"Gömrük Komitəsi İqtisadiyyat Nazirliyinə birləşdirilməlidir" — İqtisadçıdan ÇAĞIRIŞ


İQTİSADİYYAT 24 may 2021, 11:00
"Azərbaycan dövləti ciddi şəkildə korrupsiyaya qarşı mübarizə tədbirlərinə çoxdan start verib. Bunun nəticəsi olaraq vaxtaşırı həbslər haqda eşidirik. Dövlət Gömrük Komitəsində baş verənlər məhz bu zərurətin ortaya çıxardığı bir nəticə idi. Son zamanlarda gömrük orqanlarından ciddi narazılıqlar vardı. Bunun da kökündə duran səbəblərdən biri korrupsiya motivli olsa da, digər səbəb gömrük xidmətində fiziki və hüquqi şəxslərin nəzərdə tutulandan daha artıq rüsum və digər öhdəliklərlə yüklənməsi idi". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov bildirib. 

Onun sözlərinə görə, cari ilin statistikasında da gömrük orqanlarının fəaliyyəti ilə bağlı uyğunsuzluq var:

"Bir misal deyim. Ötən ay Maliyyə Nazirliyinə istinadən bildirilirdi ki, 2021-ci ilin I rübündə büdcəyə daxilolmalar Dövlət Gömrük Komitəsinin xətti ilə nəzərdə tutulandan 20,2 faiz çox olub. Bu xəbəri yeni oxuyanda adam sevinir ki, əladır. Əlavə pula niyə də sevinməyək. Amma sonra düşünürsən ki, gömrükdə proqnoz ediləndən 1/5 qədər, yəni 20 faizdən artıq vəsaitlər necə yığıla bilər?

Birincisi, ya 2021-ci il haqqında olan büdcə proqnozu qeyri-peşəkarlıqla hazırlanıb, 15-25 faizli xətalarla yol verilib, amma təbii ki, bu inandırıcı deyil. 
İkincisi, bəlkə iqtisadi aktivlik artıb, xarici ticarət əməliyyatları, ələxsus da, idxalın səviyyəsi proqnoz ediləndən daha artıq olub. Amma statistika göstərir ki əksinə bu da azalıb. Belə ki, xarici ticarət dövriyyəsi həcmi də azalıb, o cümlədən 2020-ci ildə I rübündə 2,63 milyard dollarlıq idxal, 2021-ci ilin I rübündə azalaraq 2,53 milyard dollar olub. 

Statistika olmadan da valyuta axının məhdudlaşdırıldığı və iqtisadi aktivliyin azaldığı bir şəraitdə idxalın azalması gözləniləndir. Demək ki, yığımın artım səbəbi idxalın artımı deyildi. Bəs onda səbəb nədir? 

Deməli, səbəb üçün üçüncü amil daha real görünür. Yəni bu artım Dövlət Gömrük Komitəsində idxal məhsullarına  görə təqdim edilən invoysların qəbul edilməməsi, yenidən qiymətləndirmə və sairə kimi səbəblərdən ola bilər. Bu, daha real səbəb kimi görünür. Çünki yenidən Komitə tərəfindən aparılan daha yüksək qiymətləndirmə, eləcə də bu və ya digər səbəblərlə rüsumların yenidən yuxarı məbləğdə yığılması planın 120 faiz yerinə yetirilməsinə gətirib çıxarıb. Bu, qulağa xoş gəlir. Amma fəsadları yoxdurmu? 

Var. Gömrükdə əlavə yüklənmələr hara yığılır? Məhsulun qiymətinin üzərinə. Sonda yazıq istehlakçı məhsulla bərabər onun belində olan o yükü də daşımalı olur. Başqa sözlə, qiymətlərin artımına gətirib çıxaracaq ciddi səbəblər yaradılır. 

Gəlin, bir bənzətmə edək. Məsələn, komanda üzvlərindən birinin fərdi fəaliyyəti mənfəətli ola bilər. Amma bu fərdi fəaliyyət ümumi işin, ümumi komandanın mənafeyinə, ruhuna mənfi təsir edirsə, bu fəaliyyət faydalı yox, zərərli fəaliyyət hesab edilir". 



