Paşinyan minalanmış ərazilərin xəritəsini verəcəkmi? — Aktual şərh

SİYASİ 23 iyn 2021, 16:18
Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç AŞPA-nın yay sessiyasında çıxışında Ermənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində basdırılmış minaların xəritələrini verməsinin zəruriliyi məsələsini vurğulayıb.

Baş katib qeyd edib ki, keçmişdə konfliktin olduğu regionda minaların qalması insan həyatına çox təsir edir: “Unudulmamalıdır ki, mina xəritələrinin əldə olunması və onların ərazidən təmizlənməsi çox vacibdir. Əks təqdirdə, bura insanların geri qayıtması və orada yenidən həyat qurması üçün uyğun olmayacaq”.

Hazırda hərbi əsirlərlə bağlı narahatlıqların da olduğunu bildirən Baş katib Avropa Şurasının Azərbaycanla Ermənistan arasında əsirlərin və mina xəritələrinin mübadiləsini alqışladığını vurğulayıb: “Bu, demək olar ki, iki dövlət arasında ilk simvolik və çox vacib humanitar və insani reaksiyadır. Ümid edirəm ki, gələcəkdə bunlar davam edəcək”.

Bundan başqa,  Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sabiq xarici işlər naziri Ara Ayvazyanı terrorçuların qaytarılması prosesini əngəlləməkdə ittiham edib. A. Qriqoryan bildirib ki, əsir məsələsini mayın 27-dək həll etmək mümkün olmayıb.

"Ayvazyan bizim tərəfdaşlara deyirdi ki, guya minalanmış ərazilərin xəritəsi mövcud deyil, hansıları ki, artıq o, istefa verəndən sonra biz qarşı tərəfə verdik. Ayvazyan istefa verəndən sonra məsələ həll olundu".

A. Qriqoryanın sözlərinə görə, A. Ayvazyan təkcə yalan danışmayıb, həm də əsirlərin qaytarılması prosesini də əngəlləyib.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Sherg.az”a bildirib ki, Qarabağda azadlıq savaşından sonra baş verən proseslər onu göstərir ki, Azərbaycan bu məsələdə haqlı tərəf kimi beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməkdədir:

“Eyni zamanda Ermənistanın faşist xislətindən əl çəkib, qonşuluq siyasətinə hörmətlə yanaşamaları və qonşulara ərazi iddiasından imtina etməsi istiqamətində təzyiqlər davam etdirilir. Azərbaycanda olan erməni əsirlərin dəyişdirilməsində Gürcüstan Baş nazirinin atdığı addım onu göstərir ki, artıq Cənubi Qfaqazda bu məsələlərin tənizmlənməsi üçün müəyyən addımlar atılır. Təbii ki, bu addımlar da Ermənistana təzyiq vasitəsilə həyata keçirilir. Dövlətimiz humanitar bir addım atdı, 15 cinayətkarları Ermənistana təhvil verdi. Şuşa Bəyənnaməsindən sonra isə bizim üçün ən kritik və gözlədiyimiz məqam Ermənistandakı seçki prosesləri idi. Paşinyanın qələbə çalması 10 noyabr sazişinin reallaşmasına xidmət edən məqamlardan biri kimi qiymətləndirilir”.

Ç.Qənizadə hesab edir ki, Paşinyan yavaş-yavaş hakimiyyəti formalaşdırdıqdan sonra minalanmış ərazilərin xəritəsinin verilməsi istiqamətində adekvat addım atacaq:

“İlk addımı isə Türkiyə və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsi və Azərbaycanla sülh sazişinin imzalanması, bundan sonra 10 noyabr bəyanatına əsasən Zəngəzur dəhlizinin açılması istiqamətində addımların atılması olacaq. Artıq AŞPA-nın yay sessiyasında AŞPA-nın Baş katibi tərəfindən minalanmış ərazilərin xəritəsinin ölkəmizə verilməsi ilə bağlı ilk çağırış edilib.

Bu, çox böyük göstəricidir. Hesab edirəm ki, AŞPA kimi 50-dən çox dövləti özündə birləşdirən qurum Ermənistana bu cür ifadələri ünvanlayırsa, bu təkcə AŞPA-nın deyil, oradakı dövlətlərin də ümumi rəyinin təzahürüdür.

Ermənistanda Paşinyan qələbə çaldıqdan sonra yeni hakimiyyət formalaşacaq. Yəqin ki, Ara Ayvazyan kimi adamlar bir daha hakimiyyətdə təmsil olunmayacaqlar. Paşinyan çox çətin bir dövr yaşadı və qələbə qazandı.

Hesab edirəm ki, artıq Ayvazyanların, Koçaryanların, Arturyanların dövranı bitib. Paşinyan imzaladığı bəyanatın şərtlərinə əməl etmək istiqamətində ardıcıl addımlar atacaq.

Bu addımlar isə daha çox Ermənistana lazımdır. Çünki ölkənin iqtisadiyyatı inkişaf etməli, qonşularla sülh şəraitində yaşamalı, Türkiyə ilə sərhədlərin açılmasına nail olmalı, Azərbaycanla diplomatik əlaqələr qurulmalıdır. Paşinyan bu istiqamətdə düşünülmüş addımlar atacaqsa, xalqına xidmət etmiş olacaq.

Lakin arada səhvlər etməklə ciddi cəzalandırılacaqsa, bunun ağır nəticələri erməni xalqının üzərinə düşəcək”. 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top