“Gorus-Qafan yolundan gömrük rüsumu tələb etməyimiz beynəlxalq qanunlara uyğundur” — Deputat

GÜNDƏM 18 sen 2021, 11:28
“Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsindən gömrük rüsumu tələb etməyimiz beynəlxalq qanunlara uyğundur. Sadəcə, İran indiyədək bu yoldan separatçı rejimə dəstək vermək məqsədilə istifadə edirdi. İşğal dövründə də Qarabağın işğal altında olan yaşayış məskənlərinin, tarixi və dini abidələrimizin sökülüb dağıdılmasında İranın rolu kifayət qədər böyük olub. Bu, artıq heç kim üçün sirr deyil. İran sivil normaları gözləmədən dağıntı işlərində yaxından iştirak edib. Sökülmüş binaların tikinti materialları da məhz İrana daşınıb”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.

Ermənistanın İran-Ermənistan yolunun Azərbaycan ərazisindən keçən hissəsinə alternativ yol çəkmək istəyinə münasibət bildirən deputat bunun çətin proses olduğunu vurğulayıb:

“Artıq yeni geosiyasi reallıqlar yaranıb və Azərbaycan öz hüquqlarına sahib çıxır. Azərbaycan Gorus-Qafan yolunda postlarını qurub, gömrük rüsumu tələb edir. Bu, İran tərəfini qane etmir, onlar qanunsuz fəaliyyətlərini davam etdirmək niyyətindədir. Buna görə də, artıq alternativ yolların çəkilməsi ilə bağlı iddiaların şahidi oluruq. Gorus-Qafan yoluna alternativ yolun tikintisi kifayət qədər maliyyə vəsaiti tələb edən addımdır. Relyef və infrastruktur baxımından da yolun tez bir zamanda tikilib başa çatdırılması o qədər də asan görünmür. Üstəlik, qarşıdan qış aylarının gəldiyini nəzərə alsaq, alternativ yolun tikintisi olduqca mürəkkəb proses olacaq. Bir sözlə, Ermənistan hələ də Azərbaycan ərazisindən keçən yoldan istifadə etməyə məcburdur. 
Ermənistan öz ərazisində yol çəkmək səlahiyyətindədir. Biz buna hansısa bir formada tələb qoya bilmərik. Ermənistanın alternativ yol çəkib-çəkməməsi öz işidir. Lakin mövcud və ya alternativ yol olmasından asılı olmayaraq, xarici dövlətə məxsus nəqliyyatın Azərbaycan suveren ərazilərinə girişi beynəlxalq qanunlara uyğun olmalıdır. İran anlamalıdır ki, hansı yolla olur-olsun, yüklər Qarabağ ərazisinə keçirsə, Azərbaycanın hüquqları və mövqeyi dəyişməzdir”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top