Eksper vurğulayıb ki, hazırda Dövlət Gömrük Komitəsi ilə bağlı veriləcək ən yaxşı qərar onun İqtisadiyyat Nazirliyinə birləşdirilməsi olar:

"Düşünürəm ki, Dövlət Gömrük Komitəsi ilə bağlı daha ciddi dəyişikliklərə ehtiyac var. Bu komitə mahiyyətcə İqtisadiyyat Nazirliyinə Əmlak Komitəsindən daha çox yaxındır. Yəni Əmlak Komitəsinin birləşdirilməsi qədər ciddi addım atıldığı halda Gömrük Komitəsinin kənarda qalması məni təəccübləndirib. 

Digər bir tərəfdən də vergi və gömrük sistemi eyni qurum tərəfindən idarə edilsə, həm inzibati idarə etmədə daha səmərəli olar, həm də iqtisadi səmərəliliyin əldə edilməsində daha effektiv olar.  

Həmçinin, Dövlət Gömrük Komitəsi rüsum və digər öhdəliklərinin daha optimal və doğru təsbit edilməsini həyata keçirən qurum ölkədə iqtisadi durumu ən yaxşı təhlil edən, bazar konyukturasını daha mükəmməl bilən qurum olmalıdır. 

Düşünürəm ki, bu məsələdə İqtisadiyyat Nazirliyi şəriksiz liderdir. Vergilər Nazirliyi də bu səbəbdən bu nazirliyin tabeliyinə xidmət olaraq birləşdirildi. 

Deməli, Gömrük Komitəsi də İqtisadiyyat Nazirliyinin tərkibinə Dövlət Gömrük Xidməti olaraq birləşdirilən, narazılıqların azaldılması və neqativlərin aradan qaldırılması sahəsində böyük irəliləyiş əldə edə bilərik. Bu, dünyada özünü kifayət qədər doğrutmuş  təcrübədir". 

Eldəniz Əmirov deyib ki, İqtisadiyyat Nazirliyinin uğurlu fəaliyyətinin kökündə həm də şəffaf nazir amili dayanır:

"Digər bir tərəfdən isə İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarovun rəhbərlik etdiyi qurumlarda özündən əvvəlki problemləri həll etməsi, kreativ layihələrə ortaya qoyması və yüksək nəticələr əldə etməsi göz qabağındadır.

Adi bir misal deyim, nə Azərbaycanda, nə də MDB məkanında heç bir ölkədə Nazirlik və Komitə tabeliyində olan müəssisələrə Mikayıl Cabbarovun müəllif olduğu MİQ layihəsi qədər insan rüşvətsiz və tapşırıqsız işə düzəlməyib. On minlərlə insan öz savadı ilə yuxuda belə inana bilməyəcəkləri nailiyyətə imza atdı. Bu layihə Azərbaycan tarixində işə düzəlmə sahəsində rüşvətxorluğa vurulmuş ən böyük zərbə oldu. Vergilər Nazirliyinə təyinatından sonra eyni imtahan sistemini orada yaratdı. Bu misalları ona görə gətirdim ki, "idarəedici rəhbər" xüsusi bir peşədir. 

Dünya təcrübəsində təhsil nazirinin müəllim, kənd təsərrüfatı nazirinin arqonom olması kimi bir anlayış yoxdur. Əsas kriteriya vicdanlı və bacarıqlı idarəedici rəhbərdir. Müəllim və aqranom isə belə idarə edici rəhbərlərin yanında ikinci şəxslər olur ki, daim dəyərli məsləhətlər versinlər. Hətta, ABŞ-ın müdafiə nazirinin hərbiçi olması Amerikada qanunla qadağan edilir. Qərərgah rəisləri isə hərbiçi olur. Bu misalları ona görə çəkdim ki, bəzən cəmiyyətimizdə belə hallar bir mənalı qarşılanmır ki, filan şəxs niyə ixtisası olmayan sahənin rəhbəridir. Amma bilməliyik ki, idarəedici rəhbər ayrıca bir peşədir və bütün sahələrdə uğurlara imza ata bilir. Yetərki ətrafına həmin sahənin əsl mütəxəssialərini cəmləsin".


Aygül Qarayeva
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 sen 2021, 12:52
Top