurub. Düzdür, DTX bu istiqamətdə kifayət qədər müsbət işlər görüb, amma nəzərə alaq ki, İranın buradakı şəbəkəsi tamamilə açılmayıb. Ona görə, onlar da fəaliyyətini gücləndirməlidir.

Üçüncüsü, bizim Qafqaz Müsəlmanlar İdarəsi kimi dini fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatlarımız var və dövlət onlara vəsait ayırır. Onlar xaricdən maliyyələşmir, Azərbaycan dövləti onları maliyyələşdirir. Onların fəaliyyəti də gücləndirilməlidir. Həmçinin, Azərbaycanda İlahiyyat İnsitutu var ki, onlar da fəaliyyətini artırmalıdır. Bizim savadlı din xadimlərimiz də bu məsələləri açıb göstərməlidirlər ki, hər kəs İranın yürütdüyü siyasətin İslam adət-ənənələrinə uyğun gəlmədiyini görsün”.

“Bu azmış kimi, İran Azərbaycanla sərhəddə başlatdığı hərbi təlimlərin birinə “Xeybər fatehləri” adını verib, həmin tarixi hadisəni gündəmə gətirir. Halbuki, bu yanaşmanın özü çox təhlükəli tendensiyadır. Çünki Xeybər o yer olub ki, orada yəhudilər yaşayıb və Məhəmməd Peyğəmbər hicrətin 7-ci ilində Xeybər döyüşündə məhz yəhudilərə qalib gəlib. İran da “Xeybər fatehləri” adlı təlimlərlə, guya, yəhudilərə ismarıc verir. Görün, bunlar Cənubi Azərbaycanın şimalında bu təlimi keçirməklə, həmin o sərhədləri Xeybər qapıları kimi təqdim edirlər. Yəni, bizi müsəlmanlar kimi yox, yəhudilər kimi görür, sərhədlərimizi də dostluq sərhədi yox, Xeybər qapısı kimi görürülər.

Ona görə də, deyirlər ki, İran qonşu ölkələrdə sionizmin ayaq açmasına yol verməyəcək. Yaxşı, bunlar sionizmə yol vermirlərsə, İran parlamentində nə üçün yəhudi deputatlar var? Niyə İranda bütün qiymətli daş-qaş ticarəti ilə yəhudilər və ermənilər məşğul olurlar? İran yəhudiləri sevmirsə, İranda niyə 1 milyona qədər yəhudi yaşayır? Çünki İran üzdə bir cür danışır, arxada başqa cür hərəkət edir və bu, təəssüf ki, hər zaman belə olub.”- deyə, Nuriyev vurğulayıb.
Onun sözlərinə görə, yerli mətbuat bu istiqamətdə ciddi işlər görsə də, İranşünas, Şərqşünas ekspertlər də İranın tarixini açmalıdırlar ki, İranı 1300 ildir türklərin ayaqda saxladığını hər kəs bilsin:

“Çünki İranı bir dövlət kimi biz avşarlar, qacarlar və digər türk xalqları ayaqda saxlayıb. Eyni zamanda, İranı yerində oturtmaqdan ötrü, biz kifayət qədər fəal olmalıyıq. Yəni, bu məsələləri diqqətdən kənarda qoymaq olmaz. Ona görə də, mən media və mətbuata da minnətdaram ki, bu məsələlərdən geri çəkilmirlər. Çünki bu dövlət hamımızındır və hamımız bu işdə bir olmalıyıq. Bu, hər bir Azərbaycan vətəndaşının borucudur ki, Azərbaycanın siyasi, dini, və hüquqi müstəqilliyini qoruyub, saxlasın”.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top