Politoloq: "Yenidən ordu formalaşdırmaq üçün Ermənistanın 20 ilə ehtiyacı var"

GÜNDƏM 31 iyl 2021, 17:05
“Sərhəddə təxribatların intensivləşməsi Paşinyanın öhdəliklərini yerinə yetirmək istəməməsi ilə bağlıdır. Məlumdur ki, maliyyə baxımından onun arxasındakı əsas güc Fransa və ABŞ-dır. Təəssüf ki, bu güclər artıq Paşinyanı fərqli istiqamətə yönləndirirlər”.

Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.

Azərbaycan-Ermənistan sərhədində ermənilər tərəfindən törədilən təxribatların məqsədi barədə danışan ekspert bunun Paşinyanın müharibədən sonrakı siyasətinin bir hissəsi olduğunu bildirib:

“Paşinyan çalışır ki, minimum şəkildə Azərbaycanın istəklərinə doğru getsin, həmçinin Rusiyanın maraqlarını sarsıtsın. O, bölgəyə Qərbin, xüsusilə Fransanın və ABŞ-ın hərbçilərini gətirməyə və beləliklə, Azərbaycanın əldə etdiyi qələbələrə zərbə vurmağa çalışır. Bununla o həm də Rusiyanın mövqeyini zəiflətmək, zərbə vurmaq niyyətindədir. Paşinyanın hazırkı addımları məhz buna hesablanıb. Azərbaycan Prezidenti sülhlə bağlı həm xəbərdarlıq etdi, həm təkliflər irəli sürdü. Dövlət başçısının da vurğuladığı kimi, biz öhdəmizə düşən bütün məsələlərə riayət etmişik. Həmçinin Ermənistan üçün kommunikasiya xətlərinin açılmasına dair inanılmaz fürsətlər yaratmışıq. Bu, təkcə Ermənistanın xilası deyil, bütövlükdə Qafqazda mənzərənin dəyişməsidir. Lakin bunun qarşılığında Emrənistan hərbi ritorikanı sərtləşdirir, revanş iddiaları irəli sürməyə başlayır. Nəticə etibarı ilə Azərbaycan daxildə anti-terror, sərhəddə isə sülhə məcburetmə əməliyyatlarına əl ata bilər. Kommunikasiya xətləri ilə bağlı da Azərbaycanın oxşar addımı atmağa hər cür səlahiyyəti var. Lakin düşünmürəm ki, Ermənistan belə böyük axmaqlığa yol versin”. 

Politoloq silahlı münaqişənin bərpa olunmaq ehtimallarına da toxunub:

“Silahlı münaqişənin yenidən başlaması üçün ordu lazımdır. Yenidən ordu formalaşdırmaq, mövcud vəziyyəti düzəltmək üçün isə Ermənistanın təxminən 20 ilə ehtiyacı var. Ermənistan ordusunun müharibədən sonrakı vəziyyətini təxmin etmək çətin deyil. Yenidən silahlı münaqişə başlasa, biz qaldığımız yerdən davam edəcəyik. Azərbaycanın əlində olan müasir texnoloji vasitələr, o cümlədən Pilotsuz Uçuş Aparatları (PUA), “Harop”lar Ermənistana bəllidir. O zaman Ermənistan hansısa formada silahlı münaqişə apara biləcəyini, revanş hissləri ilə hərəkət edə biləcəyini gözə almır, ala bilməz. Yəni indiki halda silahlı münaqişənin olması istisnadır. Böyük ölçüdə, hərbi münaqişə olmayacaq. Düşünürəm ki, Ermənistan tərəfindən müharibə ilə bağlı səsləndirilən fikirlər də bu ölkənin gözə kül üfürmək cəhdləridir”. 

Aygül Qarayeva
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top