Deputat: "Bu şansı dəyərləndirə bilməsə, itirən yenə Ermənistan olacaq"

GÜNDƏM 03 iyl 2021, 14:37
“Azərbaycan növbəti dəfə dünyaya həm hüquqi, həm də humanist dövlət olduğunu göstərdi. Azərbaycan hətta düşmənə qarşı münasibətində belə böyüklüyünü ortaya qoydu. Gənc, aldadılmış, məcburən döyüşməyə göndərilən, düşmənçilik hissləri aşılanan insanların ailələrinə qaytarılması üçün şərait yaratdı. Azərbaycan bu prinsipləri, davranışları ilə nümunə ölkə olduğunu bir daha sübut etdi”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Bakı Ağır Cinayətlər Məhkəməsində ermənilərin təqsirləndirilməsinə dair baxılan cinayət işi barədə danışarkən deyib.

O, Azərbaycanın saxlanılan ermənilərlə bağlı humanist mövqeyinin region üçün nümunə olduğunu bildirib:

“Azərbaycanın bu addımı Ermənistanın hətta üçtərəfli bəyanatdan sonra etdiyi təxribat, terrorçu addımları dünyaya göstərdi. Ermənistanın bu hərəkətlərini faktlarla, məhkəmə yolu ilə sübut etdi. Həmçinin Azərbaycanın bu siyasəti Ermənistanın haqsız tərəflərini müdafiə edən dünyanın müəyyən dairələrinin arqumentlərini əlindən aldı. Azərbaycana qarşı çirkin kampaniyalar aparan qüvvələr artıq dövlətimizi bu məsələlərdə ittiham edə bilməyəcək. Ortada erməni əsgərlərinin törətdiyi cinayətlər və buna baxmayaraq, Azərbaycanın onlara qarşı humanist addımları var”. 

Deputat qeyd edib ki, Azərbaycan humanist addımları ilə növbəti dəfə sülh, əməkdaşlıq tərəfdarı olduğunu sübut edib:

“Azərbaycan yenə göstərdi ki, Ermənistanla normal qonşuluq münasibətləri qurmaq niyyətindədir. Ancaq bu, Azərbaycan üçün ölüm-qalım məsələsi deyil. Ermənistan üçün isə bunun əhəmiyyəti daha yüksək səviyyədədir. Ermənistan bu şansdan istifadə etsə, özünün bir çox problemlərini həll edə, gələcək inkişafını təmin edə biləcək. Bu şansı dəyərləndirə bilməsə, itirən yenə Ermənistan olacaq. Azərbaycan indiyədək olduğu kimi bundan sonra da özünün uğurlarını, inkişafını davam etdirəcək. Ermənistanın isə bunu Azərbaycansız etməsi mümkünsüzdür”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top