Ekspert: "Zəngəzurda rusların ikinci hərbi bazasının yaradılması bölgənin hərbi vəziyyətinə ciddi təsir göstərəcək"

GÜNDƏM 09 iyl 2021, 14:21
“Paşinyanın Moskvaya səfərinin arxasında dayanan bütövlükdə bölgəyə, Ermənistan ərazisinə rus qoşunlarının yerləşdirilməsi məsələsidir. İkinci məsələ isə 10 noyabr bəyanatının şərtlərinin yerinə yetirilməsi ilə bağlıdır”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli deyib.

Nikol Paşinyanın Moskvaya səfəri barədə danışan beynəlxalq məsələlər üzrə mütəxəssis səfəri tərəflər üçün zəruri edən amillərə toxunub:

“Səfərin əsas məqsədlərindən biri üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsi ilə bağlı vəziyyəti dəyərləndirməkdir. Düşünürəm ki, hər iki tərəfin maraqlı olduğu məsələ baş tutdu. Son zamanlar erməni tərəfinin təxribat həyata keçirdiyi istiqamətdə rus qoşunlarının yerləşdirilməsi prosesi başladı. Bu, artıq Azərbaycanın Rusiya ilə sərhəd xətlərinin artması deməkdir. Yəni hər iki sərhəd birbaşa Rusiyanın nəzarətindədir. Zəngəzurda rusların ikinci hərbi bazasının olması ermənilərin hərbi doktrinalarını Rusiyaya verməsi deməkdir. Bu həm də, Ermənistan ordusunun sayının azalmasına da gətirib çıxarır”.

Ekspertin fikrincə, Zəngəzurda rusların ikinci hərbi bazasının yaradılması bölgənin hərbi vəziyyətinə ciddi təsir göstərəcək:

“İkinci bazanın yaradılması bölgənin hərbi baxımdan Rusiyanın inzibati-amirliyi altına keçməsi ilə əlaqədardır. 10 noyabr üçtərəfli razılaşmasına əməl olunmur, bu, ciddi problemdir. Azərbaycanın mövqeyi bu razılaşmaya əməl edilməsi istiqamətindədir. Düşünürəm ki, Paşinyanın Moskva səfəri çərçivəsində bu məsələrlə bağlı da müzakirələr olub və artıq məsələ yoluna qoyulub. Fikrimcə, yaxın günlərdə bunun nəticəsinin şahidi olacağıq”.

Aygül Qarayeva 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top