"Qarabağa yüklər daşıyan İran vətəndaşlarına sanksiyalar tətbiq edilməlidir" — ŞƏRH


GÜNDƏM 13 sen 2021, 15:56
“İrandan Qarabağa qanunsuz yüklərin daşınması İranın Azərbaycana qarşı ilk neqativ addımı deyil. Biz davamlı olaraq İran tərəfindən belə halların şahidi oluruq. Müharibədən əvvəl də İrandan Ermənistana yüklər daşınırdı. Həmin dövrdə 500-ə qədər TIR, xüsusilə, Rusiyadan gələn hərbi təyinatlı yüklər İran üzərindən Ermənistana daşınırdı”.

Bu sözləri Demokrat.az-a politoloq Turab Rzayev deyib.

O, İranın Ermənistana dəstəyinin müharibə dövründə də davam etdiyini xatırladıb:

“Müharibədən əvvəl yanacağın və müxtəlif təyinatlı hərbi yüklərin separatçı rejimə daşındığının şahidi olduq. Təəssüf ki, müharibə dövründə də İran mövqeyini dəyişmədi, açıq şəkildə Zəngəzuru özünün “qırmızı xətti” elan etdi, sərhəddə hərbi təlimlər keçirdi. Müharibədən sonra da ziddiyyətli addımlarını davam etdirdi. İranın Ermənistandakı səfiri Azərbaycanla sərhəd bölgəsinə səfər edib, təxribatların törədildiyi yerdən Azərbaycan ərazisini müşahidə etmişdi. Bunlar İranın Azərbaycana qarşı olan mövqeyinin təzahürüdür. Müharibənin bitdiyi, Azərbaycanın sülh yolunda çalışdığı belə bir zamanda İran Qarabağa yüklər daşıyır. Hətta Azərbaycan bir müddət əvvəl Gorus-Qafan yolunu bağladıqda, İran qrunt yollarla silah-sursat, tikinti materialları daşıyırdı. Sanki Ermənistanı və Qarabağda olan erməniləri təmin etmək İran üçün ən vacib missiyadır”. 

Politoloq qeyd edib ki, İran Azərbaycanın notalarından dərs çıxarmırsa, daha sərt addımlar atılmalıdır:

“İrandan yüklərin daşındığı Gorus-Qafan yolu bağlanmalıdır. Artıq İrandan gələn yüklərin Azərbaycan tərəfindən yoxlanıldığı bildirilir. İstənilən təyinatlı yüklərin keçidi qadağan olunmalı, istisna olaraq bəzi məhsullar, tibbi ləvazimatlar buraxılmalıdır. Həmin yüklərin miqdarı da Azərbaycanın icazəsi ilə müəyyənləşdirilməlidir. Fikrimcə, İranla münasibətlərə yenidən nəzər yetirilməlidir. İranın ermənipərəst mövqeyi davam etsə, iki dövlət arasında nəzərdə tutulan bütün layihələrə yenidən baxılmalıdır. Həmçinin, İrandan Qarabağa yüklərin daşınmasında iştirak edən İran vətəndaşlarına sanksiyalar tətbiq edilməli, onların barəsində cinayət işi açılmalıdır. Həmin şəxslərin Azərbaycana girişi qadağan olunmalı və beynəlxalq axtarışa verilməlidir”.

Aygül Qarayeva
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top