Deputat: “Geri çəkilmək ermənilər üçün ağrılıdır”

MÜSAHİBƏ 29 may 2021, 15:52
Milli Məclisin deputatı Nəsib Məhəməliyev müsahibə verib.

Demokrat.az müsahibəni təqdim edir:

- Nəsib müəllim, 28 May-Respublika Günü ilə əlaqədar Prezident İlham Əliyevə dünyanın aparıcı dövlət başçıları təbrik məktubları ünvanlayırlar. Bu məktublarda diqqətçəkən hansı məqamlardır?

- Xoş haldır ki, dünyanın aparıcı dövlət başçıları Azərbaycana, Prezident İlham Əliyevə hörmətlərini ifadə edirlər. Dünya qəbul edir ki, Azərbaycan dərin dövlətçilik ənənələrinə malikdir, 100 il əvvəl Şərqdə o dövr üçün ən mütərəqi, hətta bir çox Avropa ölkələrinə nümunə ola biləcək hüquqi, demokratik cümhuriyyət qurub. Hələ o zamanlar çoxpartiyalı, milli azlıqların, o cümlədən erməni fraksiyasının təmsil olunduğu parlament, 2 erməni əsilli nazirin təmsil olunduğu hökumət formalaşdırılmışdı, qadınlara Şərqdə ilk dəfə seçmək və seçilmək hüququ verən qanunlar qəbul edilmişdi. Bütün bunlar Azərbaycan xalqının dövlətçilik ənənələrinin göstəricisidir. Hər kəsə bəllidir ki, dünyada beş minə yaxın millət, etnik qrup mövcuddur, amma bunların cəmi iki yüzünün dövləti var. 1918-ci ildə demokratik cümhuriyyətin yaradılması Azərbaycan xalqının potensialını göstərir. Xüsusilə qeyd etməliyəm ki, Prezident İlham Əliyevə ünvanlanan təbriklər Azərbaycanın dövlətçilik tarixinə olan hörmətdir. ABŞ, Çin və Avropanın aparıcı dövlətlərinin başçıları təbriklərində Azərbaycanın güclü dövlət olduğunu vurğulayıblar, əməkdaşlıqda maraqlı olduqlarını ifadə ediblər. Vətən müharibəsindən sonra yaranmış geosiyası reallıqları məhz Azərbaycan dövlətinin, onun liderinin yaratdığının fərqindədirlər. Bu, olduqca xoşdur.

- Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda qeyd olunub ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri olaraq münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiq qalır. Sizcə, ATƏT-in Minsk Qrupu hansı faydanı verə bilər?

- Bayden hakimiyyətə gələnə qədər birtərəfli, ermənilərin xeyrinə mövqe sərgiləyirdi. Amma sonrakı dövrdə müəyyən yumşalmalar hiss olundu. Bilirsiniz ki, “Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş bu il üçün də müvəqqəti dayandırılıb. Silah satışı ilə bağlı embarqo götürülüb və s. Bu, Bayden administrasiyanın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu göstərir. Qeyd etməliyəm ki, Qarabağ münaqişəsi, artıq tarixin arxivinə qovuşub. Azərbaycan 2020-ci ildə əks hücum əməliyyatları keçirməklə BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi. Bu da faktdır ki, ermənilər və onlara himayədarlıq edən qüvvələr Azərbaycanın qələbəsini həzm etməyə çətinlik çəkirlər. Dünyada həm türkəfob, həm də islamafob güclər var ki, bundan öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. Onlar biabırçı məğlubiyyətə uğramış Ermənistanı reabilitasiya etmək istəyirlər. ATƏT-in Minsk Qrupu və digər vasitələrlə danışıqları bərpa etməyə çalışırlar ki, ermənilər üçün əlavə dividentlər əldə etsinlər. İndiki geosiyasi reallıq bu qüvvələrin ənənəvi siyasətlərinə ziddir. Amma bunlara baxmayaraq, ATƏT-in Minsk Qrupu ilə əməkdaşlıq, diplomatik səylər davam etdirilməlidir. Biz danışıqlar prosesindən qaça bilmərik. Prezident İlham Əliyev çıxışlarının birində qeyd etdi ki, nəyi, nə zaman, necə edəcəyini yaxşı bilir. Əlbəttə ki, 44 günlük Vətən müharibəsi, ondan əvvəlki uğurların əldə edilməsi göstərdi ki, hər şey cəmiyyətdə baş verən ictimai proseslərdə olduğu kimi deyil, yəni proseslər idarə olunur. Bu prosesləri idarə edən güclü, təcrübəli qüvvə var, o da Prezident İlham Əliyevdir. Tam əminəm ki, xalqın mənafeyinə zidd addımın atılması mümkün deyil, maraqlarımız peşəkarcasına qorunur.

