Rauf Arifoğlu 55 yaşında: "Etdiklərimlə qürur duyuram, amma daha çox şey edə bilərdik"

MÜSAHİBƏ 23 iyl 2021, 14:30
Bu gün tanınmış jurnalist, "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlunun doğum günüdür. Demokrat.az jurnalistin yubileyində onunla müsahibəyə yer ayırıb. Həmin müsahibəni təqdim edirik:

- Rauf bəy, bu gün 55 yaşınızı qeyd edirsiniz. Yaşınızdan kənar, özünüzü həyatınızın hansı mərhələsində hiss edirsiniz?

- Əvvəla, onu deyim ki, son 28 ildə ilk dəfədir ki, doğum günümü öz tarixində - 23 iyulda qeyd edirəm və bu, belə də davam edəcək. Çünki indiyə qədər bu gün həm də Ağdamın işğal günü idi. Ona görə də, ailəm, çevrəm, dost-tanışlarım bir gün əvvəl və ya bir gün sonra doğum günümü təbrik edirdi. Hansısa ad günü tədbiri keçirilsə, o da ya doğum günümdən əvvəl, ya da sonra olurdu. Azərbaycan Ordusu şəhidlərimizin qanı hesabına torpaqlarımızı, o cümlədən Ağdamı geri qaytardı. Artıq Ağdamın işğal günü deyə bir tarix, termin yoxdur, ona görə də, bu gün rahat şəkildə doğum günü təbriklərini qəbul edirəm. Həyatımın o mərhələsindəyəm ki, artıq qalib xalqın jurnalistiyəm. İndiyədək xalqımıza yalnız ümid, ruh verirdik, “Qarabağ bizimdir, bizim olacaq” deyirdik. İndi isə bizim olduğunu deyə bilirik, sadəcə kiçik bir hissəsi hələ tam nəzarətimizdə deyil. İndi də deyirik ki, o kiçik hissə də - Xocalı, Xankəndi, Əsgəran da Azərbaycanın nəzarətində olacaq. Ən qısa zamanda bizdə olacaq. Şuşadan reportaj hazırlamış jurnalistəm, ona görə də, özümü xoşbəxt hiss edirəm.

- İnsanlar doğum günündə keçdiyi həyat yolunu, gördüyü işləri qiymətləndirir. Mediada bu vaxta qədərki fəaliyyətinizi necə dəyərləndirirsiniz?

- Çox əziyyət çəkdik. Çox bəsit, dünyada asanlıqla əldə olunan şeylər üçün  vuruşduq, zülmlər çəkdik, həbsxanalarda yatdıq. Kaş ki bunlar olmasaydı, amma nəticələrimiz yaxşıdır, ümidvericidir, qürurvericidir. Həyatımın 32 ilini mediaya həsr etmişəm, etdiklərimlə qürur duyuram, amma daha çox şey edə bilərdik. Dünyada normal olanları biz vuruşa-vuruşa, çəkişərək əldə etmişik. Ümid edirəm ki, bizdən sonrakı nəsil üçün – internet jurnalistikası üçün hər şey daha rahat, daha sakit keçəcək. 

- Yeni yaş ərəfəsində yeni hədəflər, planlar müəyyənləşdirilir. Sizin planlarınız bəllidirmi? Nələri dəyişmək, inkişaf etdirmək arzusundasınız?

- Planımız media sahəsində fəaliyyəti davam etdirməkdir. Yaxşı layihələrimiz var. Qəzetdən media qrupuna gəlib çıxmışıq. Auditoriyanı genişləndirmək, böyümək, imkan olsa, televiziya layihəmizə lisenziya almaq, qarşıdakı iki il ərzində onu yerüstü yayımı olan televiziya vəziyyətinə gətirmək əsas planlarımızdır. 

- Sizin ixtisasca həm də politoloqsunuz, amma əksəriyyət sizi jurnalist kimi tanıyıb.
- Mən iki universitet bitirmişəm, mühəndis-texnoloq və politoloq. Jurnalistika eşq sahəsidir, ora aşiq olub, həyatını buna həsr edirsən. Bu, baza təhsilindən asılı deyil. Özümü daha çox burada tapmışam, 32 ildir bu sahədəyəm.

- Keçən illərdə parlament seçkilərində iştirak edib, qalib oldunuz, amma deputatlığınız ləğv edildi. Növbəti seçkilərdə yenidən namizədliyinizi irəli sürmək fikriniz var?

