Zahid Oruc: "Ərazilər təkcə hərbi yolla götürülmür, Zəngəzur və digər yerlər..."

GÜNDƏM 19 may 2021, 11:25
Siyasətdə belə bir gedişat var. Əgər, hərbi meydanda məğlub olursansa, masa arxasında o şəraiti diplomatik, siyasi güclə dəyişmək çox çətindir. Belə olan halda faktiki olaraq 2020-ci il 10 noyabr krizi ermənilərin şüurlarında davam edir. Gerçəklik ondan ibarətdir ki, onların beynində müharibə hələ bitməyib. O anlamda ki, qorxularını, ağrılarını hər səviyyədə nümayiş etdirərək, hansısa bir itirilmiş mövqenin bərpa etmək, guya olanlarını qorumaq niyyətindədirlər.

Bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin sədri, Milli Məclisin deputatı Zahid Oruc deyib.

O bildirib ki, Zəngəzur çevrəsində, ayrı ayrı sıravi vətəndaşların kənd “mirzaları” ilə savaşlarına, o cümlədən sərt ittihamedici polemikalarına baxdığımızda nəyi görürük?:

“Hər bir səviyyədə bir fobiya var. Onlar düşünür ki, Azərbaycan bu hərbi qələbələrini Ermənistanın içərlərinə doğru davam etdirəcək. Faktiki olaraq qarşımızda maneə yoxdur. Yutub kanallarına, votsapa daşınan görüntülər də onu deyir. Azərbaycan əsgəri çox güclüdür. Dünyaya bir yanaşma sərgilənir. Bu, həqiqətən də çox fəxarətedici səhnələrdir. Digər tərəfdən ermənilərin sadəcə ordu qüvvələri mövcud deyil ki, sərhəd xətti boyu düzsün. Hərbi normalar var. Bir müdafiə postunu qurarkən onun ətrafında minimum 60-80 nəfər nəzarətedici funksiyanı həyata keçirməlidir. Bundan ötrü dislokasiyanın fiziki cəhətdən quruculuğu aparılmalıdır. Yalnız bundan sonra həmin ərazidə bir punkt olduğundan danışmaq mümkündür”.

Millət vəkilinin fikrincə, məhz bundan sonra orada bir postun olmasını peyk vasitəsi ilə təyin etmək mümkün olur:

“Belə olan halda şəraitə, əraziyə nəzarət etmək imkanı yaranır. Faktiki olaraq bu qüvvə mövcud deyil. Belə olan halda nə sübut olunur? Ali Baş Komandan İlham Əliyevin diplomatik, siyasi xətti, nailiyyətləri informasiya müstəvisində irəliyə sürdüyü yeni doktirinal yanaşamalar Qarabağ məsələsini ortadan çıxarıb. İndi dövriyyədə Zəngəzur məsələsi mövcuddur. Bu çox önəmli bir məsələdir. Faktiki olaraq ölkəmiz Ermənistan və Azərbaycan planında bütün informativ məkanlarda üz-üzə qalıb. Keçmişdəki leksikonda Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi işlənirdi. Artıq sonda ifadə elədiyimiz termin dövriyyədən çıxıb. Çünki gerçəklik tamamilə dəyişib”.

Zahid Oruc hesab edir ki, Zəngəzur dəhlizi ilə bağlı Ermənistan tərəfinin yanaşmaları birmənalı qəbul olunmur:

“Naxçıvana gedən yolu açmazsınızsa, nə baş verəcək? Məgər Moskvada üçtərəfli formatda bunu danışmamısınız? Əgər bütün Ermənistanın içərisindən keçən yol, kommunikasiya, dəhlizlər və digərlərini açmaq istəyirsinizsə, buyurun! Burada heç bir problem yoxdur. Azərbaycan üçün faktiki olaraq Ermənistanın coğrafi ölçüsü elədir ki, istənilən məkanından özünə yol seçə bilər. Çünki tarixən o torpaqların sahibidir. Cənab Prezidentin söylədiyi kimi o ərazilərə tankla, topla, hərbi vasitələrlə yox, məhz mülki, inşaat, logistik, tranzit layihələri ilə qayıdırıq. Bu əslində müharibənin başqa alətlərlə, vasitələrlə davamıdır. Dünyada da belədir. Qlobal güc sahibləri bütün əraziləri hərbi vasitələrlə götürmür. Ona görə də Şuşada "Xarıbülbül" festivalının mədəniyyət hadisəsi kimi siyasi effekti eyni dərəcədə Zəngəzur dəhlizinə yönələn yol xətləri planlarımızla sinxron şəkildə bağlıdır. Eləcə də Qəbələdə kilsə ilə tanışlıq, onun bərpası ilə bağlı addımlar ölkəmizin bütün coğrafiyalarının vahid bir xəttə, amala, ideyaya xidmət etdiyini göstərir. Bu addımlar Azərbaycanın bütövlüyünə, müharibədəki qələbəsinin genişləndirilməsinə hesablanıb. Bu baxımdan da Nikol Paşinyan 20 iyun seçki öncəsi cəmiyyətin böyük basqısı altındadır. O öz səhv siyasəti ilə bütün daxili düşmənlərini birləşdirib”.

STM sədrinə görə, Paşinyan seçkidə qələbə qazansa, bu, min illik dünya tarixində yeni bir hadisəyə çevriləcək:

“Savaşı uduzmuş bir ölkənin rəhbərliyi təkrar insanlardan səs alacaqsa, bu o deməkdir ki, erməni xalqı müharibənin nəticələrini tanıyır. Onu qəbul edir və bundan başqa alternativ görmür. Eyni zamanda erməni cəmiyyəti onu 90-cı illərə və yaxud da ki, min il əvəlki dövrə qaytarmaq istəyənləri qəbul etmir. Bununla da revanşizm xətti tamamilə iflasa uğrayır. Reallıqda da bu yoxdur. Çünki bunu həyata keçirəcək qüvvə mövcud deyil. Belə olan şəraitdə Azərbaycan uğurlu bir şəkildə özünün geosiyasi maraqlarını, geoiqtisadi planlarını həyata keçirəcək”.(teleqraf.com)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top