YAP Xətai rayon təşkilatında qazilərlə gənclərin görüşü keçirildi — FOTO

SOSİAL 02 okt 2021, 10:28
Oktyabrın 1-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında qazilər - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Mirzəyev və  Xətai Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədovla YAP gənclərinin görüşü təşkil olundu.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirdi ki, bu görüş böyük məna və əhəmiyyət kəsb edir: “Bu zalda çoxsaylı tədbirlər keçirilib. Lakin bu görüş öz mahiyyətinə və dəyərinə görə ən yaddaqalan, tarixi tədbirlərdəndir. 44 günlük Vətən müharibəsində Azərbaycan Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun döyüş meydanında göstərdiyi şücaət və qəhrəmanlıq nəticəsində parlaq Qələbə qazandı. Əlbəttə, bu Qələbə asan əldə edilmədi. Yüzlərlə şəhid verdik. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirəm. Hesab edirəm ki, Azərbaycan öz qəhrəmanlıq salnaməsinin ən unudulmaz tarixini yazdı. Bu tarixi yazan Müzəffər Ali Baş Komandan, cənab Prezidentimiz başda olmaqla Azərbaycan Ordusunun hər bir əsgəri və zabiti oldu.»

Görüşdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyev bildirdi ki, “XXI əsr müharibəsi” adlandırılan İkinci Qarabağ  müharibəsində nə qədər müasir silahlardan, yüksək texnologiyalardan istifadə olunsa da bu gün qürurla qeyd etdiyimiz Qələbəni Azərbaycanın mərd, cəsur, qorxmaz oğullarının sayəsində qazanmışıq.

Qazi A. Mirzəyev ən ağır döyüşlərin getdiyi anda belə əsgərlərin, şəxsi heyətin yüksək əhval-ruhiyyəsinin, döyüş əzminin qətiyyən zəifləmədiyini, əksinə hər çətin ərazi relyefinə malik rayonlarımızın düşmən tapdağından azad olunduğu günlərdə onların daha çox sevindiyini, keçirdikləri hisslərin sözlərlə ifadə edilməsinin mümkünsüzlüyünü  dilə gətirdi: “27 sentyabr Azərbaycanın hərb tarixinin şanlı səhifəsinə qızıl hərflərlə yazılan gündür. Məhz o gündə xalqımız, Silahlı Qüvvələrimiz həmrəylik göstərərək möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında sıx birləşərək düşmənin növbəti təxribatının qarşısını almaq üçün 44 günlük Vətən müharibəsinə qalxdı. Biz hərbçilər Azərbaycan Silahlı Qüvvələrinə ilk qədəmlərimizi qoyan andan Vətənim Azərbaycana və onun xalqına sadiq olacağımıza and içmişik... Azərbaycanın mənafeyini, suverenliyini, ərazi bütövlüyünü qoruyacağımıza and içmişik. Əlbəttə, bununla yanaşı, bir azərbaycanlı kimi, bu savaş həm də bizim Vətənə qeyrət, namus borcumuz idi. Biz haqq savaşçısı idik. Biz öz sərhədlərimiz çərçivəsində, ata-baba torpaqlarımızı işğaldan azad etmək üçün döyüşürdük. Biz bilirdik ki, hərbi qulluqçular olaraq gec-tez bu tapşırığın öhdəsindən gəlməliyik. Elə ona görə də Zəfər qazandıq».

Qarabağ qazisi Anar Məmmədov da çıxış edərək o günləri bir daha yada saldı: “Mən 2020-ci ilin 26 sentyabrında “N” saylı hərbi hissəyə yollananda artıq hər şeyi göz önünə almışdım. Müharibədən bir ay öncə də müsahibəmdə demişdim ki, baxmayaraq sağlamlığımı itirmişəm, yaralı olmuşam, o savaşda iştirak etmək mənim borcumdur.  Sentyabrın 27-də əks-hücum əməliyyatları başlayanda olduğum hərbi hissənin ərazisini yaxşı bildiyim üçün artıq ayın 28-də döyüşə qatıldım. Döyüşlər başlanan gündən inanırdım ki, biz sona qədər gedəcəyik. Allah nəsib etdi ki, biz bir millət kimi o Zəfər sevincini yaşadıq və ərazi itkisi ləkəsini öz üzərimizdən sildik. İtirilmiş 20 faiz torpaqlarımız öz tarixi sahibinə qayıtdı. Qələbəni təmin etdik.»
Anar Məmmədov, həmçinin döyüşlərdə baş verən hadisələri, əsgərlərin yaralansalar belə savaş meydanını tərk etmədiklərini qeyd edərək bu igidlik salnaməsinin hər gəncə örnək olduğunu bildirdi.

Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirdi ki, Azərbaycanın tarixi Zəfəri ulu öndər Heydər Əliyev siyasətinin təntənəsidir: “Ötən illər ərzində Azərbaycan gücləndi, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı, nəticədə 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüz bərpa olundu ”.

Atatürk Universitetinin IV kurs tələbəsi Ruslan Qasımov və gənclərdən Fərid Şərifov da çıxış edərək şəhidlərimizin və hərbçilərimizin həyat yolunun vətənpərvərlik məktəbi olduğunu və bu məktəbdən hər zaman bəhrələnəcəklərini bildirdilər.

Görüşün sonunda qazilərə hədiyyə təqdim edildi və xatirə şəkili çəkildi.




SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top