"Əgər məmurlar başları üzərində DTX-nın "qara maskalılar"ını görəcəksə..." — İqtisadçıdan AÇIQLAMA

SOSİAL 22 may 2021, 17:29
"Nə qədər ki, Azərbaycan hökuməti liberal ticarət siyasəti yolunu tutmayıb, o zaman inzibati-repressiv tədbirlərlə bu sahədə mövcud olan problemləri həll etmək cəhdi yarımçıq iş olacaq. Yalnız institusional və iqtisadi reforumlar bu problemlərin yumşalmasına xidmət edə bilər".

Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı, İqtisadi Təhsil İnstitutunun sədri Məmməd Talıblı bir neçə gün əvvəl Dövlət Gömrük Komitəsində keçirilmiş əməliyyat zamanı vəzifəli şəxslərin saxlanılmasına münasibət bildirərkən deyib. 

Məmməd Talıblı bildirib ki, gömrük sahəsindəki nöqsanların aradan qaldırılması üçün Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olmalıdır:

"Azərbaycanda gömrük tarifləri endirilməli, idxal sərbəstləşdirilməli və strateji sahələr üçün proteksionizm nəzarətdə saxlanılmalıdır. Belə olan halda görəcəyik ki, tamam başqa iqtisadi gerçəkliklər yaranıb. Amma 5 000 dollarlıq avtomobilin ölkəyə idxal xərci nəticə olaraq 15 000 dollara başa gəlirsə, o zaman Dövlət Gömrük Komitəsindən 1 milyard manatın dövlət büdcəsinə köçürülməsi heçnəyi dəyişməyəcək. Bizim dövlət olaraq inkişafımız liberal ticarət yolu tutmamız və bu yolda dərinləşmiş reforumalara getməyimizdən keçir. 

Əgər dövlət məmurları başları üzərində DTX-nın "qara maskalılar"ını görəcəksə, bu, "Damokl qılıncı" onların qorxu əsasında yaranmış davranışlarını nəzarətə alacaq. Amma həmin məmurların fəaliyyətinin effektivliyini artırmayacaq".


Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top