Əməkdar jurnalist: "Görünür, hələ bir çox istiqamətlər üzrə “iti qovan” əməliyyatları həyata keçirməli olacağıq"

GÜNDƏM 10 iyl 2021, 16:24
“Jurnalist olduqlarını iddia edən bir qrup şəxsin şəhidlər haqqında hazırladıqları, çox güman ki, bəsit və aşağı keyfiyyətli videomaterialların qarşılığında onların ailələrindən  pul tələb etmələri cinayət tərkibli olmaqla yanaşı, utancverici bir hadisədir və belə şəxslərin ifşa edilməsi istiqamətində həm media, həm də vətəndaşlarımız fəallıq nümayiş etdirməlidirlər”.

Bu sözləri Demokrat.az-a açıqlamasında əməkdar jurnalist Elçin Mirzəbəyli deyib.

Bir qrup jurnalistin şəhid ailələrindən pul alması barədə danışan jurnalist məsələylə bağlı hüquqi addımlarının atılmalı olduğunu vurğulayıb:

“Baş verən hadisə media sektorunda islahatların bütün komponentlər üzrə, xüsusilə də hüquqi müstəvidə aparılmasının nə qədər zəruri və təxirəsalınmaz olduğunu bir daha təsdiqləyir. Bu baxımdan, media haqqında qanunun tez bir zamanda qəbul edilməsinə, eləcə də qanun layihəsində yer alan yeniliklərlə bağlı digər əlaqəli hüquqi-normativ aktlara əlavə və dəyişikliklər olunmasına böyük ehtiyac var. Bu baxımdan, qeyd olunan neqativ halların məhdudlaşdırılması üçün bir sıra addımların paralel olaraq atılmasına böyük ehtiyac duyulduğu qənaətindəyəm.

Təbii ki, ilk növbədə hüquqi bazanın təkmilləşdirilməsi prosesinin sürətləndirilməsi lazımdır. Bununla yanaşı isə media maarifçiliyi ilə bağlı təbliğat işi gücləndirilməli, hər bir Azərbaycan vətəndaşının bu prosesin içərisində yer alması təmin edilməlidir. Orta və ali təhsil müəssisələrində xüsusi proqram əsasında bununla bağlı davamlı seminarların və digər tədbirlərin keçirilməsinin vacib olduğunu düşünürəm. Marifləndirmə işi ev-ev prinsipi ilə həyata keçirilməlidir”.

Onun sözlərinə görə, media haqqında qanunun qəbulundan sonra da mütəmadi maarifləndirmə işləri davam etdirilməlidir:

“Təbii ki, media haqqında qanunun qəbulundan sonra media reyestrinin tez bir zamanda yaradılması, peşəkar media qurumları və jurnalistlərlə mətbuatdan cinayət xarakterli əməllər üçün istifadə edənlərin sərhədləri dəqiq şəkildə müəyyənləşməlidir. Media reyestri və bura daxil edilən media qurumları və jurnalistlərlə bağlı davamlı marifləndirmə işi aparılmalıdır.

Prosesin sürətləndirilməsi, daha şəffaf xarakter alması və koordinasiyalı fəaliyyətin təşkil edilməsi üçün qurulması üçün media qurumları, jurnalist təşkilatları, vətəndaş cəmiyyəti instututları, hüquq-mühafizə və məhkəmə orqanlarının təmsilçilərinin iştirakı ilə ictimai şuranın yaradılması da mümkündür.

Yaranmış vəziyyət sübuta yetirir ki, çox ciddi və təhlükəli çağırışlarla qarşı-qarşıya qalmışıq. Təkcə qanunlarımız deyil, bizi bir millət kimi ayaqda saxlayan dəyərlərimiz hədəfə alınıb və ölkənin media sektorunu “işğalçı”lardan təmizləmək lazımdır. Görünür, hələ bir çox istiqamətlər üzrə “iti qovan” əməliyyatları həyata keçirməli olacağıq”. 

Aygül Qarayeva
Demokrat.az



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top