Azərbaycanın parlaq qələbəsi Ermənistanda revanşistlərə şans vermədi

SİYASƏT 21 iyn 2021, 21:32
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin yaratdığı yeni reallıq Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələrinə təsirsiz ötüşmədi. Seçkilərdə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın rəhbəri olduğu “Vətəndaş müqaviləsi” partiyası qalib gəldi. Koçaryan-Sarkisyan cütlüyü isə acı məğlubiyyətə uğradı və bununla erməni xalqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi mənzərəni, müharibənin nəticələrini qəbul etdiyini ortaya qoydu. Revanşistlərin yenidən önə çıxmaq cəhdləri isə suya düşdü. Qarabağsız “Qarabağ klanı”nın Ermənistanda heç kəsə lazım olmadığı təsdiqləndi. 

Bu, birmənalıdır ki, Vətən müharibəsində qazanılan tarixi Qələbə Ermənistanda bugünkü siyasi mənzərəni doğurub. Seçkilərin nəticələri Azərbaycanın və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin qələbəsidir.

Bunu daha aydın şəkildə görmək üçün Azərbaycan hakimiyyətinin illərdir yürütdüyü siyasətə diqqət çəkmək vacibdir.

Birincisi, Prezident İlham Əliyevin müstəqil və milli maraqlara əsaslanan güclü siyasəti bölgədə qüvvələr balansını daha da dəyişdi. Məhz bu siyasət sayəsində bir tərəfdə daha da güclənən, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilən Azərbaycan, digər yanda isə öz ənənəvi portnyorlarını itirən, küncə sıxılmış, sosial və iqtisadi kataklizmlər yaşayan, çıxılmaz vəziyyətə düşmüş Ermənistan dayandı. Ötən illər ərzində ölkəmizin maliyyə imkanları, iqtisadi potensialı, hərbi gücü əhəmiyyətli dərəcədə artdı, eyni zamanda Azərbaycan beynəlxalq münasibətlər sistemində öz prinsipial mövqeyi ilə seçilən və  yüksək nüfuza malik ölkəyə çevrildi. 
İkincisi, işğalçı Ermənistana qarşı təcrid siyasətini bütün sferalarda davam etdirən Azərbaycan bunun işğal altında olan torpaqlar geri qayıdana qədər  qüvvədə olacağını bəyan etdi. Bu təcrid siyasəti işğalçı ölkənin siyasi və iqtisadi sisteminin çökməsinə gətirib çıxardı. Ermənistan regionun siyasi və iqtisadi həyatından kənarda qaldı və xarici yardımdan asılı vəziyyətə düşdü. 

Üçüncüsü, paralel olaraq Azərbaycan fəal diplomatiya siyasəti yürütdü. Ötən illərdə Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işi daha da gücləndirildi. Erməni yalanlarının ifşa edilməsi, beynəlxalq informasiya məkanında və diplomatiya sahəsində əvvəlki dövrdə əldə etdiyi üstünlükləri itirməsi reallaşdı. 
Dördüncüsü, Azərbaycan region ölkələri ilə əlaqələrini daha da inkişaf etdirərək, onların strateji tərəfdaşlıq səviyyəsini yüksəltməyə nail oldu. Nəticədə bölgədə təhlükəsizliyin bərqərar olmasına, inkişafa mühüm töhfə verən Azərbaycan dövləti bu zəmində formalaşan yeni reallığın müəllifinə çevrildi.  
Bütün bunlar onunla nəticələndi ki, ciddi sosial-iqtisadi problemlər yaşayan Ermənistan cəmiyyəti ayağa qalxdı. Erməni xalqı həm də əsl reallığı gördü və Koçaryan-Sarkisyanın simasında onilliklərlə insanları düşmənçilik ab-havasına kökləyərək ölkəni və xalqı qarət edən sistemi tarixin arxivinə göndərdi. 
İlham Əliyevin gerçəkləşdirdiyi siyasətin yaratdığı bu vəziyyət Dağlıq Qarabağ münaqişəsinin həllinə əlverişli imkanlar açdı. Paşinyan hakimiyyəti dönəmində Prezident İlham Əliyev strateji hədəfləri düzgün müəyyənləşdirdi. İlham Əliyev özünün müəllifi olduğu yeni reallığı vaxtında dəyərləndirərək Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail oldu, 30 illik işğala son verildi.

