Aslan İsmayılov: "Əgər balalarınızın xoşbəxt olmasını istəyirsinizsə, ədalətli cəmiyyət qurun"

GÜNDƏM 01 iyn 2021, 15:00
“Əvvəllər də yazmışdım ki, heç vaxt yaşıdlarımla oturub-durmadım. Həmişə yaşca özümdən böyüklərlə oturub durardım, bu mənə daha maraqlı gələrdi. Təxminən 40 yaşımdan sonra uşaqlarla ünsiyyət mənə daha maraqlı olmağa başladı. 

Uşaqlar həmişə səmimidirlər. Doğmalıq bağından asılı olmayaraq münasibətin səmimi və ya saxta olduğunu dərhal dərk edib ona uyğun münasibət bəsləyirlər. Bu uşaqlar günündə böyüklərə müraciət edirəm. Bu günkü cəmiyyəti qurmaqla biz saf, heç bir günahı olmayan uşaqlarımızın gələcəyini kirləyirik demirəm, məhv edirik. Onlara layiq olduqları həyatı vermirik”.

Demokrat.az xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov deyib.

“Özü də dediklərim həm kasıbların, həm də varlıların balalarına aiddir. Onlar hamısı həyata təmiz, saf varlıq kimi göz açırlar. Sonralar isə hər ikisi kirlənir və böyüklərin günahının bədəlini ödəyirlər. Bunlardan biri maddiyyat içində, digəri aclıq içində böyüyür, boğulur. İkisinin də həyatı məhv olur. Birilərini acgözlər, vəzifələrindən istifadə edib digərilərinin haqlarını yeyənlər, başqalarının haqlarının yeyilməsi hesabına böyüyən balaları isə həyat özü məhv edir. Həyatın ədalətli olmasına isə heç vaxt şübhə etməmişəm və etmirəm! Bu barədə heç kim mənimlə mübahisə etməsin. Bu yaşıma gördüyüm hər kəsin etdiklərinin nəticəsini yaşadıqlarını həyatım boyu görmüşəm. Çoxları deyəcəklər ki, "Aslan İsmayılov nağıl danışır, necə milyonlar sahibi bədbəxt ola bilər?" Olurlar, özü də lap çox! Çoxlarının həyatını yaxından izləmişəm və onların milyonlar içində necə də bədbəxt olduqlarını görmüşəm. Mən hələ başqa tərəflərini demirəm. Ona görə də böyüklərdən xahiş edirəm. Əgər balalarınızın xoşbəxt olmasını istəyirsinizsə ədalətli cəmiyyət qurun, insanlarla ədalətli davranın, yaşayın. Sözlərimi qəribçiliyə salanlar isə haram pullar hesabına milyonlar, milyardlar yığmış varlıların həyatlarını incələyin, balalarının taleyinə baxın. Özü də heç uzağa getməyin, elə Azərbaycanda araşdırın. Ancaq bu incələməni və gəldiyiniz nəticəni 1-2 il üçün yox, daha uzun müddətə araşdırın. Vaxtı nə qədər uzun götürsəniz, nəticəni də o qədər aydın görəcəksiniz...” – A.ismayılov qeyd edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top