"Ermənistan bu addımı ilə yaranmaqda olan sülhə kölgə salır" — ŞƏRH

QARABAĞ 17 iyl 2021, 17:00
“Son günlər sərhəd xətti boyunca mütəmadi olaraq Ermənistanın müxtəlif çaplı silahlardan istifadə edərək, Azərbaycan mövqelərini atəşə tutduğunu müşahidə edirik. Ermənistan bu addımı ilə yaranmaqda olan sülhə kölgə salır, kövrək sülhü daha da sarsıdır. Ermənistan bu təxribatlarla regionda gərginliyin artırılmasında maraqlı tərəf kimi çıxış edir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.  Azərbaycan prezidentinin Ermənistana sülh və əməkdaşlıq çağırışlarını xatırladan ekspert Ermənistanın yaranmaqda olan sülhü pozmaqda olduğunu vurğulayıb:

“Azərbaycan prezidenti İlham Əliyev həm Silahlı Qüvvələr günündə, həm də 14 iyulda şəhid ailələri və müharibə veteranları ilə görüşündəki nitqində regionda sülhün formalaşması, əməkdaşlığın yaradılması istiqamətində bir sıra vacib məqamlara toxundu və Ermənistana şərtlər irəli sürdü. Bu şərtlər Azərbaycan sərhədlərinin Ermənistan tərəfindən tanınması, 10 noyabr və 11 yanvar bəyanatlarının maddələrinin icra edilməsi ilə bağlı idi. Azərbaycanın dövlət başçısı siyasi dialoqun formalaşması, iqtisadi rifahın inkişaf etdirilməsi, regionda daimi sülhün bərqərar olması barədə mühüm fikirlər irəli sürdü. Azərbaycan hər zaman olduğu kimi, sülh təşəbbüslərinin həyata keçirilməsinə çalışır. Həmçinin, hüquqi-siyasi müstəvidə öz fəaliyyətini davam etdirir. Ermənistandan isə bu davranışların əksini görürük. Ermənistan tərəfi gərginliyi artırmaqla əslində sülh prosesini də yubatmış olur” - İ.Hüseynov qeyd edir.

Politoloqun fikrincə, Ermənistan təxribatlarından əl çəkib, sülhə doğru yönəlməsə, Azərbaycan situasiya ilə bağlı yeni addımlar ata bilər: 

“7 iyulda prezidentin imzaladığı fərmanla Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu yaradıldı. Bu, həm işğaldan azad olunan ərazilərin iqtisadi prioritetlərini formalaşdırır, həm də Ermənistanın diplomatik sahədə çox böyük cəhdlə statusun əldə olunması ilə bağlı niyyətlərini alt-üst edir. Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması tarixi ədalətin bərpası baxımından çox vacibdir. Eyni zamanda, Qərbi Azərbaycan ərazilərinin olması ilə bağlı xatırlatmadır, eləcə də, Azərbaycanın ermənilərə güzəştə getdiyi xatırladılır. Sovet dövrünün ayrı-ayrı vaxtlarında Azərbaycan əraziləri alınaraq, Ermənistana birləşdirilib. Bunu Rusiya və beynəlxalq ictimaiyyət də çox yaxşı bilir və dərk edir. Bu tarixi ədalətsizlik uzun illərdir davam edir. Ermənistan bilməlidir ki, təxribatlarından əl çəkməsə, Azərbaycan mübarizənin yeni pilləsinə başlaya bilər. Sülh yolunda ciddi addımlar atılmalıdır, lakin biz Ermənistanın əks-həmlələrə daha çox yer verdiyini, gərginliyin artırılmasında maraqlı olduğunu görürük. Bu, Ermənistan üçün yaxşı heç nə vəd etmir. Ermənistan bu təxribatları ilə düşdüyü çətin vəziyyəti daha da ağırlaşdırmaq istiqamətində addımlar atmış olur”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top