"Rusiyalı sülhməramlılar ya qanun çərçivəsində fəaliyyət göstərəcək, ya da Azərbaycanı tərk etməli olacaq"

GÜNDƏM 22 sen 2021, 16:37
“Rusiya, İran və Ermənistan Azərbaycanın bu səviyyədə güclü dövlətlər tərəfindən dəstəklənməsini istəmirlər. Rusiya və İran regiona digər qlobal güclərin müdaxilə etməsini istəmir. Bu müdaxilələr davam etdikcə və Azərbaycanın mövqeləri gücləndikcə, həmin dövlətlər geosiyasi maraqlarını həyata keçirə bilmirlər”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri bildirib.

Onun fikrincə, Azərbaycanın Türkiyə və Pakistanla təlimlərinin regionun bəzi dövlətlərini narahat etməsi boşuna deyil:



“44 günlük Vətən müharibəsindən sonra regiondan tam yeni situasiya yaranıb. Bu vəziyyətdə aparıcı ölkələr Türkiyə və Azərbaycandır. Bu iki dövlət regional əməkdaşlıq platforması çərçivəsində konkret layihə ilə sürüb. Bu layihə region dövlətlərinin geosiyasi maraqlarına uyğundur. Təəssüf ki, hələ də İran və Rusiya Ermənistanı və separatçı rejimi dəstəkləməyə davam edir. Bunun müqabilində Azərbaycan da artıq daha qətiyyətli addımlar atmağa başlayıb. Bu addımlardan biri dost ölkələrlə təlimlərin keçirilməsidirsə, digəri Gorus-Qafan yolunda postların qurulmasıdır. Bundan sonra hətta perspektivdə Laçın dəhlizinin də tərəfimizdən bağlanması gündəmə gəlir. Bu, təbii olaraq İran və Rusiyanı narahat etməyə başlayıb. Artıq İran yük maşınları Azərbaycana rüsum verməyə məcburdur. İranın Ermənistana, separatçı rejimə silah daşıması ilə bağlı məlumatlar vardı. Azərbaycan heç bir halda buna icazə verə bilməzdi. Bundan sonra bütün proseslərin beynəlxalq hüquq çərçivəsində davam etdirilməsini diqtə edən Azərbaycanın bu davranışı, əlbəttə, qonşu İranın xoşuna gəlmir” 

Politoloq bildirib ki, keçirilən birgə təlimlər Azərbaycana olan təzyiqlərin neytrallaşdırılması üçün əhəmiyyətlidir:

“Azərbaycanla sərhəddə İran da hərbi təlimlərə başladı. Aydındır ki, bu, güc nümayişidir. Çünki təlimlər Gorus-Qafan yolunun bağlanmasından sonra başladı. İran istəyir ki, qanunsuz addımlarını davam etdirsin, təyinatı məlum olmayan yüklərin daşınmasını rahatlıqla həyata keçirə bilsin. Əvvəllər bu, mümkün idisə, artıq mümkün deyil. Azərbaycan regionda qalib ölkədir və sərhədləri müəyyənləşdikdən sonra bütün proseslər beynəlxalq hüquqa uyğun olaraq həyata keçirilir. Bu, indiki zamanda nə Rusiyaya, nə də İrana sərf edir. Ancaq bu, onların problemidir. Rusiya və İranın reaksiyası Azərbaycanın mövqeyini dəyişdirə bilməz. Artıq bundan sonra əvvəlki kimi olmayacaq, hər şey qanunla tənzimlənəcək, o cümlədən rusiyalı sülhməramlıların fəaliyyəti. Rusiyalı sülhməramlılar ya Qarabağda qanun çərçivəsində fəaliyyət göstərəcək, ya da qanun çərçivəsində Azərbaycanı tərk etmək məcburiyyətində qalacaq. Həmçinin, İran da beynəlxalq hüquq çərçivəsində ticarətini davam etdirmək istəyirsə, Azərbaycan dövlətinin qanunlarına əməl etməlidir. Əks halda, bu ticarət əlaqələri Azərbaycan tərəfindən bloklanacaq. Hər şey Azərbaycanın nəzarətində baş verir. Bu ölkələr sözügedən istiqamətdə doğru qərar versələr, Azərbaycan və Türkiyə ilə münasibətlərin gərgin müstəviyə daşınmamasına nail ola bilərlər. Digər hal münasibətlərin korlanmasına gətirib çıxaracaq ki, bu da indiki vəziyyətdə nə Rusiyanın, nə də İranın geosiyasi maraqlarına qətiyyən xidmət etmir”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top