Qarabağ ətrafında yeni təhlükəli oyun başlayır — TƏHLİL

TƏHLİL 11 iyl 2021, 14:49
Minsk qrupunun həmsədr ölkələrinin səfirlərinin, yaxud onların nümayəndələrinin Şuşaya getməməsi bundan xəbər verir. Hakimiyyət və cəmiyyət bu təhlükəyə hazır olmalı və öz münasibətini bildirməlidir. Yəqin ki, bundan sonra 30 il Qarabağ problemini dondurmaqla minlərlə insanın ölümünə səbəbkar olan bu həmsədr ölkələr bundan sonra da işləri yemək-içmək olan, məsləki bəlli olmayan Minsk Qrupunu yenidən gündəmə gətirəcəklər. Fransanın mövqeyi ilk günlərdən bəlli idi. 44 günlük müharibə dövrü də ancaq Ermənistan tərəfində çıxış etdi və bu ölkənin ədalətli olmasına artıq heç kim, o cümlədən özləri də inanmırlar. Belə bir ölkənin Azərbaycan və Ermənistan arasında hansısa münaqişənin ədaləti nizamlanmasında rolu olacağı mümkünsüzdür. 

44 günlük müharibədə özünü ədalətli ölkə kimi təqdim etmək istəyən Rusiyanın mövqeyi də tam aydındır. Azərbaycan və Ermənistanı daim öz təsir dairəsində saxlamaq üçün qanlı Qarabağ problemini yaradan ölkənin hansısa ədalətli mövqeyi, bu problemin həllinə çalışacağına da ancaq ağılsızlar inana bilər. 44 günlük müharibədə Rusiyanın birbaşa Ermənistan tərəfində vuruşmamasının səbəbi heç də problemin həllinə yardımçı olmaq həvəsindən irəli gəlmirdi. Məqsəd artıq Rusiyanın təsirindən çıxmaqda olan Ermənistanı yenidən öz təsir dairəsinə qaytarmaq idi. Əminəm ki, Köçəryan-Sarqsyan hakimiyyəti qalsa Rusiya bu müharibədə açıqca Ermənistan tərəfində vuruşacaqdı. Elə Qarabağ probleminin birdəfəlik və tam həll olunmaması da Rusiyanın birbaşa müharibəyə qarışması təhlükəsi ilə bağlı oldu. Hakimiyyətin hesablamalarını bilmirəm, ancaq cəmiyyət olaraq hamımız Rusiyanın bu mövqeyinə qəti etirazımız bildirməliyik. Rusiya görməlidir ki, hələ də qonşu-dost münasibətini saxlayan Azərbaycan cəmiyyətindən Gürcüstandan da betər düşmən qazana bilər. 

