Azərbaycanın mədəniyyət paytaxtında yeni tarix yazıldı


GÜNDƏM 17 may 2021, 10:46
Şuşanı görərkən  nağıllar aləmindən gerçəkliklər dünyasına düşdüyüm  üçün qürur duydum.

Bu qüruru mənə yaşatdığı üçün Ali Baş Komandan, Prezident İlham Əliyevə, yenilməz Azərbaycan Ordusuna, tədbirin təşkilatçısı Heydər Əliyev Fonduna, şəxsən birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığımı bildrirəm

Azərbaycan xalqının, xüsusilə öz doğma yurd-yuvasından didərgin düşmüş məcburi köçkünlərin 30 ilə yaxın davam edən  niskilinə, ağrısına, torpaq həsrətinə 44 günlük Vətən müharibəsində son qoyuldu. Artıq 6 aydır ki, 30 il düşmən tapdağı altında qalan torpaqlarımız tarixi sahibinə qovuşmasının sevincini yaşayır.  30 il ancaq dağıntıların, vəhşiliklərin şahidi olan bu torpaqlar bu gün sanki  onlara göstərilən diqqət və qayğıdan ərköyünləşir, arxada qalan, daha dəqiq desək, itirilmiş illərin nəvazişini axtarır, 30 ilin ağrı-acısını  bir gündə unutmaq istəyir. Bütün bunlar, şübhəsiz, Azərbaycan xalqının məğrurluğundan, yenilməzliyindən, mərhəmətindən, qonaqpərvərliyindən irəli gələn istəklərdir. Bu gün işğaldan azad edilmiş ərazilərimiz  30 ildən sonra öz doğma torpağına  qədəm qoyan, bəzən özünü nağıllar, bəzən də gerçəkliklər dünyasında hiss edən azərbaycanlıları hərarətlə salamlayır, xoş ovqatın həsrətində olduğunu formalaşdırdığı aura ilə hiss etdirir.

Dövlətimizin başçısı İlham Əliyevin 10 noyabr tarixli  üçtərəfli Bəyanatın  imzalanmasından sonra mütəmadi olaraq işğaldan azad edilmiş torpaqlarımıza səfərləri, onun bu cənnət məkana hər gəlişində   bir sıra obyektlərin təməlinin qoyulması, görülən işlərlə tanışlığı məhz  bu ərazilərin qısa müddətdə dirçələrək  malik olduğu potensial imkanları ilə ölkəmizin hərtərəfli inkişafına dəstək olmaq  istəklərinə verilən stimuldur.

Mayın 12-də 29 ildən sonra  Azərbaycanın mədəniyyət paytaxtı Şuşa yenidən özünün doğmalarına qucaq açdı. Şərqin Konservatoriyası adlandırılan  bu əsrarəngiz şəhər   dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə mayın 12-13-də 32 illik fasilədən sonra yenidən   “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi. Açığını deyim ki,  Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, qızları Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə  Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalına qatılanlar arasında olmağım mənə ikiqat sevinc bəxş etdi.  Bu sevinci bizə yaşadan möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna sonsuz minnətdarlığımızı  bildirir, şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara  Allahdan rəhmət, qazilərimizə şəfa  diləyirik.  Şəhidlərimizin xatirəsinə həsr olunan «Xarıbülbül» musiqi festivalı 44 günlük İkinci Qarabağ müharibəsi həqiqətlərinin bir daha Şuşadan, Cıdır düzündən təqdimatı oldu. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin  qalib ölkənin qalib Lideri kimi  Zəfərimizlə bağlı hər bir fikri harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıda qürur hissi yaradır, torpaq, Vətən sevgisinin, milli qürurumuzun torpaqlarımızın işğaldan azad edilməsində böyük rol oynadığını böyük fəxrlə qeyd edirik. 

