"Paşinyan sülh tərəfdarıdırsa, Azərbaycan və Türkiyənin irəli sürdüyü platformaya qoşulsun" — ŞƏRH


SİYASİ 06 sen 2021, 12:01
“Düşünürəm ki, Paşinyanın Türkiyə ilə əməkdaşlıqla bağlı fikirləri ümumi ifadələrdir. Ermənistan Baş nazirinin bu barədə çıxışı müəyyən auditoriyaya hesablanan açıqlamalardır. Həm Paşinyan, həm də Ermənistanın digər siyasi qüvvələri nə Azərbaycanla, nə də Türkiyə ilə münasibət qurmaq fikrində deyillər. Sadəcə olaraq, aldadıcı fikirlər səsləndirərək, müəyyən dairələri sakitləşdirməyə çalışırlar”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq, diplomat Fikrət Sadıqov bildirib.

O, Paşinyanın Türkiyə ilə münasibətləri bərpa etməklə bağlı fikirlərinin ziddiyyətli olduğunu qeyd edib:

“Paşinyanın və Ermənistandakı digər siyasi qüvvələrin həm Azərbaycana, həm də Türkiyəyə müəyyən ərazi iddiaları olub və bu iddialar hələ də tam bitməyib. Digər tərəfdən, Paşinyan həqiqətən sülh tərəfdarıdırsa, onda Azəbaycan və Türkiyə tərəfindən irəli sürülən platformaya qoşulsun. Türkiyənin dövlət başçısı Rəcəb Tayyip Ərdoğan konkret təkliflə çıxış edib, “Beşlik platforması” və “Altılıq platforması”nı təklif edib. Ermənistan rəhbərliyi əməldə də sülh və təhlükəsizliyin tərəfdarıdırsa, sözügedən platformalara qoşulsun və üzərinə düşən öhdəlikləri yerinə yetirsin. Həmçinin, ərazi iddialarından tamamilə imtina etsin. Yəni, Ermənistan sülhə nail olmaq üçün konkret, real addımlar atmalıdır”. 

Politoloq bildirib ki, Paşinyan kommunikasiyaların bərpası ilə bağlı açıqlamalarında səmimidirsə, indiyədək bunun üçün addımlar atmalı idi:

“O, ziddiyyətli bəyanatlarla çıxış edir, gah Zəngəzur dəhlizinin açıla bilməyəcəyini, Ermənistanın maraqlarına zidd olduğunu deyir, gah Qazaxdan yeni dəhlizin açılmalı olduğunu bildirir, gah da kommunikasiyaların bərpasının vacibliyinə toxunur. Paşinyan bu açıqlamaları sərsəm fikirlərdən başqa bir şey deyil. Məlumdur ki, bir neçə aparıcı dövlət – Türkiyə, Rusiya, İran Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Düşünürəm ki, bu dövlətlərin də təzyiqi ilə Zəngəzur dəhlizi açılacaq. Bu dəhlizin açılmasında Ermənistanın müttəfiqi olan Rusiya da maraqlıdırsa, deməli Ermənistanın da razılaşması uzaq deyil. Sadəcə, təzyiqi davam etdirmək lazımdır. Paşinyanın fikirlərinə böyük əhəmiyyət yükləmək lazım deyil. Onun boşboğazlılığı heç bir məna daşımır”. 

F.Sadıqov Ermənistanın 10 noyabrda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün Azərbaycanın hər cür təzyiq alətindən istifadə edə biləcəyini vurğulayıb:

“Azərbaycan yeni müharibənin tərəfdarı deyil. İndiki vəziyyətdə proseslərin həlli üçün sadəcə Ermənistan 10 noyabr bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Ermənistanın öhdəlikləri yerinə yetirməsi üçün müxtəlif vasitələrdən istifadə etmək olar, bizim bunun üçün həm siyasi, iqtisadi, həm diplomatik, həm də hərbi vasitələrimiz var. Bu vasitələrdən təzyiq aləti kimi istifadə edə bilərik. Biz bu vasitələrdən kompleks şəkildə istifadə etməklə bəyanatın şərtlərinin Ermənistan tərəfindən yerinə yetirilməsinə nail ola bilərik. Lakin nəzərə almaq lazımdır ki, dünyanın bəzi aparıcı qüvvələri Ermənistana havadarlıq etməyə davam edirlər. Fransa və Rusiyadakı bu qüvvələr Ermənistanın başını sığallayır, ona dəstək nümayiş etdirir, statusla bağlı bəzi fikirlər səsləndirir. Görünür, bu addımlar Paşinyana stimul verir, amma Ermənistanın Baş naziri başa düşmür ki, həmin qüvvələr sadəcə açıqlama verir, real addım atmır. Paşinyan dərk etməlidir ki, dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Artıq Paşinyanın heç bir variantı yoxdur. Yeganə çıxış yolu sülhün təminatı, təhlükəsizliyin bərpası üçün real addımlar atmaqdır. Bunun üçün Ermənistanın hüquqi sənədlərdəki öhdəliklərin yerinə yetirməsi mütləqdir”.

Aygül Qarayeva
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top