ABŞ-ın mövqeyinə isə xüsusi diqqət çəkmək istəyirəm. 1990-cı ilin ikinci yarısı və 2000-ci ilin əvvəllərində ABŞ-a çoxsaylı səfərlərimdə ABŞ Prezidentlərinin köməkçiləri, Dövlət Departamentinin vəzifəli şəxsləri, çoxsaylı senator və konqresmenlər, ölkədə söz sahibi olan təşkilatların rəhbərləri ilə görüşərkən daim onları Azərbaycan hakimiyyətinə Rusiyanın təsir dairəsindən çıxmağa yardımçı olmağa çağırmışam. ABŞ-ın Azərbaycan və Ermənistana ikili münasibətini tək 907 düzəlişi təhlil etməklə aşkarca görmək olar. Bu gün əminliklə deyirəm ki, ölkəmizin bu gün də Rusiyanın təsir dairəsində olmasının, daim Kremlin hərəkətləri ilə hesablaşmalarının birbaşa günahkarı Azərbaycan yox, ABŞ hakimiyyətidir. Onlar daim Azərbaycanı İran və Rusiya qarşıdurmasında alət edib qurbanlıq vermək istədilər. Hər dəfə Azərbaycan hakimiyyəti ABŞ hakimiyyətinin bu niyyətində iştirak etmədikdə onlardan qrant alan, maddi asılılığında olan Azərbaycan QHT-ləri vasitəsilə hansı hücumları təşkil etdikləri mənim gözümün qarşısında olub. Bunu bu gün çoxsaylı tanınmış QHT rəhbərləri də bilirlər, sadəcə dillərinə gətirməyə ehtiyat edirlər ki, yem yerləri kəsilər. Buna əmin olmaq üçün Azərbaycanda insan haqları, siyasi məhbuslar məsələsi ilə bağlı ABŞ-da başlanan hər kampaniya dövründə ABŞ-İran, ABŞ-Rusiya münasibətlərini araşdırın və ABŞ-ın Azərbaycandan necə qonşu dövlətlər əleyhinə istifadə etmək istədiyini görəcəksiniz. Bu üsuldan Almaniya və bir çox Avropa ölkələri də istifadə ediblər. Sadəcə həmin vaxtlar onların marağı hansısa sərfəli iqtisadi layihədə pay almaq olub. Bu gün ABŞ hakimiyyəti bilməlidir ki, Qarabağ problemini həll etmək üçün Azərbaycan hakimiyyəti Rusiya ilə istənilən danışığa gedə, Rusiyanın başçılıq etdiyi qurumlara üzv ola bilər və Azərbaycan Xalqı da öz torpaqlarını itirməmək üçün hakimiyyətin yanında olacaq. Bu gün biz Xalq olaraq əlbəttə, ölkəmizdə ədalətli seçkilərin, qanunun aliliyinin təmin olunmasını hamıdan çox istəyirik və buna nail olacağımıza əminik. Ancaq biz Xalq olaraq heç vaxt torpaqlarımızın bir qarışının da kiməsə güzəştə getməyəcəyik. ABŞ və digər Avropa ölkələri bilməlidirlər ki, bu günkü mövcud idarəçilyin, qanunsuzluğun olmasında onların da rolu var, çünki onlar üçün heç vaxt Azərbaycan Xalqının maraqları önəmli olmayıb. Önəmli olan onların geostrateji və iqtisadi maraqları olub. Bu 30 ili Azərbaycan Xalqı bunu dəfələrlə gördü və məhz ona görə də hakimiyyətdən, onun idarəetmə üsulundan nə qədər də narazı olsa onu dəyişməyə cəhd etməyib və etməyəcək. 44 günlük müharibə isə onu göstərdi ki, bu Xalq çox şeyə qadirdir. Ona görə də ABŞ və Qərb ölkələri Azərbaycanın tamlıqla Rusiyanın yanında olmaması üçün birinci növbədə ərazi bütövlüyümüzün təmin olunmasında bizə mane olmamalıdırlar. Azərbaycan Xalqı bu günkü idarəetmə üsulu ilə razı deyil və bütün varlığı ilə dünya dəyərlərinə sahib olmaq üçün ABŞ, Avropa dövlətlərinə inteqrasiya olmağın tərəfdarıdır. Əminəm ki, ərazi bütövlüyü təmin olunmuş Azərbaycan xalqı tez bir zamanda demokratik cəmiyyət də qurmağa qadirdir!

Sonda bir daha Minsk Qrupu haqqında fikrimi bildirirəm. 30 il göstərdi ki, bu qurum qanlı toqquşmanın qarşısını almaq üçün heç nə etmədi və əminəm ki, etməyəcək. Sadəcə dövlətlərin hər biri bizim hesabımıza öz strateji və iqtisadi maraqlarını təmin edəcəklər. Ona görə də hakimiyyət bu Qrupun buraxılmasını və ehtiyac olarsa Türkiyənin, Rusiyanın iştirakı ilə yeni bir işlək Qrupun yaradılmasına çalışmalıdır.

Vəkil Aslan İsmayılov
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top