Xətai rayonundakı 235 saylı uşaq bağçasında balacaların bilik sevinci — FOTOLAR

SOSİAL 15 sen 2021, 11:35
Sentyabrın 15-də Xətai rayonundakı 235 nömrəli xüsusi təyinatlı körpələr evi-uşaq bağçasında “Bilik gününüz mübarək!” adlı tədbir keçirilib.

Demokrat.az xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən bağçanın müdiri Vəfa Məmmədova Vətən müharibəsində qazanılan nəticələrin insanlarımızda yaratdığı ruh yüksəkliyi barədə danışaraq deyib: “Bu gün hər birimiz fəxr edirik ki, qalib ölkənin vətəndaşıyıq. Hamımız bu şərəfli tarixin şahidi olduğumuz, eləcə də uşaqlarımızın bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaqları üçün çox xoşbəxtik. Bu Zəfərə görə dövlətimizin başçısına və güclü Azərbaycan Ordusuna minnətdarıq”.

Çıxışını “Bilik günü”nün məzmunu haqqında ətraflı məlumatlarla davam edən Vəfa Məmmədova qeyd edib ki, yeni tədris ili bağçanın kollektivi tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. “Uşaqlar xalqın gələcəyi, hər bir evin sevinci və ümid çırağıdır”, - deyən bağça müdiri burada yaradılan şərait barədə danışaraq, müəssisədə uşaqların tam şəkildə sağlam həyatını təmin etmək, onların bilikli və tərbiyəli şəxsiyyət kimi böyüməsini üçün bütün imkanların olduğunu bildirib. Müəllimlərin öz işlərini sevə-sevə və həvəslə yerinə yetirdiyini vurğulayan Vəfa Məmmədova uşaq bağçasında yaradılan mühiti xatırladıb: “Bunun nəticəsidir ki, uşaqların müəllimlərə sevgisi məhz bütün kollektivə məxsusdur. Çünki hamı birlikdə yeganə məqsəd uğrunda çalışır və hər bir işdə bir-birinə yaxından kömək edir”.

Bağçanın müəllimləri Vəfa Yusubova, İradə Məmmədova çıxışlarında mehriban, səmimi, tələbkar kollektivin əməyi nəticəsində yetişən bilikli, dünyagörüşlü və tərbiyəli fidanlarla uğurlu gələcəyə addımlaya biləcəklərinə əminliklərini ifadə ediblər. Onlar vurğulayıblar ki, uşaqların sağlam, firavan yaşaması və təhsilli böyümələri yalnız valideynlərin deyil, həm də dövlətin əsas vəzifələrindən biridir.

Sonda uşaqların ifasında rəngarəng bayram proqramı təqdim olunub. Onlar şeirlər söyləyib, mahnılar oxuyub, rəqs nömrələri nümayiş etdiriblər.

Balaca istedadların təqdim etdikləri ədəbi-bədii kompozisiya alqışlarla qarşılanıb.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top