Qabil Hüseynli: “Azərbaycan Ermənistanın təxribatlarının qarşısını almaq üçün Moskvaya müraciət etməlidir”

GÜNDƏM 26 may 2021, 16:12
"Azərbaycan Ermənistanın təxribatlarının qarşısını almaq üçün Moskvaya müraciət erməlidir. Çünki bu prosesin patronu məhz Moskvadır. Rusiya ermənilərə qulağburması verərək onların sərhəddə atəş açmalarının qarşısını ala bilər. Bu məsələnin müharibə yolu ilə həlli yoxdur".

Bunu Pravda.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, Ermənistanın bir neçə istiqamətlərdə atəşkəsi pozması yeni müharibəyə səbəb ola bilməz: "Ermənilər atəşkəsi pozaraq məsuliyyəti bizim üzərimizə atmaq istəyirlər ki, guya atəşkəsi biz pozmuşuq. Qeyd edim ki, onların hərbi hissələrində, yəni ermənilər arasında da atışma olub, bir nəfər erməni əsgəri də daxili nizamnamə pozuntularına görə özünü asıb. Bunu da azərbaycanlıların boynuna yıxmaq istəsələr də, əsgərin bədənində bir dənə güllə izi tapılmayıb. Bildiyimiz kimi, Prezident İlham Əliyevlə Nikol Paşinyanın Ermənistandakı seçkilərdən öncə Moskvada görüşü baş tutmalı idi. Həmin Moskva görüşünü pozmaq, sülh yaratma prosesinin qarşısını almaq üçün daxildəki “Qarabağ klanı” kimi revanşist qüvvələr vəziyyəti bu cür gərginləşdirirlər. Onlar Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Rusiya ilə üz-üzə qoymaq istəyirlər. Yaxşı ki, Rusiya sülhməramlıları Azərbaycanın atəşkəsi pozmadığını təsdiq edir. Lakin təəssüf ki, bu cür təxribatlar bundan sonra da davam edə bilər və çalışarlar ki, Azərbaycan tərəfi də atəşkəsi pozsun. Lakin Azərbaycan hələki atəş açmaq fikrində deyil. Belə təxribatların qarşısını almaq üçün Azərbaycan Moskvaya müraciət erməlidir".

Qeyd: Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub. Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb. Cavab atəşi açılmayıb. İtki yoxdur.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top