Deputat: "Yaxşı olardı ki, Minsk qrupu özü fəaliyyətinə xitam versin"

GÜNDƏM 13 iyl 2021, 15:23
“ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin səfirlərinin Azərbaycandakı diplomatik nümayəndələrin Şuşaya səfərində iştirakdan imtina etməsi ictimaiyyətimizi, xalqımızı təəccübləndirmədi. Çünki onların 30 ildəki fəaliyyətsizliyi sübut etmişdi ki, həmsədr ölkələr prosesin həllində maraqlı deyillər. Problemin həllinə mane olmaq onların əsas hədəfləri idi”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O, Rusiya, ABŞ və Fransanın Bakıdakı səfirlərinin diplomatik korpusun nümayəndələrinin Şuşaya təşkil edilən səfərinə qatılmaqdan imtina etmələrinin gözlənilməz olmadığını bildirdi:

“ATƏT-in Minsk qrupunun həmsədrləri dəfələrlə prezident İlham Əliyevlə danışıqlarda və görüşlərdə münaqişənin hərbi həllinin olmadığını, yalnız dinc yolla həll edilməsinin mümkün olduğunu bildirirdilər. Amma Azərbaycan prezidenti və ordusu münaqişənin hərbi yolla da həllini tapa biləcəyini sübut etdi. Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının iclasında həmsədr ölkələr Azərbaycanın əleyhinə qətnamə qəbul etmək istədilər, lakin Qoşulmama Hərəkatına üzv olan ölkələr buna mane oldu. Həmsədrlər hər fürsətdə özlərinin əsl xislətlərini, ermənipərəst mövqelərini ortaya qoydular. Hətta müharibə dövründə Ermənistanın yanında olduqlarını bildirən açıqlamalar verdilər, gizlətmədilər. Həmsədr ölkələrin niyyətləri və atdığı addımlar üzərlərinə götürdükləri bitərəflilik, neytrallıqla bağlı məsuliyyətlə ziddiyyət təşkil edir. Buna görə də, onların Şuşaya getməkdən imtina etmələri xalqımızı qətiyyən təəccübləndirmədi, amma hiddətləndirdi”.

Deputatın fikrincə, Minsk qrupu artıq fəaliyyətini dayandırmalı və bununla bağlı qərarı məhz qrup özü verməlidir:

“Həmsədrlər müharibədən sonra yenidən gündəmə gəlmək, fəaliyyətlərini bərpa etməyə çalışmaq istəyirlər. Bəzən belə məlumat sızdırırlar ki, perspektivdə statusla bağlı məsələləri qaldırmaq, guya həll etmək üçün addımlar atmaq istəyirlər. Bunlar qəbuledilməzdir. Artıq hər kəs qəbul edir ki, status məsələsi yoxdur. İndiki zamanda Azərbaycan ictimaiyyəti və xalqı haqlı olaraq həmsədrlərin fəaliyyətinə etirazlarını bildirirlər. Yaxşı olardı ki, Minsk qrupu özü fəaliyyətinə xitam versin. Onların fəaliyyəti nəzərdə tutulduğu kimi regiona sülh, əmin-amanlıq gətirmədi. Əksinə, vəziyyəti daha da gərginləşdirdi, prosesi yubatdı. Hansısa həmsədr dövlət Ermənistana olan sevgisini islah etməkdən yorulmursa, zəhmət çəkib Minsk qrupunun üzvlüyünü tərk etsin və bundan sonra istədiyi kimi öz sevgisini ifadə etsin. Necə ki, Fransa prezidenti Makron Ermənistana sevgisini elə erməni dilində ifadə etdi. Məncə, Azərbaycan xalqının bu qrupa etimadsızlığını Minsk qrupu da qiymətləndirməlidir. Minsk qrupu özünün buraxılması ilə bağlı qərar qəbul etsə, bu, ən unikal və düzgün addım olar”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top