“Prezident açıq və dəqiq şəkildə bildirdi ki, artıq statusdan söhbət gedə bilməz və Zəngəzur dəhlizi açılacaq”.
Deputat Fazil Mustafa Azərbaycan prezidentinin Dövlət Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlərlə bağlı Musavat.com-a açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, prezidentin müsahibəsində əksini tapan fikirlər əslində qətiyyətli duruşun davamıdır və Azərbaycanın prinsipial mövqeyinin dəyişmədiyini göstərir. “Ermənistan isə öz gələcəyini Azərbaycanla normal qonşuluqda qurmağa məhkumdur. Əks halda onu tənəzzül gözləyir”, F.Mustafa əlavə edib. Deputatın sözlərinə görə, prezident əslində Ermənistan üçün də aydın yol xəritəsi təklif edir: “Ağılları olsa, bu marşrut üzrə irəliləmək onların ən son şanslarıdır”.
Deputat Arzu Nağıyev isə deyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müsahibəsində bir necə vacib məqam daha diqqəti çəkir:
“Birincisi, statusla bağlı Qərbin və bir neçə havadar dövlətlərin bu istiqamətdə cəhdlərinin yersiz olmasını İlham Əliyev bir daha gündəmə gətirdi, bunun qəti şəkildə mümkünsüz olduğunu bəyan etdi. Dövlətimizin başçısı hətta təklif etdi ki, dünyada kompakt şəkildə ermənilərin yaşadığı ərazilər var və kim istəyirsə, onlara status verə bilər, lakin Azərbaycan ərazisində bu, olmayacaq. İkinci məsələ Zəngəzur dəhlizi və bu adda iqtisadi zonaya daxil olan rayonların inkişafıdır. Ermənilər istəsə də, istəməsə də, bu proseslər gedir və dəhlizlər açılacaq, tarixi torpaqlarımıza qayıdış olacaq!” 
Qeyd edək ki, N.Paşinyanın “Azərbaycanla sülhə hazırıq”, bəyanatından bir gün keçməmiş Ermənistan ordusu Kəlbəcər istiqamətində xain təxribata əl atıb və hərbçimiz şəhid olub. Bu isə rəsmi İrəvanın sülhə hazır olmadığı və dövlət başçımızın dediyi kimi, Ermənistanın ötənlərdən dərs çıxartmadığı qənaətini möhkəmləndirir. O halda prezidentin dəmir yumruqla bağlı xəbərdarlığı öz sözünü deməli olacaq...

