Deputat: "Birgəyaşayışı təmin etmək üçün ilk növbədə Ermənistan öz çirkin əməllərindən əl çəkməlidir"

GÜNDƏM 21 may 2021, 12:27
Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda təşkil etdiyi  videokonfransda bir sıra mühüm məsajlar verdi. Əslində, bu konfrans Azərbaycanın regionumuzda yaratdığı yeni reallığın qlobal müstəvidə təqdimatı idi". 

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu ölkə başçısı İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirilən müzakirələr zamanı səsləndirdiyi fikirlərlə bağlı danışarkən deyib:

"Nəzərə almaq lazımdır ki, 9 il əvvəl bu beynəlxalq mərkəz yaradılarkən onun əsas missiyalarından biri kimi, Azərbaycan həqiqətlərinin, mədəniyyətinin, milli-multikultural dəyərlərinin, sülhün və ədalətin təbliğ edilməsi və Qarabağ həqiqiətlərinin dünyaya çatdırılması müəyyənləşdirilmişdir. Qürurverici haldır ki, bu gün artıq biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısında torpaqlarımızın azad edilməsindən, haqqın və ədalətin, beynəxalq hüququn tələblərinin yerinə gətirilməsindən və önümüzdəki mərhələdə regional inkişaf perspektivləri və inteqrasiyadan danışırıq. Bu kontekstdə mərkəz vasitəsilə Azərbaycan Prezidentinin dünyaya və region ölkələrinə verdiyi mesajları üç mühüm istiqamətdə qruplaşdıra bilərik. Bunlardan birincisi münaqişənin arxada qalması və artıq gələcəyə baxmağın vacibliyi, ikincisi yeni reallığa uyğun olaraq münasibətlərdə yeni yanaşmanın formalaşdırılması, üçüncüsü isə ümumi birgə gələcəyə hazır olmağın zəruriliyi idi. Bütün bu istiqamətlər üzrə Azərbaycanın mövqeyini bəyan edən Prezident İlham Əliyev ölkəmizin birgə yaşayışa, hətta Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu bildirdi. Bu mövqe sərhədlərin qarşılıqlı tanınması ilə tamamlanan mühüm siyasi aktdan sonra regionun inkişafı və inteqrasiyasi üçün yeni perspektivlər açmağa hesablanan məqsədlər kimi qəbul edilməlidir". 

Deputat qeyd etdi ki, birgəyaşayışı təmin etmək üçün ilk növbədə Ermənistan öz çirkin əməllərindən əl çəkərək, bu istiqamətdə vacib addımlar atmalıdır:

"Bir məsələ də aydındır ki, bu məqsədlərə çatmaq üçün ilk növbədə 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyannamənin bütün tələbləri yerinə yetirilməli, ermənilər revanşist və radikal mövqedən əl çəkməli, yeni birgəyaşayış qaydalarına hazır olduqlarını nümayiş etdirməyi bacarmalıdırlar. Bu isə siyasi proseslərin emosional tərəfidir. Ona görə də qeyd edildi ki, öz ata yurdlarından məcburi köçkün olmuş azərbaycanlılar 30 illik işğaldan sonra doğma yurdlarına qayıdarkən erməni vandalizminin törətdiyi vəhşiliklərlə üzləşirlər. Mədəni irsimizin, maddi və mənəvi abidələrimizin sıradan çıxarıldığının şahidi olurlar və bu onlarda kəskin psixoemosional vəziyyət yaradır. Ona görə də, hazırda bir tərəfdən işğal dövründə bizə dəymiş maddi zərərin hesablanması, digər tərəfdən isə maddi-mənəvi irsimizin yenidən bərpası prosesi gedir. Bu, hərbi cinayəti törədənlərin cəzalandırılması üçün olduqca vacibdir. Üstəlik, hələ də ermənilər minalanmış ərazilərimizin xəritələrini verməkdən imtina edirlər ki, bu, əslində elə yeni hərbi cinayətlər törətmək deməkdir". 

Deputat həmçinin Azərbaycanın bu məsələdəki mövqeyinin qəti olduğunu və bunu bir daha ictimaiyyətə təqdim etdiyini vurğulayıb:

"Bütün bunlarla yanaşı regional əməkdaşlığın bərpa edilməsi, kommunikasiyaların açılması yeni reallığın vacib şərti kimi ortaya çıxır. Bu isə təkcə region üçün deyil, həmçinin qlobal kontekstdə də mühüm əhəmiyyət kəsb edir. Ona görə də, Azərbaycan bu konfrans vasitəsilə bir daha yeni reallığı, bu reallığın yaratdığı yeni şərtləri və onun hamı üçün faydalı olan perspektivlərini bir daha qlobal münasibətlər sistemində mühüm aktorların diqqətinə tədim etdi. Bu, həm də Azərbaycanın dayanıqlı sülh və qarşılıqlı maraqlara əsaslanan yeni əməkdaşlıq mərhələsi ilə bağlı çağırışı kimi qiymətləndirilə bilər".

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top