Çingiz Qənizadə: “Kozlariçin prezidentin hərbi forma geyinməsini belə yozması savadsızlıq və qərəzlilikdir”

GÜNDƏM 02 iyl 2021, 12:26
ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Riçard Kozlariç öz twitter hesabında Azərbaycan Prezidentinə guya irad tutub. “Yeni Müsavat” xəbər verir ki, sabiq diplomat ölkə başçısının 26 iyun Ordu Günündə hərbçilərlə görüşdəki hərbi formada fotosunu paylaşaraq yazıb: “İlham Əliyev deyir ki, Dağlıq Qarabağ konflikti bitib, amma hələ də hərbi forma geyir”.

Lakin əvvəla, Kozlariç unudub ki, İ.Əliyev hansı gündə hərbi formada olub. Söhbət Ordu Günündən gedir və Ali Baş Komandan olaraq təbii ki, hərbçilərin qarşısına bu formada çıxa bilərdi. İkincisi, Vətən müharibəsində qalib gəlmiş ordunun Ali Baş Komandanı olaraq Ordu Günü kostyum geyinməli deyildi ki? Əgər Prezident hansısa konfransda, yaxud tədbirdə iştirak edərkən hərbi forma geyinsəydi, bəlkə də Kozlariç haqlı görünə bilərdi. Üstəlik, müharibə başa çatsa da, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası, hoqqaları bitməyib, son günlər Tovuz və Kəlbəcər istiqamətində atəşkəsi pozurlar. Bundan əlavə, iki ölkə arasında sülh müqaviləsi imzalanmayıb. İrəvan bundan boyun qaçırır. Eyni zamanda Dağlıq Qarabağ ərazisində düşmən ölkənin hərbçiləri qalıb. Üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən erməni silahlı dəstələri Xankəndi və ətraf ərazilərdən çıxmalıdır. Ancaq 10 noyabrdan bəri bu müddəa icra olunmur. O halda Kozlariç nədən danışır?

Deməli, müharibə gündəmdən çıxmayıb və “Dəmir yumruq” da vaxtaşırı düşmənə xatırladılmalıdır. Bundan başqa, gündəmdə antiterror əməliyyatları var. Əgər sənədin sözügedən bəndi icra edilməsə, Azərbaycan haqlı olaraq Qarabağın azad olunmayan ərazilərində suverenliyin bərpası üçün antiterror əməliyyatlarını həyata keçirə bilər. Digər tərəfdən, əgər dövlət başçısı, Ali Baş Komandan hərbi forma geyirsə, bu, o anlama gəlir ki, biz müharibə istəyirik? Ordu günündə, generalların qarşısında Ali Baş Komandan olaraq hərbi geyimdə çıxmaqdan təbii nə ola bilər?



Novella Cəfəroğlu: “O, ilk dəfə deyil ki, Azərbaycan əleyhinə çıxış edir”

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Yeni Müsavat”a bildirdi ki, Kozlariç çoxdan bizimlə mübarizə aparır: “İlk dəfə deyil ki, o, Azərbaycan əleyhinə çıxışlar edir. Səfir işlədiyi dövrdə onunla çox görüşlərimiz olub. Amma Bakıdan gedəndən sonra dəyişdi. Prezident Aparatı ilə yaxşı münasibətləri var idi. Elə ki səfir fəaliyyətini başa vurdu, gedib əleyhimizə danışmağa başladı. Norveçin keçmiş səfiri Styenar Gil də onun kimi eyni mövqedədir. Bizə qarşı qərəzli münasibəti var. Bir var tənqid, bir var qərəz”.

Hüquq müdafiəçisi ermənilərin düşmənçiliyi davam etdirdiyini xatırlatdı: “Biz Kozlariçə əhəmiyyət verməli deyilik. Prezident millətlə bir olmalıdır, xalqdan dəstək almalıdır, Kozlariçin nə deməyinin nəticəsi yoxdur. Bizim Ordu Günümüz çox möhtəşəm bir tarixdir, bu dəfə Qarabağımızla birgə bu bayramı qeyd etmişik, hərbçilərin qarşısında hərbi formada çıxış etməkdə də bir qəbahət görmürəm”.

