Mərkəz rəhbəri: “ABU-da diplom problemi ilə üzləşənlərin məsələsi həll edilə bilər”

MÜSAHİBƏ 15 avq 2021, 10:20
Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin rəhbəri Kamran Əsədov Qaynarinfo-ya ölkədə və xaricdə ali təhsil alıb, diplom problemi ilə üzləşənlərlə bağlı müsahibə verib. 

Həmin müsahibəni təqdim edirik:

- Kamran bəy, gəncələrimiz xarici təhsilə niyə üz tutur?


- Bunu hər zaman üç kateqoriyaya bölürəm. Birinci səbəb abituriyentlər Azərbaycanda Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanda yetərli bal toplamadığı üçün bu baş verir. Bunların arasında ali təhsil almaq arzusunda olanlar da olur. Çünki "qohum, qonşu yanında ayıbdır” deyənlər hələ də var. İkinci kateqoriyaya daxil olanlar DİM-in keçirdiyi imtahanda yetərincə bal toplayan və amma seçdiyi ixtisas onları qane etməyənlərdir. Gedirlər daha adlı-sanlı xarici universitetlərdə təhsil alırlar. Üçüncü qrupa isə Dövlət Proqramı ilə xaricdə təhsil alanlar daxildir. Hazırda 42 mindən artıq azərbaycanlı xarici ölkələrin ali təhsil müəsisələrində təhsil alır. Bunun 21 mindən artığı qardaş Türkiyənin, qalanları isə Ukrayna, Gürcüstan, Rusiya və digər ölkələrin payına düşür. 

- Yeri gəlmişkən bir neçə gün əvvəl Təhsildə Keyfiyyət Təminatı Agentliyi Türkiyə, Rusiya, Ukraynanın bir sıra universitetlərin filiallarının adlarını açıqlayıb və diplomlarının tanımadığını elan edib. Bu barədə nə deyə bilərsiz?

- Bu universitetlərin diplomları Azərbaycanda tanınmır ifadəsi yanlışdır. Azərbaycanda 2001-ci ildə diplomların tanınması haqqında qərar qəbul edilib. Orda qaydalar var. Düzdür, indiyədək qərarda müəyyən dəyişikliklər edilib. Bütövlükdə sənəddə göstərilir ki, Azərbaycan dünyanın bütün universitetlərinin verdiyi diplomu tanıyır. Amma müəyyən şərtlər əsasında. Birinci şərt odur ki, siz "Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu ildə qəbul edilmiş qanunun tələblərinə uyğun təhsil almalısınız. Bu ya əyani, ya da qiyabi təhsildir. Distant təhsil bizdə tanınmır. Diplom tanınmanın birinci səbəbi tələbələrin xarici universitetlərdə onlayn təhsil almalarıdır. İkinci müddət məsələsi var. Yəni, siz həmin ölkənin ərazisində tələb olunan müddət ərzində olmalısız. Məsələn, siz əyani təhsil alırsızsa, simestr ərzində - 90 gün, qiyabi oxuyursunuzsa 15 gün həmin ölkənin ərazisində olmalısınız. Həmin şəxslər diplomlarını alıb, ölkəyə gəlir. Tanınmaya, yəni diplom nastrifikasiyasına verəndə məlum olub ki, tələbə 15 gün deyil, 13 gün həmin ölkədə olub, yaxud heç olmayıb. 

- Yəni deyirsiz ki, tələbə qiyabi təhsil aldığı ölkədə simestr ərzində 15 gündən az olmamalıdır?

- Bəli, qanunda belə göstərilir. Əslində bu qanunvericiliyin boşluğudur. Məsələn, siz Rusiya universitetlərinin birində qiyabi oxuyursuz. Burada simestrin gününü siz yox, ali təhsil müəsisəsi özü müəyyənləşdirir. Universitet deyir, mən qiyabi təhsil alanlara simestr ərzində bir həftə dərs keçirəm. Amma, sən gedib həmin təhsil müəssisinə deyə bilmirsən ki, mənim ölkəmdə 15 gün tələb olunur. Bu müddət məsələsi çox ciddi problem yaradır. Göstərilən müddətdən az olanda Təhsil Nazirliyi tərəfindən diplomların tanınmasından imtina olunur. Digər bir problem. Adam Ukraynada təhsil alır. Amma, təhsil aldığı ölkənin dilini bilmir. Bu da çox zaman diplomun tanınmamasına səbəb olur. Digər bir məsələni deyim. Tutaq ki, Rusiyada universitetlərinin birinə bir müddət lisenziya verilib və sonradan bu ləğv edilib. Məsələn, bizdə Təfəkkür Universiteti var. Bura hazırda fəaliyyət  göstərir, amma lisenziyası yoxdur. Gənclərimiz bu məsələlərdə də diqqətli olmalıdırlar. Onlar xarici universitetlər barəsində https://www.enic-naric.net/ portalı vasitəsi ilə seçdikləri təhsil müəsisəsi haqında məlumat öyrənməlidirlər. Bu portalda universitetlər haqqında məlumatlar tam göstərilir. Yəni seçdiyi universitetin lisenziyası var, ya yox. Azərbaycanda diplom tanınmada imtina ən çox Ukrayna və Gürcüstandır. Səbəb? Ukraynada bir universitetin Gürcüstan filialı var. Yuxarıda adını çəkdiyim sayta daxil olub, həmin universitet haqqında məlumat öyrənirsən. Baxanda görəcəksən ki, Ukraynadakı həmin universitetə Gürcüstan lisenziya verməyib. Azərbaycanda V.Lomonosov adına Moskva Dövlət Universiteti və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinə lisenziya verilib. Məsələn, Atatürk Universitetinin Bakı filalı fəaliyyət göstərir. Diplomu Azərbaycanda tanınmır. Amma, sözügedən universiteti gedib Türkiyədə oxusanız, Təhsil Nazirliyi tanıyır. 

