Vüqar Rəhimzadə: "İqtisadi rayonların yeni bölgüsü gələcəyə yönəlmiş mühüm siyasi-strateji qərardır"

GÜNDƏM 08 iyl 2021, 16:41
«İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar prioritetlərin müəyyənləşdirilməsini bir tələbə çevirir. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işləri həyata keçirilir. Böyük Qayıdışın başlanması kimi dəyərləndirilən, ilk olaraq  Zəngilanda həyata keçirilən «ağıllı kənd» layihəsinin 2022-ci ilin yanvarında başa çatdırılacağı bildirilir. Artıq həmin vaxtdan soydaşlarımızın  doğma yurd-yuvalarına  köçürülməsi nəzərdə tutulur. Şübhə yoxdur ki, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı  əsasında «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in təsdiqlənməsinin ardınca «Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında» sənədin imzalanması işğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə edilməsinə, işlərin vahid proqram əsasında aparılmasına əhəmiyyətli töhfələr verəcək.»

Bu fikirləri «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Demokrat.az-a açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin məlum Fərmanına əsasən yeni bölgü özündə  tarixi reallığı və iqtisadi səmərəliliyi  ehtiva edir: «Sənəddə də qeyd olunduğu kimi, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir.»

Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafından geniş bəhs edən baş redaktor qeyd edib ki, 2003-cü ildən cənab İlham Əliyev iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu: «Bu məqsədlə bölgələrin malik olduqları  resurslardan səmərəli istifadə etmək məqsədilə regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət proqramı qəbul olundu və uğurla icra edildi. Hazırda 4-cü Dövlət proqramının icrası davam edir: «Torpaqlarımızın işğaldan azad edilməsindən sonra  yeni sənədlərin qəbuluna və icrasına böyük zərurət vardır. Çünki işğaldan azad edilmiş  ərazilərimizin malik olduğu resurslardan səmərəli istifadə etməklə iqtisadi inkişafın dayanıqlığına böyük töhfələr vermək mümkündür. Həmçinin işğaldan azad edilmiş ərazilərimizdə həm ənənəvi kənd təsərrüfatı sahələrinin, həm də ümumilikdə qeyri-neft sektorunun inkişafı üçün bütün imkanlar mövcuddur. Aqrar sektorun inkişafı da prioritetlər sırasındadır.  İşğaldan azad edilmiş  torpaqlarımızda  məhsuldarlığın bərpa edilməsi ilə   ölkəmizin  ərzaq təhlükəsizliyinin təminatına böyük  töhfələr veriləcək. O da məlumdur ki, Azərbaycanda meşə zolağının 25 faizi işğal altında olmuş torpaqların payına düşür. Su ehtiyatlarımızın yarısı  həmin ərazilərdədir. İşğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun yenilənməsi,  kənd təsərrüfatı və  sənaye müəssisələrinin bərpası  yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Bir sözlə, tarixi sahiblərinə qayıdan torpaqlarımızda canlanma yaşanır. Zəfərimizdən sonra həmin torpaqlarda ilk olaraq infrastrukturun bərpasına xüsusi diqqət göstərilir.  Yol-nəqliyyat infrastrukturunun  yenilənməsi, enerji, qaz xətlərinin çəkilişi, bu ərazilərin «yaşıl enerji» zonasına çevrilməsi üçün tapşırıqların verilməsi və sair kimi biri-birindən mühüm addımlar  qarşıya qoyulan hədəflərə qısa zamanda nail olunmaqla  yanaşı, Qarabağın xarici investorlar üçün cəlbediciliyini də artıracaq.»

V.Rəhimzadə bildirib ki, işğaldan azad edilmiş ərazilərin də əhatə olunması ilə iqtisadi rayonların sayının 10-dan 14-ə qədər artırılması ölkədə  daha çevik və səmərəli iqtisadi siyasətin həyata keçirilməsini şərtləndirəcək: «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrasının bölgələrimizin davamlı və tarazlı inkişafının təmin olunmasında, ölkəmizin iqtisadi və müdafiə qabiliyyətinin daha da güclənməsində əhəmiyyətini, 44 günlük Vətən müharibəsində parlaq Qələbənin qazanılmasında güclü zəmin olduğunu geniş şərh etməyə ehtiyac yoxdur. Reallıqlar göz önündədir. Hesab edirəm ki, Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü Vətən müharibəsində əldə edilmiş parlaq qələbənin daha bir uğurlu nəticəsi,  yalnız iqtisadi deyil, həm də gələcəyə yönəlmiş mühüm siyasi-strateji qərardır.» 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top