Azərbaycanın pandemiya ilə mübarizədə qlobal missiyası

GÜNDƏM 17 iyl 2021, 13:10
Azərbaycan hazırda qlobal səviyyədə örnək rolunu oynayan addımlara müəlliflik etməkdədir. Bu gün ölkəmiz təkcə qlobal səviyyədə vaksin bərabərliyini təşviq etmir. Bununla yanaşı, Ümumdünya Səhiyyə Təşkilatına, müxtəlif ölkələrə humanitar və maliyyə yardımı ayırmaqda, dost ölkələrə vaksin verməklə onların pandemiya ilə mübarizəsini dəstəkləməklə davam edir. 

Bu istiqamətdə Azərbaycanın əməli fəaliyyətinin davamı olaraq ölkəmiz tərəfindən Özbəkistana 50 min doza Astro Zeneka vaksini verilib. COVAX qlobal təşəbbüsünün tərəfdaşı kimi UNİCEF Azərbaycan tərəfinin Özbəkistana vaksininin verilməsi addımı alqışlanıb. UNİSEF bəyan edib ki, ölkələrin sürətli və bərabər şəkildə vaksinlər əldə etmək imkanı təmin olunmadan, dünya COVİD-19 virusunun öldürücü mutasiya risklərinə məruz qalmaqda davam edəcək.

Azərbaycanın bu gün  pandemiya istiqamətində sistemli və davamlı fəaliyyəti diqqəti cəlb edir. Ölkə daxilində mövcud vaksinlərin hamısı mövcuddur, Azərbaycan ilk vaksinasiyaya başlayan ölkələrdən biridir. Bununla yanaşı, Azərbaycan çevik və operativ addımlar ataraq xəstəliklə mübarizədə ciddi, nümunə rolu oynayan nəticələr əldə edib:

• Qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilib;

•  Ölkədə COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mini ötüb;

• COVID-in mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə, təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edilib;

•  Cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyasına başlanılıb və 99.94 faizi “Sinovak”, qalanı isə “AstraZeneca” və “Sputnik” olmaqla, peyvəndləmə həyata keçirilib. 

Ölkəmiz qlobal səviyyədə də pandemiya ilə mübarizəyə ciddi töhfələr verib:

• Pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib;

•  Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub;

• 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşündə Prezident İlham Əliyev BMT Baş Assambleyasının koronavirusa qarşı dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının çağırılması təşəbbüsü 150-dən artıq ölkənin dəstəyini qazanıb və 2020-ci il dekabrın 3-4-də BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyası keçirilib;

• Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürüb və həmin qətnamə 2021-ci ilin mart ayında yekdilliklə qəbul olunub;

Paralel olaraq Azərbaycan qlobal səhiyyə böhranı fonunda “peyvənd millətçiliyi”nə etiraz səsini ucaldıb, ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını ictimai şəkildə qınayıb. Prezident İlham Əliyev ali tribunalardan bu məsələyə diqqət yönəldib, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyi pisləyib. Dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan hər fürsətdə, inkişaf etmiş ölkələri və beynəlxalq donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etməyə çağırıb. Dövlət başçısı bildirib ki, bugünədək dünyada mövcud olan peyvəndlərin 82 faizdən çoxu zəngin dövlətlər tərəfindən alınıb, azgəlirli ölkələrin payına düşən peyvənd həcmi isə yalnız 0,9 faiz təşkil edir. Belə münasibət inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrin öz əhalisini qorumaq imkanına mane olur. 

Prezdent İlham Əliyevin bu həftə keçirilən Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda aralıq konfransındakı çıxışında gələcək fəaliyyətlə bağlı mühüm məsələlərə toxunub. Bildirib ki, Hərəkat COVID-19-dan sonrakı dövr üçün də güclü, əlaqəli və məqsədyönlü addımlar atmalıdır. Bu mənada pandemiyadan sonra bərpa mərhələsinə dair fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin müəyyən edilməsi baxımından Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsi faydalı ola bilər: “Pandemiyadan irəli gələn çətinliklərin mürəkkəbliyini nəzərə alaraq, Qoşulmama Hərəkatı tərəfindən COVID-19-dan sonra qlobal bərpaya dair BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılması təşəbbüsü ilə çıxış edilməsi məqsədəmüvafiq olardı. Həmin panel dünyanın pandemiyadan daha yaxşı şəkildə çıxması üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlaya bilər”.

Beləliklə, Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün davamlı olaraq güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini təbliğ etməkdədir. Eyni zamanda Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxışların müəllifidir.

Elman Babeyev
Əməkdar jurnalist
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top