Dövlətimizin başçısı İlham Əliyevin  musiqi festivalının açılışında  «Əziz dostlar, bu gün ölkəmizin tarixində əlamətdar bir gündür. Uzun fasilədən sonra Cıdır düzündə - hər birimiz üçün müqəddəs olan Şuşada “Xarıbülbül” festivalı keçirilir. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm» fikirləri hər birimizin torpaqlarımızın işğal dövrünə  bir anlıq da olsa  qiyabi ekskurs etməsini  zərurətə çevirdi.  28  il idi ki, dağlarının başı qara buludlu, meşələri dumanlı olan Şuşada  qürbətdə qalan, səsi kəsilən sarı bülbül kimi,  onun  sirdaşı xarı bülbülün də boynu bükük idi. Şuşa  şuşalılarsız qalmışdı. Cıdır düzü namərdlərin tapdağı altında idi. Erməni vandalizminin qurbanı olan, düşmən gülləsindən “yaralanan”, paytaxtda saxlanılan Bülbülün, Üzeyirin, Natəvanın heykəlləri doğma Vətəninə qaydacağı günü səbirsizliklə gözləyirdilər. Şuşa haqqında çox yazılıb, başı qarlı,  vüqarlı dağlarının əzəmətindən çox söz açılıb. Dünyanın mədəniyyət mərkəzlərindən olan, milli memarlıq uslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan, mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımızın beşiyi sayılan, Bülbül, Qasım bəy Zakir, Xurşidbanı Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlər yetişdirən   Qarabağın dilbər guşəsi olan Şuşa  şərqlilərə məxsus memarlıq üslubu  ilə də fərqlənir.  Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi də təsadüfi deyil. Sənəddə qeyd edildiyi kimi, Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. 1977-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilib. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb.

Ötən il noyabrın 8-də 29 ilə yaxın işğal həyatını yaşayan, erməni vəhşilikləri ilə üz-üzə qalan Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından    xalqımıza çatdırarkən dövlətimizin  başçısı İlham Əliyevin «Şuşa, sən azadsan! Şuşa,  səni dirçəldəcəyik!» fikirləri  bugünkü reallıqlarda öz əksini tapmaqla yanaşı, bir daha bu unikal şəhərin  tarixi-mədəni əhəmiyyətinə və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olmasına işıq salır. Şübhə yoxdur ki,  cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizdə Prezidentin  xüsusi nümayəndəliyinin yaradılması ilə bağlı Sərəncamının ilk olaraq Şuşada reallığa çevrilməsi,  dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun  inkişafına şərait yaradacaq. Festival günlərində  məndə belə bir  qəti əminlik yarandı ki,  Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə imzalanan Sərəncam bir daha Böyük Qayıdışın bir addımlığında olduğumuzu göstərir.

Möhtərəm Prezdentimizin qeyd etdiyi kimi,  bu günü 30 il səbirsizliklə gözlədik.  30 il Vətən həsrəti ilə yaşadıq.  30 il ədalətsizliklə barışmalı olurduq, amma barışmırdıq. Çünki  nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızın işğalçılardan azad ediləcəyinə əmin idik.

İşğalın davam etdiyi 30 ildə Azərbaycan gücləndi,  münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı, Azərbaycan gənclərində  vətənpərvərlik hissi daha da artdı, onlar hər an silaha sarılıb torpaqlarımızı işğaldan azad etmək üçün  Ali Baş Komandanın əmrini gözlədilər.   Zaman hadisələrə ən böyük dəyəri verməklə yanaşı, eyni zamanda,  yeganə rəqibimizdir. 30 ilin işğalına, ədalətsizliyinə 44 gündə son qoyan, ərazi bütövlüyümüzü bərpa edən Azərbaycan Ordusu tarix yazdı. O tarixi ki,  Zəfər Günümüz təsis olundu, xalqımız ən məğrur, qürurlu xalq, ordumuz ən güclü ordu, Prezidentimiz qalib Sərkərdə kimi nüfuz qazandı və özünü təsdiq etdi. Bu gün Şuşa əməliyyatı, ümumilikdə 44 günlük Vətən müharibəsində təcrübəmiz beynəlxalq səviyyədə öyrənilir. Bu əməliyyatların dərsliklərə salınacağı şübhəsizdir. Şuşanın işğaldan azad edilməsi mənfur düşmənə böyük zərbə oldu. Məhz bu tarixi Qələbədən sonra Ermənistan diz çökdü, kapitulyasiya aktına imza atdı, Azərbaycanın Zəfəri beynəlxalq səviyyədə təsdiqləndi və qəbul olundu.

Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Şuşanın, bu  alınmaz qalanın fəth edilməsi  ayrıca bir qəhrəmanlıq dastanıdır. Şuşada olan hər kəs, o cümlədən bu gün  artıq Şuşanı böyük sevinc və qürur hissi ilə  ziyarət edən  Azərbaycan vətəndaşları görürlər ki, bu təbii qala-şəhəri   işğaldan azad etmək böyük qəhrəmanlıq, şücaət, fədakarlıq tələb edirdi. Qəhrəman hərbçilərimiz başı dumana dirənən  sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğalçılardan azad etdilər. Heç də təsadüfi deyildi ki,  Azərbaycan hərbçiləri şəhərə  sahib olduqdan sonra da  ermənilər Şuşanın azad edilməsinə  inanmırdılar.  «Biz Şuşa uğrunda gedən döyüşlərdə şəhidlər verdik» söyləyən dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi,  bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi.  Ermənilər nə qədər çalışsalar da  ötən 28 ildə  Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Mənfur düşmən tərəfindən binalar, tarixi və dini abidələrimiz  dağıdıldı, ancaq Şuşa özünün milli varlığını, Azərbaycan ruhunu qoruya bildi. Şuşa 28 il yarım əsarətdə olsa da   əyilmədi, sınmadı, öz ləyaqətini, milli ruhunu, Azərbaycan ruhunu qorudu. Məhz bu amillərə söykənərək dövlətimizin başçısı İlham Əliyev musiqi festivalının sonunda bu məqamı xüsusi qeyd etdi ki, biz bu gün birlik, qayıdış, ləyaqət bayramını qeyd edirik:  «Biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işğal dövründə bizim qəlbimizdə ucaldılmışdı. İndi isə biz burada, Cıdır düzündə - hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik. Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!» 

Zəfərimizdən sonra keçirilən  ilk «Xarıbülbül»  musiqi festivalının  Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə etməsi də təsadüfi deyildi. Bu baxımdan ki,  Azərbaycan tolerant ölkədir. Ölkəmizdə müxtəlif xalqların, millətlərin nümayəndələri dostluq, qardaşlıq şəraitində yaşayır, ölkədə gedən inkişafa öz töhfələrini verirlər. 44 günlük Vətən müharibəsində  bu birlik, həmrəylik bir daha  özünü qabarıq şəkildə büruzə verdi.

Festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də təsadüfi deyildi. Bu, bir daha Azərbaycan xalqının milli-mənəvi dəyərlərə, milli ruha bağlılığının təsdiqidir.  Xalqımız son 30 ildə  bir amalla yaşadı -  torpaqları azad, ədaləti bərpa edək, milli ləyaqətimizi qoruyaq. Bu günlər hamımız fəxr edir və sonsuz qürur hissi keçiririk ki, hər birimizin qəlbində  yuva qurmuş müqəddəs arzularımıza,  istəklərimizə ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində qurulan möhkəm təməl və bu siyasətin son 17 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində nail olduq.  Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2003-cü ildə keçirilən prezident seçkilərindən sonra   andiçmə mərasimində bildirmişdi ki, Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Möhtərəm Prezidentmiz son 17 ildə hər bir vədini əməldə təsdiqləməklə uğurlarımızın zirvəsində dayanan   2020-ci ilin 8 noyabr - Zəfər Gününü tarixə yazdı.    

«Xarıbülbül» musiqi festivalının ilk günündə konsertdən sonra ölkə Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın biz jurnalistlərlə səmimi görüşü də yaddaqalan oldu.  Dövlətimizin başçısı ermənilərin  tarixin saxtalaşdırılması istiqamətində göstərdikləri cəhdlərdən söhbət açdı, eyni zamanda,  Birinci Qarabağ müharibəsi illərindəki təbliğatla  İkinci Qarabağ müharibəsi dövründə təbliğatı müqayisə edərək  Zəfərimizi şərtləndirən amillərə bir daha diqqət yönəltdi. Səmimi diskussiya şəklində keçən görüşdə möhtərəm Prezidentimiz İlham Əliyev   və birinci xanım  Mehriban Əliyeva  jurnalistlərlə xatirə şəkli çəkdirdilər. Biz media nümayəndələri bir daha bu Zəfəri xalqımıza yaşatdıqları üçün Müzəffər Ali Baş Komandana, rəşadətli Azərbaycan Ordusuna öz minnətdarlığımızı  bildirdik. Xalqımızın daim möhtərəm Prezidentmizin ətrafında sıx birləşməsi, tarixə böyük hərflərlə yazılan «dəmir yumruq» əməliyyatı bunun bariz nümunəsi kimi qeyd edildi.  Xüsusi vurğulandı ki, bu gün xalqımızın başı uca, alnı açıqdır. Vaxtilə itirilmiş qürurumuzun özümüzə qaytarılmasının yaşatdığı xoşbəxtlik hissi ölçüyəgəlməzdir.