- 44 günlük Vətən müharibəsinin önündə Ali Baş Komandan İlham Əliyev gedirdi. Həm müharibə dövründə, həm də sonrakı mərhələdə - informasiya müharibəsinə Prezident İlham Əliyev başçılıq edir... Bu barədə fikirləriniz maraqlı olar...

- Vətən müharibəsində olduğu kimi, informasiya müharibəsinə də Prezident İlham Əliyev rəhbərlik edir. Dövlət başçısının müharibə vaxtı dünyanın nüfuzlu telekanallarına verdiyi müsahibələrindəki peşəkar cavablar belə bir nəticəyə gəlməyə əsas verdi. Hətta bəzi jurnalistlərin qərəzli, düşmən mövqeyindən çıxış edərək verdikləri sualları dövlət başçısı tam dəqiqliklə, tarixi faktlara söykənərək cavablandırır, mövcud geosiyasi reallıqları dəqiqliklə ifadə edirdi. Prezident İlham Əliyev informasiya müharibəsinin önündə gedir, nəticə də göz qabağındadır. Baxın, xarici diplomatların, jurnalistlərin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfərlərinin təşkil edilməsi informasiya müharibəsinin tərkibi kimi qiymətləndirilməlidir. Dünya birliyi gördü ki, ermənilər necə dağıdıcı, vəhşi millətdir. Ermənilər üçün müqəddəs nəisə yoxdur, tarixi primitiv şəkildə saxtalaşdırmağa cəhd edirlər. Onlar təkcə məscidləri deyil, xristianlara məxsus abidələri də dağıdıblar. İnanmıram ki, dünyada ermənilərdən başqa hansısa millət qəbirləri qazsın...

Müharibə informasiya müstəvisində davam edir, arxayınlaşmaq olmaz. Bu müharibəni Prezident və onun komandası mükəmməl şəkildə həyata keçirir.

- Bir neçə gün öncə, Avropa Parlamenti Azərbaycanın əleyhinə qətnamə qəbul etdi. Erməniləri niyə bu qədər müdafiə edirlər?

- Azərbaycan balanslaşdırılmış, maraqlarına uyğun müstəqil siyasət yürüdür, bu da bəzi qüvvələri narahat edir. Avropa Parlamentinin çıxardığı qətnamə qanunsuzdur, beynəlxalq hüquq normalarına, demokratik ənənələrə ziddir. Çünki Azərbaycanda hərbi əsirlər yoxdur. Saxlanılan ermənilər isə, əsir deyil, diversantdırlar. Həmin şəxslər müharibə bitdikdən sonra Azərbaycan ərazisinə keçməyə cəhd göstəriblər, 4 hərbi qulluqçumuzu, 1 mülki vətəndaşımızı öldürüblər. Üstəlik, Avropa Parlamenti tələb edir ki, Bakıdakı Hərbi Qənimətlər Parkı ləğv edilsin...

- Dünya təcrübəsində belə nümunələr var...

