“Anlamıram, adamların ağlı çatmır, yoxsa...” — Arif Əliyev

MEDİA 14 sen 2021, 23:38
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin Yenisabah.az-a müsahibəsi:

- Tanınmışların ölüm xəbərləri insanları niyə bu qədər maraqlandırır?

- KİV-də həmişə tanınmış şəxslərin səhhəti və ölümü ilə bağlı mövzulara maraq böyük olub. İndi də bu belədir. Avropa ilə müqayisə etmək istəməzdim. Məsələn, fransız kino aktyoru Belmondo bu yaxınlarda vəfat etdi. Onun ölümü ilə bağlı günlərlə müzakirələr oldu. Ondan öncə incəsənət insanlarının ölümləri ilə bağlı aylarla, günlərlə müzakirələr gedib. Bu xarici mətbuatda da belədir. Marağın özü başadüşüləndir. Həmin xəbərlərin oxunma sayına baxsaq, aydın şəkildə bunu görə bilərik.

- Bəs mediamız saxta ölüm xəbərlərini yaymaqda niyə bu qədər həvəslidir?

- Sadəcə bir çox sahələrdə olduğu kimi, bu məsələyə də həddən artıq kobud, qeyri-peşəkar yanaşırlar. Əvvəla, jurnalistlər bilməlidirlər ki, istənilən faktı dəqiqləşdirmədən, yoxlamadan yaymaq olmaz. Bu ümumi qaydadır, bunu hər kəs bilməlidir. Xüsusən xəbər hər hansı bir şəxsin səhhətinə və yaxud onun həyatdan köçməsinə aiddirsə, bu heç olmasa 2 dəfə yoxlanılmalıdır. Azərbaycan mediasında, təəssüf ki, bir-birini qabaqlamaq üçün bu  qayda “yaddan çıxır”. Anlamıram, adamların ağlı çatmır, yoxsa başqa səbəb var. Sanki oyun oynayırlar.
Hətta bəzən olmayan yerdən bir də görürsən ki, filankəsin öldümü xəbərini yayaraq sual işarəsini də qoyurlar. Bunlar hamısı qeyri-peşəkarlıqdan, baş pozuqluğundandır.

Guya Mətbuat Şurası yaratmışdıq ki, o mediada belə məsələlərə həssaslıq göstərsin, müzakirələr etsin. Təəssüf ki, o da tamam başqa istiqamətə getdi. Yadıma gəlmir ki, bu tip məsələlər nə vaxtsa müzakirəyə çıxarılsın, kimlərəsə bununla bağlı iradlar bildirilsin, hansısa qaydalar müəyyələşdirilsin və sonra ictimailəşdirilsin.
Bu kimi problemlərə səbəb profesionallığın yoxluğu və özünü tənzimləmə mexanizmin işləməməsi, yəni media qurumlarının nəzarətsizliyidir. Bu iki səbəb mediamızı acınacaqlı hala gətirib çıxarır.

- Yalan xəbərlər həmin şəxsə necə təsir göstərə bilər?

- Burada söhbət sadəcə yalan informasiyadan getmir. Bir çox insanlara əzab gətirən, problem yaradan və bəzilərinin həyatı üçün əhəmiyyətli olan bir məsələdən gedir. Məsələn, yazırlar ki, filankəs rəhmətə getdi. Bu insanın nə qədər yaxın adamı, qohumu var. Düşünün ki, saxta xəbər o insanlar üçün hansı həyəcanı yaradır, onlara hansı problemləri yaşadır. Sağ qalan insanın özünə də çox böyük mənəvi əzab verir.

Bu bir göstəricidir. Hər gün mediada neçə-neçə belə qeyri-peşəkar, qeyri-dəqiq məlumatlar gedir. Sadəcə çox həssas bir məsələ olduğu üçün nəzərə çarpır. Mediamızda informasiya mənbələri ilə iş, şəxsi həyata və insanların hisslərinə hörmətlə bağlı məsələlərdə problemlər üst-üstə yığılır. Bu problemlərlə məşğul olmalı, məhz bunun üçün böyük səs-küylə yaradılmış jurnalist təşkilatları isə tam başqa işlərlə məşğuldurlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top