Çingiz Qənizadə: “Kozlariçin prezidentin hərbi forma geyinməsini belə yozması savadsızlıq və qərəzlilikdir”

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə qeyd etdi ki, Kozlariçin bu açıqlaması başadüşülən deyil. Onun sözlərinə görə, sabiq səfiri həqiqətləri söyləyən biri kimi güman edirdi: “Ancaq çox təəssüf ki, Kozlariç yersiz bir arqument irəli sürüb. Prezidentin Silahlı Qüvvələr Günü hərbi forma geyinməsi bayram xarakterlidir. Bu bayramı xüsusi edən həm də Qarabağda qələbədən sonra ilk dəfə Ordu Gününü belə qeyd etməyimiz idi. Kozlariçin cənab İlham Əliyevin hərbi forma geyinməsini belə yozması savadsızlıq və qərəzlilikdir. Bəlkə də gündəmdə olmaq üçün belə çıxışlar edirlər”.

Ç.Qənizadə bildirdi ki, müharibə bitsə də, sülh müqaviləsi bağlanmayıb, ermənilər Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyib, sərhədlərin delimitasiya və demarkasiya işləri getməyib, düşmən təxribat cəhdlərini davam etdirir: “Qazax istiqamətində atəşkəsin pozulması, təxribat cəhdləri bunu təsdiqləyir. Prezident isə Qarabağa səfərləri zamanı hərbi formada olmaqla orduya dəstək nümayiş etdirir. Kozlariç kimi diplomatın uğursuz bir fikirlə özünü yada salması, unudulmuş bu adamın lüzumsuz sözü heç nəyi dəyişmir. Azərbaycan Prezidenti və dövlət rəsmiləri Ermənistanla sülhə hazır olduqlarını bəyan ediblər, hətta xarici işlər nazirimiz Ceyhun Bayramov Ermənistanla ikitərəfli müzakirələr aparılmasını rəsmi İrəvana təklif etdiklərini açıqlayıb. Yəni Azərbaycan sülh istiqamətində jest edir, addımlar atır, bizim üçün münaqişə keçmişdə qalıb, indi Ermənistandan cavab gözləyirik. Ona görə yaxşı olar ki, Kozlariç hansı tərəfə irad tutmaq lazım olduğunu özü üçün dəqiqləşdirsin”.

Fikrət Sadıqov: Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir - "İki  sahil"

Fikrət Sadıqov: “Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir, sülh sazişi imzalanmayıb”

Sabiq diplomat, politoloq Fikrət Sadıqovun fikrincə, Kozlariçin məsələyə o cür yanaşması tutarlı arqument sayıla bilməz: “Kozlariç Azərbaycanda səfir olarkən biz ona olduqca müsbət münasibət bəsləmişik. Ancaq çox təəssüflər olsun ki, səfir postundan gedəndən sonra o, zaman-zaman Azərbaycana yönəlik qərəzli münasibət sərgiləyib. Prezident İlham Əliyevin Ordu Günü müzəffər hərbçilərlə hərbi formada görüşməsinin buna nə aidiyyəti var? Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Haqlı olaraq da Prezident münaqişənin bitdiyini və Ermənistanla sərhədlərin delimitasiya olunmasının vacibliyini bəyan edir. Sözügedən tədbirdə Ali Baş Komandanın hərbi formada iştirakı və çıxış etməsi tam təbiidir. Bunda hansısa siyasi qəbahət axtarmağın heç bir hüquqi və məntiqi əsası yoxdur”.

Ekspertin sözlərinə görə, Azərbaycan hələ Ermənistanla müharibə vəziyyətindədir: “O mənada ki, qarşı tərəflə sülh sazişi imzalanmayıb. Ermənistan müxtəlif bəhanələrlə bundan yayınır. Nə dəhlizlərin açılmasını sürətləndirir, nə də sülh müqaviləsinə imza atır. Müxtəlif təxribatlarla məşğul olur, diversantları, terrorçuları ərazilərimizə göndərir. Belə olan halda biz neyləməliyik? Kozlariç diplomatdırsa, o zaman yaxşı olardı ki, diplomata xas mövqe sərgiləsin. Bilmədiyi şeyləri təhlil etməklə məşğul olmasın”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top