Qabil Hüseynli: "Paşinyan elə-belə adam deyil"

GÜNDƏM 16 iyn 2021, 17:52
Ötən gün Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla həyat yoldaşı Əminə Ərdoğanı Füzulidə qarşılayarkən Ağdamın mina xəritəsi ətrafında da müzakirələrə yer verilib. Ölkə başçısı erməni əsirlər müqabilində alınan xəritədəki məlumatların doğru olduğunu diqqətə çatdırıb. Həmçinin digər minalanmış ərazilərin xəritəsini almağın da bizə böyük üstünlük vəd etdiyini bildirib. Prezidentin sözlərinə görə, bu, mümkün olmasa, ərazini təmizləmə prosesi bəlkə də 10 ilə başa çatacaq.

Maraqlıdır, Ermənistanda hakimiyyət dəyişsə, terrorçuluq fəaliyyəti aşkarlanmayan hərbçilər qarşılığında digər ərazilərin də xəritəsini əldə etməyimiz mümkün olacaq?

Mövzu barədə Yenisabah.az-a açıqlama verən Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli qeyd edib ki, mina xəritəsinin doğru çıxmama ehtimalı yox idi, çünki bu, Ermənistanın reputasiyasına çox ciddi zərbə vurmuş olardı:

“Əsas məsələ yerdə qalan mina xəritəsinin alınmasıdır ki, zənnimcə, burada da böyük problem olmayacaq. Yəni Paşinyan çalışsa, o xəritələri də verə bilər. Bu, o demək deyil ki, Paşinyan bizə tərəfdir, sadəcə Paşinyan beynəlxalq ictimai rəyin rəğbətini qazanmaq üçün belə hərəkət edəcək. Proseslər davam edir. Xəritəni gec-tez verəcəklər. Çünki Ağdamın mina xəritəsini veriblərsə, digər xəritələri də verməyə məcburdurlar, bu, beynəlxalq konvensiyalarda öz əksini tapmış müddəalardır. Biz hətta bunu beynəlxalq tribunal səviyyəsində də qaldıra bilərik. Sadəcə onlar xəritələr əvəzində nəsə, məsələn, diversantların qalanını, sərhəd məsələsinsdə müəyyən güzəştlərin edilməsini istəyirlər. Amma hər halda bir variant tapıb mina problemini həll edəcəyik”.

Politoloq Ermənistanda parlament seçkilərinin çox gərgin olacağını və ciddi qarşıdurmalarla müşayiət ediləcəyini də diqqətə çatdırıb:

“Paşinyanın qələbə çalma ehtimalı daha böyükdür. Amma rus barmağı işə keçsə, seçkilərə hiylə qatsalar, vəziyyət ağırlaşacaq. Lakin Paşinyan da elə-belə adam deyil, o saxtalaşdırılmış seçki nəticələrini heç zaman qəbul etməyəcək. Vəziyyəti Ter-Petrosyanın dediyi ilə izah etsək, ölkəni vətəndaş müharibəsi təhlükəsinin də gözlədiyini ehtimal etmək olar”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top