- Bizdə dövlətlərarası universitetlər də fəaliyyət göstərir və bura abituriyentlərimiz qəbul olunur. Bu diplomlar necə, tanınır?

- İndi İtaliya-Azərbaycan Universitetinin yaradılması da nəzərdə tutulur. Hazırda Bakı Mühəndislik Universitetinin nəzdində Koreya Universiteti fəaliyyət göstərir. Burada heç bir problem olmur. Bir də var filial. Azərbaycan Dağıstan Dövlət Universitetinin diplomlarını yuxarıda sadaladığımız şərtlər əsasında tanıyır. Amma, filialını tanımır. 

- 1998-ci ildə Rusiya və Azərbaycan arasında adövlətlərarası razılaşmaya əsasən Azərbaycan Beynəlxalq Universitetinin nəzdində də Dağıstan Dövlət Universitetinin filialı açılmışdı. Amma sonradan bu ləğv edildi. Bu barədə danışardınız...

- Bu məsələ ABU-da ciddi diplom problemi yaratdı və hazırda da davam edir. ABU-ya Dərbənd və Dağıstan Universitetlərindən 2003-cü ilə qədər köçürmələr əsaslıdır. 2003-cü ildə verilən qərara əsasən, sözügedən filiallar öz hüququ çəkisini itirdi. Qərarın verilməsinə baxmayaraq, ABU rəhbərliyi Təshil Nazirliyinin vəzifəli şəxsləri ilə əlbir olub abituriyentləri həmin filiallar vasitəsi ilə qəbul elətdirdilər. Burada abituriyentlərin heç bir günahı yoxdur. Onlar dövlətə və seçdikləri universitetə inanıb, bu ali təhsil müəssisəsinə gəldilər. Həmin abituriyentlər təhsil haqlarını da Beynəlxalq Bank vasitəsi ilə də köçürdülər. Həmçinin sözügedən universitetlərdə filial vasitəsilə təhsil almış, lakin diplomlarını ala bilməyən tələbələr hərbi xidmətlərini arayış vasitəsi ilə bir illik başa vurdular. Əgər bu qanunsuz idisə, arayışı niyə qəbul etdilər? Məndə olan məlumata görə, 7 minə yaxın şəxs ABU-dan diplom almaması, yaxud alıbsa tanınmaması problemi ilə yaşayır. Digər tərəfdən, bu universitet hər hansı bir zirzəmidə və yaxud gizli yerdə fəaliyyət göstərməyib. Rəsmi şəxslər də dəfələrlə ABU-da olublar. Məndə olan məlumata görə, ABU-da diplom problemi ilə üzləşən insanların hüquqlarının bərpası öz həllini tapacaq. 

- Bu necə həll edilə bilər?

- Mən ABU-da filial vasitəsi ilə təhsil alan abituriyentlərin diplom məsələsinin həlli üçün təkliflə çıxış etmişdim. Təhsil Nazirliyi onları heç olmasa bir illik əyani və yaxud qiyabi şəkildə hansısa özəl universitetdə təhsilə cəlb etməlidir. Bundan sonra onlar ixtisaslarına uyğun dilomla təmin olunmalıdırlar. Bunun yeganə çıxış yolu budur. Çünki, insanlar işləyə, yaxud ixtisaslarına uyğun əmək bazarlarına daxil ola bilmirlər. Bu məsələ mütləq həll edilməlidir. Bu 7 minə yaxın şəxsin təhsil hüququnun ciddi şəkildə pozulması deməkdir. Hesab edirəm ki, bu il "Ali Təhsil” haqqında Qanun qəbul edildikdən sonra öz həllini tapacaq. 

- Bakı İslam Universitetində də diplom problemi yaşanır. Hazırda bu məsələnin həlli nə yerdədir?

- Orada da məsələ eynidir. Təshil Nazirliyi lisenziyanı əsas gətirərək İslam Universitetinə 2009-cu ilə qədər qəbul olan tələbələrin diplomlarını tanımır. Universitetin 2009-cu ilə qədər lisenziya almasına ehtiyac yox idi. Çünki, bu hər hansısa bir qurumun tərkibində idi. Təhsil Nazirliyi iddia edir ki, Bakı İslam Universiteti 2001-ci ildən özbaşına qəbul həyata keçirib. Təshil Nazirliyinə bu barədə məlumat verməyib. Birincisi verməli deyildi. Çünki, bu müəssisə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tərkibində fəaliyət göstərib. Bu gün Polis Akademiyası və bir sıra təhsil müəsisələri abituriyentlər qəbul edir. Bu barədə Təhsil Nazirliyinə hesabat verirmi? Yox. Çünki, Polis Akademiyası öz yuxarı orqanı olan Daxili İşlər Nazirliyinə hesabatını verir. Qayda bunu tələb edir. Tabeçilik qaydası budur.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top