Elman Nəsirov: "Zəngəzur dəhlizinin açılmasının Ermənistan üçün də böyük faydaları var"

GÜNDƏM 24 may 2021, 15:19
"Unutmamaq lazımdır ki, Zəngəzur dəhlizinin açılması tək Azərbaycanın məsələsi deyil. Bu məsələdə Rusiya və Ermənistan tərəfinin də ortaq mövqeyi var və bu, rəsmi sənədlərdə öz əksini tapıb və bu istiqamətdə işlər davam etdirilir".

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Zəngəzur dəhlizinin açılması məsələsinin gecikməsi ilə bağlı danışarkən deyib:

"Azərbaycanın bu istiqamətdə atdığı addımlar beynəlxalq hüquqa uyğundur və qanunazidd heç bir məsələ yoxdur. Zəngəzur dəhlizinin işə salınmasının Ermənistan üçün də çox böyük faydaları var, çünki Ermənistan faktiki olaraq blokada şəraitindədir. Ermənistan bu dəhlizdən istifadə edərək blokadadan çıxa, Azərbaycan üzərindən keçməklə İran və Rusiya ilə əlaqələr qura bilər. Bu, Ermənistan iqtisadiyyatı üçün hava, su kimi zəruri bir addımdır".

Deputatın fikrincə, dəhlizin açılması Ermənistanda keçiriləcək seçkilər səbəbilə gecikir:

"Görünür ki, Ermənistanda realist deyil, populist siyasət üçün münbit şərait var. Xüsusilə ölkədə seçkilərə az bir müddət qalmış Zəngəzur dəhlizinin açılması kimi məsələlərdən tərəflər bir-birinə təzyiq elementi kimi istifadə edirlər. Qısacası, Paşinyan tərəfi Zəngəzur dəhlizinin açılması ilə bağlı real addımlar atmağa başlasa, bu, guya Paşinyanın satqınlığı, xəyanətkarlığı, ermənilərin maraqlarına növbəti zərbə kimi qiymətləndirilə bilər ki, bu da seçkilərdə onun şansını xeyli zəiflədər. Yəni 20 iyunda keçiriləcək seçkilərə qədər Ermənistan tərəfinin hər cür populist bəyanatının şahidi ola bilərik. Real vəziyyət isə seçkilərdən sonra üzə çıxacaq və vəziyyət diqtə edir ki, Zəngəzur dəhlizi açılacaq. Həmçinin seçkilərdən sonra münasibətlərin dinc yolla qaydasına düşəcəyinə inanıram".

O, Ermənistan tərəfinin dəhlizin açılmasına zidd hansısa addımına qarşı güc faktorunun işləyəcəyini istisna etməyib:

" Zəngəzur dəhlizinin açılmaması ehtimalı yaransa, Azərbaycan tərəfinin bununla bağlı da prinsipial mövqeyi var. Azərbaycan tərəfinin mövqeyi bu məsələnin dinc yolla həll edilməsidir, lakin bu, baş verməsə, digər vasitələr də mümkündür və burda güc faktoru da var. Məsələdə digər təzyiq vasitələri də var ki, bu da Laçın dəhlizi ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, ermənilər üçün Laçın dəhlizi olduqca vacib faktordur. Necə olur ki, 10 noyabr bəyanatından irəli gələrək Laçın dəhlizi fəaliyyət göstərir, amma eyni sənəddə əks olunan Zəngəzur dəhlizi məsələsi hələ də həll olunmasın?  Bu, mümkün deyil, sənəd icra olunursa, tam icra olunmalıdır. Bəyanatdakı hansısa bəndin icra olunmaması ondan imtinaya səbəb ola bilər. Lakin bu, məntiqsiz görünür. Düşünürəm ki, hətta uzaq Çində də səbirsizliklə gözlənilən Şərq-Qərb nəqliyyat dəhlizinin açılması zərurətdir, zamanın tələbidir. Bu, obyektiv prosesdir və qarşısını almaq qeyri-mümkündür. Bu məsələnin həll olunması üçün sadəcə gözləmək lazımdır. 20 iyun seçkilərindən sonra proseslərin müsbət istiqamətdə inkişaf edəcəyini düşünürəm".

Aygül Qarayeva 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top