- Bəli. Bu, ona görə nümayiş etdirilir ki, gələcək nəsillər diqqətli olsunlar, səhvə yol verməsinlər. Hərbi Qənimətlər Parkının yaradılmasında qəbahət nədir ki? Əlcəzairdə və digər yerlərdə törədilən soyqırımların əsas iştirakçılarının başları Fransanın muzeylərində nümayiş etdirilir. Hərbi Qənimətlər Parkında mülkü əhaliyə qarşı istifadə edilən S-300, “İsgəndər-M” raketlərinin və digər silahların, hərbi texnikanın qalıqları nümayiş etdirilir. Bu silahlarla dinc insanlar qətlə yetirilib. Avropa Parlamentinin qəbul etdiyi qətnamə başadüşülən deyil. Bu, insanlarda haqq-ədalətə inamı sındırmaqdır. İkincisi, ermənilərin yalan məlumatları əsasında nəticəyə gəliblər ki, guya Azərbaycan qoşunları Ermənistana daxil olub. Bunu yoxlamaq çox asandır. Sovet dövrünün xəritələrinə uyğun olaraq delimitasiya işləri aparılmalıdır. Avropa Parlamenti obyektivlik nümayiş etdirmək istəsəydi, 3-4 nəfərlik komissiya göndərə bilərdi, məsələ yerindəcə araşdırılardı. Avropa Parlamenti heç bir yoxlama aparmadan ermənilərin vay-şüvənliyinə uyğun qətnamə çıxarır... Bu, absurddur. Belə qətnamələr Avropa Parlamenti kimi qurumlara inamı sarsıdır. Qarabağ və ətraf 7 rayon 30 ilə yaxın işğal altında qaldı, bu ərazilərdə dövlət sərhədi yox idi, cəbhə xətti idi. Ermənilər elə bilirdilər ki, torpaqlar birdəfəlik işğalda qalacaq. İndi geri çəkilmək ermənilər üçün ağrılıdır.

- Sərhədlə bağlı dəqiq xəritə varmı?

- Ən doğru xəritələr Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahının Geodeziya-kartoqrafiya idarəsi tərəfindən hazırlanmış xəritələrdir. Burada ərazilər tam dəqiqliklə göstərilir.

- İndi iş həmin xəritələr üzrə gedir?

- İş bu xəritələr üzrə getməlidir, başqa söhbət ola bilməz. Bu xəritələrdə Qaragöl bütövlükdə Azərbaycan ərazisi kimi göstərilib.

- Prosesi başa çatdırmaq mümkün olacaqmı?

- Azərbaycan həmin xəritələrə əsasən hərəkət edir. Ermənilərin həyasızlıqları daxili ictimai-siyasi vəziyyətlə əlaqədardır. Bir-birilərinə düşmən olan qüvvələr seçkiöncəsi bu məsələləri ortaya atırlar. Hazırda hansısa erməni siyasətçisi sağlam məntiqlə çıxış etsə, ermənilər onu məhv edərlər. Erməni cəmiyyəti “böyük Ermənistan” ideyasının xəstəliyinə tutulub... Bu, çox ciddi məsələdir.

- Rusiya hazırda regionda hansı rolu oynayır, Azərbaycana faydası varmı?

- Ümumiyyətlə, Rusiya ilə münasibətlərimiz qənaətbəxş hesab etmək olar. Ancaq bəzi məsələlər var ki, qaranlıq qalır. Məsələn, Rusiya Azərbaycana “İsgəndər-M” raketinin atılması ilə bağlı suala cavab verməyib. Qarabağ ərazisindən erməni silahlılarının çıxarılması tam təmin edilməyib. Əldə olunan razılaşmaya əsasən, Qarabağda heç bir qondarma qurum ola bilməz, həmin ərazilər Azərbaycana məxsusdur. Baş verənlər Rusiyanın bölgədə öz maraqlarına uyğun siyasət apardığını göstərir.

- Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötdü. Cümhuriyyət qurucuları müasir Azərbaycanı görsəydilər, nə düşünərdilər?

- Xalq Cümhuriyyətinin qurucuları müasir Azərbaycanı görsəydilər, fəxr edərdilər. XX əsrin əvvəllərində çox ciddi proseslər baş verirdi, sərhədlərimiz müəyyən olunmamışdı, düşmən də təxribatla məşğlu idi. Əminəm ki, onlar bugünkü Azərbaycana baxsaydılar, fəxarət hissi keçirərdilər. Hazırda Azərbaycan regionun lider dövlətidir.(pravda.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top