Azərbaycan və Qırğızıstan XİN başçılarının görüşü oldu — YENİLƏNİB


XARİCİ SİYASƏT 02 iyl 2021, 15:23
Xarici İşlər Nazirliyi xarici işlər naziri Ceyhun Bayramovla qırğızıstanlı həmkarı Ruslan Kazakbayevin görüşü barədə məlumat yayıb.

Demokrat.az
xəbər verir ki, məlumatda deyilir:

Hər iki tərəfdən geniş tərkibli nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Qırğızıstan arasında ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Həmkarını səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov Azərbaycan və Qırğız xalqları arasında mövcud olan tarixi, mədəni və dini bağların iki ölkə arasında əlaqələrin əsasını təşkil etdiyini qeyd edərək, inkişaf etməkdə olan ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərini məmnunluqla ifadə edib. İki ölkə arasında yüksək səviyyəli səfər mübadilələrinin münasibətlərin inkişafına təkan verdiyi qeyd olunub. Nazir, dost ölkə Qırğızıstanın bu günədək Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə verdiyi dəstəyin tərəfimizdən yüksək qiymətləndirildiyini vurğulayıb.

Nazir Ruslan Kazakbayev Qırğızıstan və Azərbaycan arasında tarixi bağları və qardaşlıq münasibətlərini qeyd edərək, əlaqələrin ikitərəfli və çoxtərəfli platformalarda uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycanla münasibətlərə önəm verildiyini qeyd edən Qırğızıstan naziri, ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi marağını ifadə edib.

Nazirlər ikitərəfli gündəliyin bir çox istiqamətləri, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat, tranzit sahəsində əməkdaşlıq, o cümlədən Ələt Azad İqtisadi Zonasına investorların cəlb edilməsi, habelə kənd təsərrüfatı, turizm, humanitar, mədəniyyət, təhsil sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub. Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin dəstəklənməsi, biznes forumların keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov həmkarına münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, xüsusilə də azad edilmiş ərazilərdə onilliklər ərzində törədilmiş dağıntılar, tarixi -mədəni irsin məhv edilməsi, ətraf mühitə böyük zərərin vurulması, habelə mina təhlükəsi barədə danışıb. Bu ərazilərdə hazırda aparılan bərpa və quruculuq işləri barədə məlumat verib.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları, növbəti il diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi üzrə fikir mübadiləsi aparıblar.

Görüşün sonunda nazirlər "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Qırğız Respublikasının Xarici İşlər Nazirliyi arasında 2021-2022-ci illər üzrə Əməkdaşlıq Proqramı" sənədini imzalayıblar.

***11:00

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Qırğızıstan xarici işlər naziri Ruslan Kazakbayev arasında təkbətək görüş başa çatıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Azərbaycan XİN tvitterdə məlumat yayıb.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top