- İndiyədək 3 dəfə namizədliyimi irəli sürmüşəm, hər dəfəsində təmiz qələbə qazanmışam, yaxşı işləmişəm, amma hər dəfə ən müxtəlif bəhanələrlə qələbəm tanınmayıb. Yenidən seçkilər keçirilsə, namizədliyimi verəcəm, çünki deputat fəaliyyəti ilə jurnalist fəaliyyəti arasında möhkəm bağlılıq var. Hər ikisi xalqın vəkilidir. Onsuz da biz o vəkilliyimizi xalqın hüquqları, maraq və mənafelərini xəbər məkanında təmsil etməklə həyata keçiririk. Bu imkanı daha da genişləndirərək, parlament tribunasına daşımağı düşünürdük. Gələcək hədəflərimiz arasında o da var. 

- “Yeni Müsavat” görmək istədiyiniz yerdə, mövqedədir, yoxsa bunun üçün hələ bir az da zaman var?

- “Yeni Müsavat” hələ görmək istədiyim mövqedə deyil. Bayaq vurğuladım, çox bəsit şeyləri o qədər çətinliklə, zaman və enerji sərf edərək əldə etmişik ki, o enerji və zamanı daha da təkmilləşməyə sərf etmək olardı. “Yeni Müsavat” qəzet olaraq çətin günlərini yaşayır, çünki indi internet əsridir. Biz bunun həllini tapmalıyıq ki, qəzet də Avropadakı kimi özünə yer qazana bilsin. Onlar bunun həllini tapdılar. Həlli budur ki, çap, auditoriya problemi olmasın, getdikcə inkişaf yolu keçsin, güclənsin. Hazırda üzərində işlədiyimiz layihə bu istiqamətdədir. Bunları etmək üçün yayım sistemi normallaşdırılmalıdır, bu sistem bərbad vəziyyətdədir, darmadağındır. Həmçinin, köşklərin vəziyyəti yaxşı olmalıdır, reklam bazarı güclənməlidir. Reklam bazarının güclənməsi üçün reklam haqqında qanun yenilənməlidir. KİV haqqında qanun hələ də təkmilləşməyib, qanunverici bazamız köhnədir. Bu kimi çox məsələlər var ki, “Yeni Müsavat”ın gələcəkdəki yeri onlarla bağlıdır. Çox istərdim ki, bu kimi məsələlər həll olunsuz, biz də media qrupumuzu arzu etdiyimiz yerdə görə bilək. 

- Müxtəlif layihələr planlaşdırdığınızı bildirdiniz, amma bunlar daha çox “Yeni Müsavat” üçün nəzərdə tutulub. Son vaxt Medianın İnkişafı Agentliyi tərəfindən müxtəlif layihələr, müsabiqələr həyata keçirildi. Sizin bu istiqamətdə təklifiniz nə olardı?

- Biz media qrupu çərçivəsindən kənara çıxa bilmirik, amma layihələrimiz ümumi xəbər məkanını genişləndirmək üçündür. Televiziya layihəmiz çox uğurlu oldu, arzuedilən reaksiyanı görə bildik, bunu genişləndirmək istəyirik. Medianın İnkişafı Agentliyi media sahəsindəki islahatlar üçün əsas vasitədir və bizim ondan gözləntimiz çox böyükdür. Agentliyin başında duran icraçı direktor Əhməd İsmayılov təmizliyi, ləyaqətli duruşu ilə seçilən qardaşımızdır. Hər zaman ona dəstək olmağa çalışacağıq. Mənim əsas vəzifəm “Yeni Müsavat” media qrupu ilə əlaqəli olduğu üçün daha çox bu platformadan xalqa xitab edən layihələr haqda düşünürəm. 

- Media camiəsində belə söz-söhbət var ki, Ağ Partiyanın arxasındakı görünməz qüvvə sizsiniz. Bu söhbətlər nə dərəcədə həqiqəti əks etdirir?

- Ağ Partiyanın arxasındakı bütün qüvvələr görünür, o da Azərbaycan xalqıdır. Sadəcə Ağ Partiyanın rəhbərliyi  - Tural Abbaslı ilə eyni partiyada olmuşam, onlar mənim gənc dostlarımdır. Zamanında onlara informasiya dəstəyi vermişik, amma indi özləri o səviyyədədirlər ki, bizim də onların dəstəyinə ehtiyacımız var. Onlara və digər partiyalara uğurlar arzulayıram. Müharibə dövründə həm Ağ Partiya, həm də digərləri sınaqdan yaxşı çıxdılar. Ordumuzun, Azərbaycan prezidentinin - siyasi rəqibi olaraq deyil, Ali Baş Komandanı olaraq arxasında dayandılar. Əllərindən gələn hər şeyi etdilər, bəyanata imza atdılar, açıqlama verdilər, xalqı ruhlandırdılar. Bizim vaxtilə onlara verdiyimiz dəstək informasiya dəstəyi olub, gizli dəstək deyildi. 

- Sonda bir daha doğum gününüz münasibətilə sizi təbrik edirik.

- Diqqətiniz çox xoş oldu. Mən də sizə və Demokrat.az rəhbərliyinə minnətdaram!

Aygül Qarayeva
Demokrat.az    

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top