Karantin rejimi yumşaldıldı — İndi biz nə etməliyik? (TƏHLİL)

TƏHLİL 26 may 2021, 10:20
Uzun müddət gözlədiyimiz yumşalmalar nəhayət başladı. Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejiminin yumşaldılması, o cümlədən, pandemiya ilə mübarizənin növbəti mərhələsi haqda mühüm qərarlar verdi. 

Açıq havada tibbi maskadan məcburi istifadə qaydası götürüldü, Bakı Mtetropolitenin fəaliyyəti bərpa edildi, regionlararası marşrut xətlərinin fəaliyyətinə icazə verildi, ibadət yerləri, iri ticarət mərkəzləri açılır. 

Burada vacib məqam karantin rejiminin yumşalmasına imkan yaradan şəraitin yetişməsi və bu şəraiti yetişdirən dövlət siyasətidir. 

Yoluxma statistikasında müsbətə doğru ciddi dəyişiklik baş verdi. Minlərlə olan yoluxma sayı artıq 100-200 arası dəyişir, buna paralel olaraq, sağalanların sayı yoluxanlarla müqayisədə iki dəfədən çoxdur.  

Bu müsbət mənzərənin yaranmasının səbəblərinə baxmaq lazımdır.

Azərbaycan pandemiyaya qarşı mübarizədə lap əvvəldən doğru strategiya tətbiq etdi. Bu, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq olunan və dünyada ən effektiv təcrübə hesab edilən karantin rejiminin tətbiq edilməsi idi. Azərbaycanı digər ölkələrdən fərqləndirən əsas amil karantin rejimində vətəndaşların sosial rifahının yüksəldilməsi istiqamətində atdığı addımlardır.

Vətəndaşının həm sağlamlığını, həm də sosial rifahını düşünən dövlət hər iki istiqamətdə mühüm addımlar atdı. İş yerləri bağlanmadı, sosial müavinətlər artırıldı, insanlar evdə otursalar da, əmək haqlarını ala bildilər. 

Bununla yanaşı, ən müasir tibbi avadanlıqlar ölkəyə gətirildi və koronavirusa qarşı sistemli mübarizə təşkil olundu. 

Ən vacib məqamlardan biri isə vaksinasiya prosesinin həyata keçirilməsidir. Azərbaycan dünyada bu prosesə başlayan ilk ölkələr arasındadır. 

Ümumdünya Səhiyyət Təşkilatı tərəfindən təsdiqlənmiş vaksinlərin hər biri Azərbaycanda var və vətəndaşlara seçim imkanı yaradılıb. 

Bu addımların nəticəsində yumşalma qərarlarının qəbul edilməsinə imkanlar yarandı. Dünyanın bir sıra ölkələrinin hələ də tam qapanma şəraitində olduğu vaxt Azərbaycanda yumşalmalara gedilməsi şəraitinin yaranması pandemiyaya qarşı mübarizədə əsas uğurlardan biri hesab oluna bilər. 

Mübarizə effektini verdi və bu işdə başda dövlətin həyata keçirdiyi siyasət olmaqla, həkimlərimizin və məsuliyyətli vətəndaşlarımızın rolu böyükdür. Məhz belə davam etmək, digər qadağaları da aradan götürmək üçün vətəndaş məsuliyyətinə yenə ehtiyac var. Çünki yumşalmalarla bağlı qərarların verilməsi pandemiyanın bitdiyi demək deyil və məsuliyyətsizlik yenə əvvəlki qadağaları gətirə, daha çətin vəziyyət yarada bilər.  

Metronun, ibadət yerlərinin, iri ticarət mərkəzlərinin açılması, açıq məkanlarda maska məcburiyyətinin götürülməsi qərarından düzgün istifadə edilməsi, iki məsələyə diqqət yetirilməlidir.

Birincisi, təhlükəsizlik tədbirlərinə riayət edilməli, qapalı məkanlarda qoruyucu maskadan istifadəyə, sosial məsafənin saxlanılmasına laqeyd yanşılmamalıdır.
İkincisi, vətəndaş məsuliyyəti daha güclü olmalı, ümumi işə öz töhfəsini verməlidir.

Yoluxma sayının azalmasına baxmayaraq, ölüm sayının hələ də yüksək olması da təhlükənin hələ də əvvəlki miqyasda olduğunu göstərir.

Ən vacib qərarlardan biri isə Covid pasportlarının verilməsidir. Bu həm vaksinləşməni sürətləndirəcək, vaksinləşmə artdıqca, digər məhdudiyyətlərin də aradan qaldırılması imkanları yaranacaq. Hər iki dozanı qəbul edərək vaksin olunan şəxslərin bu doğru seçimin üstünlüklərindən istifadə etməyə başlaması digər vətəndaşları da vaksin olunmağa təşviq edəcək. Operativ Qərargahın Covid pasportlarla bağlı qərarı pandemiya ilə mübarizənin növbəti mərhələsində müsbət nəticələrə səbəb olacaq.


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top