Çingiz Hüseynzadə: "Bu açılış mərasimi əvvəlkilərlə müqayisə oluna bilməz"

İDMAN 24 iyl 2021, 14:34
"Əlbəttə, bu açılış mərasimi əvvəlkilərdən fərqlənirdi. İştirakçılar az, tamaşaçılar yox idi. Komandalar səhnəyə tam heyətlə çıxmadılar. Açılışda həmişə görkəmli incəsənət ustaları, aktyorlar iştirak edirdi. Bu dəfə onlar da yox idi".

Demokrat.az xəbər verir ki, bu fikirləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi barədə danışarkən deyib.

O bildirib ki, tədbirdə məhdudiyyətlər çox olsa da, texnoloji cəhətdən bir-iki maraqlı hadisə baş verdi: "Amma ümumiyyətlə, pandemiya şəraitini nəzərə alaraq, açılış mərasimi əvvəlkilərlə müqayisə oluna bilməz. Əsas odur ki, tədbir baş tutdu, Oyunlar başladı. Məncə, hər şey normaldır".

Hüseynzadənin sözlərinə görə, Yaponiyada koronavirusla bağlı çox ciddi hazırlıqlar gedib: "Hətta hansısa idman obyektinə gedəndə saatlarla vaxt itiririk. Çünki hamı diqqətlə yoxlanılır. Eyni zamanda, hər gün test veririk. Bu məsələ tam nəzarət altındadır".

İdmançılara uğurlar arzulayan MOK rəsmisi nəticələrlə bağlı proqnoz verməyin mümkün olmadığını söyləyib: "Dəfələrlə qeyd etmişəm ki, oyunlar çətin olacaq. Hər gün nəsə baş verə bilər. Olimpiya kəndində hər gün kifayət qədər insan koronavirusa yoluxur. İdmançılar yarışlardan kənarlaşdırılır. Ona görə də proqnoz vermək mümkün deyil. Ancaq ümidlə yaşayırıq ki, idmançılarımızın nəticələri yaxşı olsun. İnanırıq ki, budəfəki olimpiada da bizim üçün uğurlu alınacaq".

Qeyd edək ki, Tokio olimpiadasının açılış mərasimi dünən baş tutub.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top