"Fotoqraflar müharibədə iştirak edən döyüşçülər qədər əhəmiyyətli işlər görüblər" — Əvəz Zeynallı

SOSİAL 01 okt 2021, 12:56
Heydər Əliyev Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Medianın İnkişafı Agentliyi (MEDİA), Media Təhlil Mərkəzi (MTM) və Azərbaycan Fotoqraflar Birliyinin (AFB) təşkilatçılığı ilə “Vətən müharibəsi - qələbənin simaları” adlı fotomüsabiqə başlayır. 

Müsabiqənin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad olunması zamanı yaşanmış hadisələri, zabit və əsgərlərimizin döyüş tapşırıqlarını yerinə yetirərkən qəhrəmanlıqlarını fotolar vasitəsilə geniş ictimaiyyətə bir daha çatdırmaqdır. 

Müsabiqəyə təqdim olunan fotolar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqə ilə bağlı Demokrat.az-a açıqlama verən Xural TV-nin rəhbəri Əvəz Zeynallı bildirib ki, fotoqrafların Vətən müharibəsində gördükləri işin işıqlandırılması baxımından bu təşəbbüsün həyata keçirilməsi vacibdir:

“Vətən müharibəsində iştirak edən, əziyyət çəkən hər kəsin əməyi yüksək qiymətləndirilməlidir. Yük daşıyan TIR, taksi sürücülərindən tutmuş müharibədən hərhansı formada iştirak edən hər kəs diqqətdə olmalıdır, o cümlədən fotoqraflar. Fotoqraflar müharibənin aktiv fazasında iştirak edən döyüşçülər qədər əhəmiyyətli işlər görüblər. Biz müharibənin detallarını onların fotoları vasitəsilə görürük. Onlar tarixin ən vacib anlarını bizə çatdırdılar və gələcək üçün xatirə qoydular. Müharibə, döyüşlər bitir, amma həmin fotolar bizə çox şey deyir. Müharibə dövründə yayılan fotolar arasında “danışan şəkillər”, hərbçilərimizin keçdiyi yolu əks etdirən fotolar vardı. Bundan başqa, başqa ölkələrdən gələn, əslən azərbaycanlı fotoqraflar da böyük işlər gördülər. Bu baxımdan, belə müsabiqənin keçirilməsi təqdirəlayiqdir. Fotoqrafların əməyi xüsusi qiymətləndirilməlidir və belə təşəbbüsün olması sevindiricidir. Müharibədə iş başında olan, hadisələri işıqlandıran fotoqraflar üçün belə müsabiqələrin keçirilməsi vacib idi. Sevindiricidir ki, fotoqraflar diqqətdən kənarda qalmadı”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top