Aslan İsmayılov: "Bu, yuxudurmu?!"

GÜNDƏM 16 iyn 2021, 15:26
Bu yuxudurmu?!

Bəli, sübh tezdən oyandım və dünən baş verənləri göz önünə gətirəndə bu sualı özümə verdim. Yadıma uzaq 1985-88-ci illər düşdü. O vaxtlar tutduğum vəzifə ilə əlaqədar SSRİ-nin rəhbərliyində təmsil olunanlarla, xüsusilə Kommunist Partiyasının Baş Katibi Mixail Qorbaçovun yüksəlməsində rolu olan, SSRİ-də baş verən prosesləri içindən bilən, dostluq etdiyim, artıq 70 yaşında Stavropolda Pedoqoji İnstitutun rektoru kimi vaxtını keçirən Boris Valentinoviç Smirnovla söhbətlərdən çoxları kimi mən də SSRİ-nin çökəcəyinə əmin idim. 1988-ci il sentyabrın 5-də Bakıda ilk dəfə Respublika Prokuroru İlyas İsmayılovun qəbulunda olarkən aparatda prokuror vəzifəsi təklif edildi. Stavropolda vəzifədən azad edilməyimdə problemlər yarandığından ancaq 1989-cu il aprelin 3-də Bakıya gələ bildim. İşə başlayan ilk günlərdən gələcəklə bağlı fikirlərimin aparatda işləyənlərdən tamam fərqli olduğunu gördüm. O dövrlər mənim kimi, Rusiya və başqa respublikalarda işləyən, vəzifələri, imkanları olan yüzlərlə cavan insan Bakıya müxtəlif strukturlara müstəqil Dövlət qurmaq arzuları ilə gəlmişdilər. Bakıda, vəzifəlilər arasında isə başqa əhval ruhiyyə var idi. Kimlər vəzifələrini qorumaq, kimlər isə qarışıqlıqdan istifadə edib daha yüksək vəzifələr almaq barədə düşünürdü. Müstəqilliyə gedən ən doğru yolu isə bu gün çoxlarının bəyənmədikləri Ziyalılar görür və deyirdilər. Artıq 1990-1992-cü illərdə Azərbaycana müstəqillik arzusu ilə gələnlərin çoxları geri qayıtdı. Qalanlar isə məhz bu ziyalılara görə qaldılar. Bu günlə müqayisədə əminliklə deyirəm ki, o Ziyalılar tamam fərqli insanlar idilər. Bəxtiyar Vahabzadə, Ziya Bünyadov, İsmayıl Şıxlı, Xudu Məmmədov, Tofiq Bağırov, Vasif Adıgözəlov, Aydın Məmmədov, Yusif Səmədoğlu, Məmməd Xələfov, Nurəddin Rzayev və adlarını çəkmədiyim bir çoxları öz həyatlarını riskə ataraq müstəqillik fikrini və yollarını durmadan yayırdılar. Onlar bu yolun nə qədər çətin olduğunu anladıqlarından həm vəzifəlilərə, həm də vətəndaşlara bu yolun istiqamətlərini göstərirdilər. Ancaq nə yuxarılar, nə də aşağılar onları başa düşmək istəmirdi və hər ikisi bütün vasitələrlə onları ləkələmək istəyirdilər. Məhz buna görə də müstəqillik yolunda uzun və çox ağrılı yol keçdik.

Bakıda heç bir qohumum, tanışım olmadığından hadisələri kənardan izləməklə baş verənləri daha doğru görə bilirdim. Adlarını sadaladıqlarımın əksəriyyətini şəxsən tanıyır və söhbətləşirdim. Ona görə də bu gün müstəqillik yolunda heç kimin əziyyətini kölgələməməklə o böyük Ziyalıların əməyini bir daha qeyd etmək istəyirəm. Əminəm ki, gələcək nəsillər bu İnsanların müstəqillik yolunda atdıqları addımları, üzləşdikləri çətinlikləri, ağrıları daha ətraflı araşdırıb insanlara çatdıracaqlar. Bu tək o İnsanlara yox, hamımıza lazımdır. Bu gün ziyalı adlandırdıqlarımızın susduqları, yaxud züy tutduqları dövrdə o ziyalıların yeri və miqyası daha aydın görünür. Əminəm ki, bu günlər baş verən hadisələrə görə onların ruhu çox şaddır, çünki onların arzuları reallaşır. Nə qədər çətin olsa da artıq Azərbaycan Dövləti özü istədiyi Dövlətlə istədiyi müqaviləni bağlayır. Bu gün müstəqilliyimizin qarantı kimi artıq sözdə, ifadələrdə yox, hüquqi sənədlərdə Türkiyə kimi qüdrətli Dövlət dayanır. Türkiyə Dövlətinin başçısı Rəcəb Tayyip Ərdoğan Azərbaycan Dövlətinin başçısı İlham Əliyevlə Şuşa şəhərində müttəfiqlik müqaviləsi imzalayırlar. Bu, həmin Ziyalıların arzusu idi. Bu gün onların hamısına gözünüz aydın, ruhunuz şad olsun deyirəm!

Aslan İsmayılov
Hüquqşünas
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top