Asif Əsgərovun rüşvət "bataqlığına" çevirdiyi daha bir ünvan — Qanunsuz tikililər...


GÜNDƏM 07 sen 2021, 16:44
Nəsimi rayonunda məmur ozbaşınalığı, rüşvət və korrupsiya halları əndazələri aşmaqdadır. 

Vəziyyət o həddə çatıb ki, Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri heç nədən və heç kimdən çəkinməyərək günün günorta çağında rüşvət almaqdan çəkinmirlər. Vəziyyətin belə davam edəcəyi təqdirdə, RİH-nin başçısı Asif Əsgərovun dünyanın ən korrupsioner məmuru tituluna sahiblənəcəyi qaçılmazdır. Prezident İlham Əliyevin start verdiyi islahatların fonunda Nəsimi rayonunda tüğyan edən rüşvət və korrupsiya hallarının geniş vüsət alması heç bir məntiqə sığmır,dövlətin təməl prinsiplərinin göz görə-görə məhv edilməsi anlamına gəlir. Uzun illər Nəsimi rayonuna rəhbərlik A.Əsgərovun yaratdığı rüşvət və korrupsiya şəbəkəsi "peşəkarlıqla işinin öhdəsindən" gəlməkdədir. Belə ki, rayonun Maqsud Əlizadə küçəsində(keçmiş 26-lar zavodunun ətrafı) mövcud olan və yaxın zamanlarda sökülməsi nəzərdə tutulan yaşayış evləri RİH-nin xüsusi statuslu dəllallarının gəlir mənbəyinə çevrilib. İcra başçısının adamları yaranmış vəziyyətdən ustalıqla istifadə edərək vətəndaşları "soğan qabığı" kimi soymağa başlayıblar. Yaşayış evləri sökülərkən sakinlərə mənzillərin sahəsinə uyğun olaraq pul vəsaitlərinin ödənilməsi barədə hər kəs məlumatlıdır. Yəni, mənzilin sahəsi nə qədər çox olarsa daha artıq vəsait əldə etmək şansı yaranır. Yaranmış şəraitdən məharətlə istifadə edən RİH-nin seçilmiş dəllalları sakinlərdən böyük məbləğlərdə(8 min manatdan 15 min manata qədər) rüşvət alaraq qanunsuz tikintilər aparılmasına şərait yaradırlar yəni, göz yumurlar. Nəticədə adıçəkilən ərazidə son aylarda qanunsuz artırmalar və tikililər "yağışdan sonrakı göbələklər" kimi çoxalmaqdadır. İcra hakimiyyətinin dəllalları sakinlər arasında özlərini "xeyirxah və mərhəmətli" kimi göstərməyə çalışırlar. Guya bu addımları gələcəkdə insanların daha çox kompensasiya ala biləcəkləri ilə əlaqələndirirlər. Əməkdaşlarımızın qanunsuz tikililərin aparıldığı ərazilərdə müşahidələri onu deməyə əsas verir ki, gündəlik on minlərlə manat pul rüşvət şəklində sakinlərdən alınır. Gördüyünüz foto şəkillər dediklərimizin əyani sübutudur.Apardığımız araşdırmalar zamanı sakinlərin iddiaları da diqqətimizdən yayınmadı. Onlar bildirdilər ki, RİH-nin əməkdaşları rüşvət alarkən öz "payları" ilə paralel olaraq, Respublika Şəhərsalma və Arxitektura Komitəsinin "haqqını" tələb edərək alırlar.Yəni, alınan pulların bir hissəsi də "göz yummaq" üçün bu qurumda çalışan Namiq adlı şəxsə çatdırılır.

Asif Əsgərovun rüşvət "bataqlığına" çevirdiyi daha bir ünvan-Qanunsuz tikililər...

RİH-nin bu məsələlərdə adı hallanan şəxslər isə icra başçısının müavinləri Gülarə xanım və Ramiz, ərazi nümayəndəsi Nuru adlı şəxslərdir.

KİV haqqında qanunun tələblərinə uyğun olaraq adıçəkilən şəxslərin mövqeyini öyrənməyə çalışdıq. Şəhərsalma və Arxitektura Komitəsindən redaksiyamıza bildirdilər ki, baş verənlərdən məlumatsızdırlar.Bu məsələdə komitənin adının hallandırılmasının heç bir hüquqi əsası yoxdur və bu məlumatlar araşdırılacaq.

Nəsimi PİH-nin müavini Gülarə xanım isə baş verənlərin ona heç bir aidiyyatı olmadığını bildirərək qeyd etdi ki, o humanitar məsələlər üzrə müavinidir və tikinti sahəsinə aidiyyatı yoxdur.

Asif Əsgərovun rüşvət "bataqlığına" çevirdiyi daha bir ünvan-Qanunsuz tikililər...

Ərazi icra nümayəndəsi Nuru müəllim bildirdi ki, COVİD-19 pandemiyası ilə əlaqədar olaraq əhalinin peyvəndlənməsi prosesi ilə məşğul olduqları üçün bu məsələdən xəbərsizdir və tikinti məsələlərində adının hallanmasının məntiqi əsası yoxdur.

Araşdırma ərəfəsində RİH-nin tikinti şöbəsinin Ramil adlı əməkdaşı bizimlə əlaqə saxlayaraq əlimizdə olan foto şəkillərin onlara göndərilməsi xahiş etdi və yalnız bundan sonra münasibət bildirəcəklərini qeyd etdi. Foto faktları təqdim etməyimizə baxmayaraq redaksiya ilə əlaqə saxlanılmadı.

Sonda belə qərara gəldik ki, M. Əlizadə küçəsində ruhlar peyda olub. Onlar Nəsimi RİH əməkdaşlarının qiyafəsində ərazidə peyda olurlar, sakinləri hipnoz edərək külli miqdarda pullarını əllərindən alırlar və heç nə olmamış kimi qeybə çəkilirlər.

Əldə etdiyimiz foto şəkillərdə ruhlar əks olunmasa da, qanunsuz tikintilər göz önündədir.

Asif Əsgərovun rüşvət "bataqlığına" çevirdiyi daha bir ünvan-Qanunsuz tikililər...


Yeri gəlmişkən, icra başçısının müavini Ramiz müəllim də qeybə çəkilənlər sırasındadır. Onu tapıb münasibət öyrənə bilmədik.

Biz redaksiya olaraq baş verənləri işıqlandırdıq. Bundan sonra hadisələrin gedişatını izləmək və tədbir görmək hüquq mühafizə orqanlarının vəzifəsidir.

Mövzunu diqqətdə saxlayacağıq...

Bizi izləməkdə davam edin...(stimulxəbər.az)

Asif Əsgərovun rüşvət "bataqlığına" çevirdiyi daha bir ünvan-Qanunsuz tikililər...

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top