190 manat üçün müraciət edənlərin ailə gəlirləri nəzərə alınmayıb — RƏSMİ

SOSİAL 24 may 2021, 21:17
Statistik məlumatlara əsasən məşğulluq orqanları tərəfindən 2019-cu ildə 81 min 272 nəfər işsiz şəxs kimi qeydiyyata alınıb. Lakin respublika üzrə xüsusi karantin rejiminin tətbiq edildiyi ilkin dövrdə, yəni aprel ayında Məşğulluq Agentliyi tərəfindən 600 min nəfərə birdəfəlik ödəmə həyata keçirilib.

Bu “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksini tapıb.

Nazirlər Kabinetinin Qərarına əsasən 2020-ci ildə birdəfəlik ödəmə aprel-avqust və dekabr aylarını əhatə etməklə, xüsusi  karantin rejiminin tətbiq olunduğu ərazilər üzrə həyata keçirilib.

Statistik məlumatlara əsasən hesabat ilində məşğul əhalinin sayı 4 milyon 876,6 min nəfər olmaqla iqtisadi fəal əhalinin 92,8 faizini təşkil edib ki, bu da əvvəlki ilin müvafiq göstəricisindən 2,4 faiz bəndi azdır.

Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar birdəfəlik ödəmənin ailələrə deyil, yalnız işsiz kimi qeydiyyata alınmış şəxsə ünvanlanması bu hüququn formalaşdırılması zamanı ailə gəlirlərinin nəzərə alınmamasına səbəb olub.

“Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması  ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən birdəfəlik ödəminin ünvanlılığı ailəyə deyil, konkret fərdə, yəni işsiz kimi qeydiyyata alınmış şəxsə aid edilib.

Eyni zamanda, qaydada ailə üzvləri deyərkən əsasən ər və ya arvad nəzərdə tutulmuş, yalnız ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinin birdəfəlik ödəmə almaq hüquqlarının olmadığı qeyd edilib, digər hallarda isə yaşı 18-dən yuxarı olan ailənin digər üzvlərin mövcud şərtlər daxilində işsiz kimi qeydiyyata alınmaqla ödəmə ilə təmin hüququnun olduğu qeyd edilib.

Lakin fəaliyyətin təşkili zamanı ödəmə üçün müraciət etmiş şəxsin birgə yaşadığı ailənin ümumi gəlirlərinin nəzərə alınmaması ailənin ümumi gəlirlərinin ailə üzvlərinin sayına nisbəti əsasında müəyyən edilən və hər bir ailə üzvünə düşən gəlirin ölkə üzrə müəyyən edilmiş yaşayış minimumdan çox olması hallarında da müraciət etmiş və işsiz kimi qeydiyyata alınmış şəxslərin ödəmə ilə təmin olunmasına əsas verib.
Oxu.Az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top