Natiq Cəfərli Bakıda, fotosu "siyasi məhbus" kimi Berlində — FOTO

HADİSƏ 15 iyl 2021, 19:01
Almaniyanın paytaxtı Berlində "Sərhədsiz Reportyorlar" təşkilatının ofisində “Azərbaycanın siyasi məhbusları” adlı foto sərgi keçirilib. 

Sərgidə maraqlı hadisə baş verib. Belə ki, hazırda REAL Partiyasının icraçı katibi kimi fəaliyyət göstərən Natiq Cəfərli siyasi məhbus kimi təqdim olunub. Həmin sərgidə onun da fotosu yer alıb.


Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Natiq Cəfərli layihədən məlumatlı, sərgidən xəbərsiz olduğunu deyib:

“Bu, çoxdan hazırlanmış layihədir. 2016-cı ilin sonunda layihə ilə bağlı Bakıda çəkilişlər həyata keçirildi. O zaman siyasi məhbuslarla bağlı reportaj hazırlanırdı, məni də dəvət etdilər, mən də həmin çəkilişdə iştirak etdim. 2017-ci ildən müxtəlif şəhərlərdə sərgi şəklində nümayiş olundu. Sərginin Praqada təşkil olunduğunu dəqiq bilirəm, başqa hansı şəhərlərdə həyata keçirilməsindən məlumatlı deyiləm. Yəni, bu layihə, çəkiliş yeni deyil. Berlindəki sərgidə də siyasi məhbus kimi təqdim olunmağımdan xəbərim yoxdur. Praqadakı sərgi təşkil olunarkən, məndən icazə almışdılar. Mən də iştirak etmişdim, böyük forum keçirilirdi. Dünyanın müxtəlif ölkələrinin sabiq prezidentləri, baş nazirləri iştirak edirdilər. Sadəcə, Praqadakı sərgidən xəbərim var. Ümumilikdə, proyektdə iştirakla bağlı icazəm var, şəkil Bakıda çəkilib. 2016-cı ildə şəkil üçün icazə verdiyimdən, görünür indi sərgi üçün icazə almağa ehtiyac görülməyib. Yaxşı olardı ki, belə sərgilərin təşkilindən əvvəl şəkli nümayiş olunacaq şəxslərlə əlaqə saxlayardılar, ən azından elektron poçt ünvanına məktub göndərərək, məlumat vermək, icazə almaq olardı. Bu, daha məntiqli və yaxşı olardı”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top