Belə ehtimallar mövcud idi ki, bu məğlubiyyət Paşinyan hakimiyyətinin də sonunu gətirəcək. Koçaryanın simasında bəlli qüvvələrin fəallaşmasının da kökündə bu yanaşma dururdu. Amma onların yenidən Qarabağ kartı üzərindən hakimiyyətə sahiblənmək arzusu gerçək olmadı. 

Səbəb isə vurğuladığımız kimi, Azərbaycanın 44 günlük müharibəsindəki Qələbəsi ilə yaratdığı yeni mənzərədir. 

Müharibədən sonra Prezident İlham Əliyev özünün çıxışlarında regionun gələcəyi, inkişafı, sülhlə bağlı davamlı mesajlar verdi. Bu təkcə beynəlxalq aləmə deyil, həm də erməni xalqına ümvanlanmış bir mesaj idi. Üstəlik, Prezident İlham Əliyev öz çıxışlarında Koçaryan-Sarkisyanın qurduğu ordunu məhv etdiklərini dönə-dönə bəyan etdi və bu  şəxslərin Azərbaycan xalqına qarşı törətdikləri hərbi cinayətləri vurğulamaqla onların əsl simasını ortaya qoydu. Koçaryan-Sarkisyanın “məğlubedilməz erməni ordusu” mifini alt-üst etdi.

Beləliklə, erməni xalqı müharibədən sonra iki seçim qarşısında qalmışdı: ya üçtərəfli bəyanata imza atıb Azərbaycanın qələbəsini tanıyan, sülhün yaranmasına çalışan Paşinyan, ya da revanşist hisslərlə yenidən dirçələməyə çalışan Koçaryan-Sarkisyan cütlüyü.

Nəticələr isbat etdi ki, erməni xalqı revanşist meyllərə “yox” deyir. Ermənilər acı məğlubiyyətdən sonra demoralizə olunub və  müharibədən yorulub, bezib. Və Ermənistan xalqının yaranmış regional vəziyyəti düzgün dəyərləndirməkdən başqa çarəsi qalmayıb.  

Konkret olaraq Rusiyadan ciddi dəstək alan revanşistlər bütün qüvvələrini səfərbər etsələr də iflasa uğradılar. Bundan sonra Ermənistanın siyasi arenasında tam küncə sıxışdırılan revanşistlərin heç bir siyasi perspektivi mövcud deyil. 

Başqa bir vacib məqam odur ki, seçkilər Ermənistanda Rusiyanın mövqelərinin də kifayət qədər zəiflədiyini sübut edir. Çünki Paşinyanın simasında Qərb seçkilərdə yenidən qələbə qazanıb. Paşinyanın hakimiyyət pilləsinə yüksəlməsində Qərbin açıq dəstəyi olmuşdu. Onun “Soros” Fondunun diqtəsi ilə hərəkət etdiyi hamıya bəlli məsələdir.
Rusiya isə seçkilərdə açıq formada Koçaryana hər cür dəstək göstərirdi. Geniş imkanlara malik Rusiya mediası “Ermənistan” blokunu təbliğ edir, ona hərtərəfli dəstək verirdi. Rusiya mediası anti-Azərbaycan ritorikasını gücləndirərək Koçaryanın qələbəsi üçün çalışırdı. Fəqət bütün cəhdlər uğursuzluğa düçar oldu və Rusiya öz adamını hakimiyyətə qaytara bilmədi.

Qarşıdakı dövrdə Ermənistanın bir yolu qalır: konstruktiv mövqe nümayiş etdirərərək, artıq formalaşmış yeni geo-siyasi reallığın yaratdığı imkanlardan yararlanmaq. Seçkilərin nəticəsi bu addımı doğurmasa Ermənistan daha da acınacaqlı duruma düşəcək. Çünki son illər baş vermiş siyasi dəyişikliklərə baxmayaraq, Ermənistanın iqtisadi həyatında fəallıq yoxdur. Heç bir “məxməri inqilab”, seçki  Ermənistanı xilas edə biləməyəcək. Problemlərdən xilas olmağın yeganə yolu Azərbaycanın yaratdığı yeni reallığa uyğun münasibətlər sistemi qurmaq, cəfəng iddialardan birdəfəlik əl çəkməkdir. Bu olmasa, Azrbaycanın Ermənistanı təcrid siyasəti davam edəcək və daha acı sonluq qaçılmaz olacaq...

Elman Babayev
Əməkdar jurnalist

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top