Elnur Məcidli 11 ildən sonra Vətənə qayıtdı — Prezidentə təşəkkür etdi (FOTO)


SİYASƏT 11 iyl 2021, 15:18
Fransada yaşayan gənc fəal Elnur Məcidli Azərbaycana qayıdıb.

Demokrat.az-ın xəbərinə görə, bu barədə E.Məcidlinin özü məlumat verib.

Gənc fəal "Facebook" hesabında bunları yazıb: 

"Əziz dostlar! 11 ildən sonra artıq doğma vətəndəyəm! Etdiyim müraciəti qarşılıqsız qoymayan və müsbət rəy bildirən ölkə prezidenti cənab İlham Əliyev başda olmaqla, mənim Azərbaycana gəlmə prosesində vasitəçilik və kömək edən hər bir dosta, bu işlə məşğul olan, vəzifəsindən asılı olmayaraq hər bir dövlət məmuruna və bu işdə rol alan hər kəsə təşəkkür edir, öz minnətdarlığımı bildirirəm!

Vətəndə olmaq, bu müqəddəs torpaqlarda gəzmək, buranın suyunu içmək, havasını udmaq olduqca gözəl hisslərdi.

Xaricdə yaşayan hər bir azərbaycanlı öz içində bir Azərbaycan daşıyır.

Bu gün içimizdə daşıdığımız Azərbaycan sevgisinin səmaya yüksəldiyi, həsrətin bitdiyi gündür.

Parçası olduğumuz torpağın üstündə gəzmək, torpaqlarını işğaldan azad etmiş müzəffər bir vətənə qayıtmaq ayrı bir xoşbəxtlikdir.

Qısamüddətli gəldiyim üçün hər kəslə görüşmək çətin olacaq, görüşə bilmədiklərim və bilməyəcəklərim indidən üzrlü hesab etsinlər.

Allah öz vətəninin həsrətində olan hər bir insana yol açsın". 

Qeyd edək ki, E. Məcidli 2011-ci ildə sosial şəbəkələrdə "11 mart - Böyük Xalq Günü" və "2 Aprel-Böyük Qəzəb Günü" aksiyalarının təşkilatçısı kimi tanınaraq barəsində cinayət işi başlanıb və beynəlxalq axtarışa verilmişdi.
Zamiq
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top