Tarixə şahidlik edən ulu körpü təhlükə ilə üz-üzə — VİDEO

SOSİAL 19 may 2021, 19:07
Qax rayonu ərazisində orijinal xüsusiyyətlərə malik qədim tarixi-memarlıq abidələri kifayət qədərdir. Belə abidələrdən biri də 17-18-ci əsrlərdə tikilmiş Ulu körpüdür.

Bu körpü dağlar qoynunda yerləşən İlisu kəndinə gedən yolda, Kürmük çayının üzərində salınıb. Ulu körpünün tikintisi üçün olduqca əlverişli bir yer seçilib. Bu günümüzə qədər gəlib çatan Ulu körpünün vəziyyəti heç də ürək açan deyil. Təqribən üç əsrdən çox yaşı olan körpünün yan divarlarında çay daşları ətrafa səpələnməyə başlayıb. Belə hal körpünün görünüşünə də xələl gətirib. Əgər dağıntılar davam edərsə, gələcəkdə körpüdə təhlükəli vəziyyət də yarana bilər.

Ulu körpü bu vaxta qədər Kürmük çayının gətirdiyi coşqun sel-sularına sinə gərib. Ancaq uzun illər yaz və payız aylarında çaya gələn sel suları bir çox hallarda körpünün divarlarını yuyub. Ulu körpünü görməyə hər il minlərlə turist gəlir. Körpüyə baxmağa gələn turistlər körpü üzərindən yalnız piyada hərəkət edə bilərlər. Burada nəqliyyat vasitələrinin hərəkəti isə qadağandır. 

Körpü çay yatağının daraldığı yerdə, sal qayalar üzərində çay daşı, əhəng məhlulu və bişmiş kərpicdən, bəzi mənbələrə görə, hətta yumurta sarısından istifadə edilməklə inşa edilib. İstifadə olunan materiallar isə körpünü bu vaxta qədər dayanıqlı saxlayıb. Ancaq biganə münasibət ən möhtəşəm abidələrimizdən sayılan Ulu körpünün də dağılmasına gətirib çıxara bilər. 

El arasında Ulu körpü ilə bağlı maraqlı xatirələr də var. Deyilənlərə görə, 1844-cü ilin iyununda çar Rusiyasının qoşunları İlisuya hücum edərkən sonuncu İlisu hakimi Danyal Sultan Ulu körpünü dağıtmaq fikrindən daşınıb. Körpünün dağıdılması bəlkə də rus qoşunlarının uğursuzluğuna səbəb ola bilərdi. Rus tarixçiləri Danyal Sultanın bu hərəkətinə heç cür qiymət verə bilməyərək, sadəcə təəccüblənib. Ulu körpü İlisu sultanlığını düzənlik ərazilərlə birləşdirən yeganə körpü idi. Danyal Sultan bu qərarı verməsəydi, körpü uçurular, kəndin əhalisi çətinlik çəkərdi. Bəlkə də, sultan el sənətkarlarının yaratdığı bu nadir abidəni uçurmağa qıymayıb. Digər ehtimala görə, körpü dağılsa belə, rus qoşunlarının kəndi tutacaqlarına əmin olduğundan onu uçurmaqdan çəkinib. Qeyd edək ki, dağılmaqda olan Ulu körpünün yan divarlarında bu gündən təmir işləri aparılacaq. 

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top