Ürəktutmasından vəfat edən JURNALİSTLƏR

MEDİA 29 sen 2021, 11:23
Qəfil ürəktutması… Son vaxtlar bu sözü tez-tez eşidirik. Müşahidələr onu deməyə əsas verir ki, qəfil ürəktutmasından ölüm xeyli cavanlaşıb. İndi hətta 25 yaşlı gənclərin belə, qurban olduğunu demək olar.

Rəsmi statistikaya görə, Azərbaycanda hər il 40 mindən çox adam ürək qan-damar xəstəliklərindən ölür. Təkcə ötən il 41228 nəfər (20277 qadın və 20951 kişi) ürək qan-damar xstəliklərinin qurbanı olub.

Son zamanlar qəfil ürəktutmasından ölümünə sarsıldığımız şəxslər sırasında jurnalistlər də az deyil. Dünyasını dəyişən qələm sahibləri arasında xüsusilə gənc yaşlarında vəfat edənlərin, həyatdan erkən köçənlərin olması təəssüf doğurur.

Elə son bir həftədə 3 həmkarımız qəfil ürəktutmasının qurbanı olub.

Sentyabrın 20-də rusdilli Caliber.az saytının əməkdaşı Zaur Mehdiyevin 31 yaşında həyata əlvida deməsi onu tanıyan hər kəs üçün ağır sarsıntı oldu.

Sentyabrın 25-də "Bu gün" qəzetinin kommersiya direktoru Nizami İsmayılovun da ürəyi gənc yaşında qəfil dayanıb. Hadisədən iki gün öncə doğulduğu Laçın rayonunun Dəhyan kəndinə gedib-gələn Nizami İsmayılov dədə-baba yurdunun işğaldan azad olunmasına doyunca sevinə bilmədi.

İki gün sonra - sentyabrın 27-də “De Media” internet platformasının fotoreportyoru Elgün Qasımzadə 25 yaşında dünyanısını dəyişdi. Yenə qəfil ürəktutması…

Modern.az saytı son üç hadisədən əvvəl qəfil ürəktutmasından dünyasını dəyişən digər jurnalistlərin də siyahısını təqdim edir.

Mərhum jurnalist, tanınmış publisist Hüseyn Əfəndi yəqin ki, həmkarlarının xatirindədir. Onun  ömürünün yarıda kəsilməsinə ürək xəstəliyi səbəb olmuşdu. Hüseyn Əfəndi 2005-ci ilin 22 dekabrında vəfat edib.
50 yaşında həyatla vidalaşan Hüseyn Əfəndi “Xalq qəzeti”ndə, “Gənclik” jurnalında, “Ulus” və “Şans” qəzetlərində müxtəlif vəzifələrdə çalışıb.

Türkiyənin “İhlas” xəbər agentliyinin (İHA) Azərbaycan bürosunun rəhbəri, gənc jurnalist Müşfiq Nadir 17 may 2011-ci ildə dünyasını dəyişib. İstanbuldakı xəstəxanalardan birində ürək əməliyyatı keçirən gənc jurnalistin həyatını xilas etmək mümkün olmayıb.

2011-ci il avqustun 10-da “Həftə içi” qəzetinin redaktoru Ceyhun Nağı evdən çıxarkən halı pisləşib. Onu 6 saylı xəstəxanaya aparıblar. Ancaq gənc həmkarımızın həyatını xilas etmək mümkün olmayıb. 39 yaşlı jurnalistin ölümünə səbəb ürək çatışmazlığı olub.

2016-cı ildə “Lider” TV-nin müxbiri İlqar Qulusoy axşam saatlarında dostları ilə “Azərbaycan” nəşriyyatının həyətindəki meydançada futbol oynayarkən qəfildən yıxılıb. Dostları nə baş verdiyini anlayana qədər o, dünyasını dəyişib.  İlqar Qulusoy ürəktutmasından vəfat etmişdi.

2017-ci ilin noyabrında tanınmış jurnalist, APA TV-nin əməkdaşı Natiq Qədimov ailə üzvlərinin əhatəsində - süfrə başında ürəktutmasından vəfat edib. Onun 41 yaşı vardı.

23 Yanvar 2018-ci il - "Vesti.az” saytının müxbiri Nicat Məlikov mağazaya gedərkən ürəyi tutub və elə küçədəcə keçinib. Həmkarımız 39 yaşında dünyadan köçdü.

2018-cil fevralın 12-də 39 yaşlı jurnalist Kamran İsrafilov qəfildən dünyasını dəyişib. K.İsrafilov səhər saatlarında işə gedərkən halı pisləşərək, yerə yıxılıb. Yaxınlarının səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. O, İctimai Televiziyada uşaq və digər verilişlərdə aparıcı olub.

11 yanvar 2019-cu il - “Cümhuriyət” qəzetinin əməkdaşı Məzahir Aşırov dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, Məzahir Aşırov ürəktutmadan vəfat edib. Mərhum 60 yaşında idi.
29 iyul 2021-ci il tarxində yazıçı-jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü Rafiq Hacıyev 67 yaşında ürək tutmasından dünyasını dəyişib. O, “Xalq qəzeti”, “Səhər”,
"Azərbaycan", "Həyat", "Odlar Yurdu" qəzetlərində, AZƏRTAC-da çalışmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top