Təbii ki, 29 illik həsrətdən sonra Şuşanın qonağı olan hər kəs kimi, mən də  böyük sevinc hissi yaşadım.  Hər daşı, qayası tarix olan Şuşamızın sanki qonaqlarının gəlişindən sevinc hissi keçirməsi  təbiətin oyanışından, dağlar qoynunda yerləşən Cıdır düzünün  qəlblərə hərarət bəxş edən bahar mənzərəsindən  də hiss olunurdu. Həmin günlərdə  Şuşa növbəti Zəfərini yaşadı, desəm şübhəsiz səhv etmərəm. Festival günlərində bəzən  nağıl kimi görünən  bu reallıqların canlı şahidi olmağımız,  toxunduğumuz hər daşı, qayası,  xarı bülbülü  bizləri xəyallar dünyasından  ayırırdı. Qəlbimizin dərinliklərində bu nida baş qaldırırdı:  Azadlığın mübarək, Şuşa!  Bu sevinci  bizə yaşadan, hər birimizi qürurlandıran  dövlətimizin başçısı,  Müzəffər Ali Baş Komandan, qalib Lider  İlham Əliyevə və onun «irəli, Azərbaycan əsgəri!» çağırışına  böyük qəhrəmanlıqla, şücaətlə cavab verən Azərbaycan Ordusuna eşq olsun!

Əvvəldə də qeyd etdiyim kimi, 29 ildən sonra Şuşa məscidində bayram namazı qılındı.  Ramazan bayramı ərəfəsində Şuşamızda yeni  məscidin təməli qoyuldu. Ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından  su gəldi. Bütün bunlar böyük rəmzi məna daşıyır. Bax, budur, qayıdışımız!  Bax, budur Zəfərimiz! Şuşa azaddır, Şuşa dirçəlir, Şuşaya yeni nəfəs verilir, bu əsrarəngiz diyar  cənnətməkana çevrilir!

Şuşada Cıdır düzündə təşkil olunan «Xarıbülbül» musiqi festivalı çərçivəsində Qarabağ səmasında, Şuşada atəşfəşanlıq da Qarabağın döyünən ürəyi Şuşadan  bütün dünyaya   bir mesaj  kimi dəyərləndirilməlidir. Şuşanın əzəmətli qala divarlarında Azərbaycanın üçrəngli bayrağı proyeksiya olunmuşdu. Festival iştirakçıları bu mənzərəni də qürurla izlədilər.

Hər sadə, mürəkkəb cümləmizin əvvəli, sonu Şuşa!  Zümrüd meşələri, vüqarlı dağları, yaylaqları,  min bir dərdin dərmanı olan rəngbərəng çiçəkləri ilə göz oxşayan müqəddəs  Şuşa torpağına   29 ildən sonra qədəm qoysaq  da bu gün bu mədəniyyət, incəsənət beşiyimizin  azad, firavan,  özünün əzəli sahibinin əlində olması ən böyük xoşbəxtliyimizdir.  Sanki təbiət öz əlləri ilə Cıdır düzünə rəngbərəng xalı döşəmişdi.  Uzun fasilədən sonra yenidən doğma Şuşaya qayıdan “Xarıbülbül” musiqi festivalı bu rəngarəngliyə yeni çalarlar əlavə etdi. Şahidi olduğumuz təbiətinin gözəlliyi, qədim mədəniyyət beşiyimiz    Şuşanın haqlı  olaraq  «Kiçik Paris», «Qafqazın sənət məbədi», «Azərbaycan musiqisinin beşiyi», «Şərqin Konservatoriyası» adlandırıldığını təsdiqlədi.

Bu gün bir daha böyük fəxr hissi ilə qeyd edirik ki, ulu öndər Heydər Əliyevin «Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur» kəlamını «Əziz Şuşa, biz səni dirçəldəcəyik!» sözləri ilə doğruldan, şəhərin əvvəlki görkəminə qaytarılacağını bildirən  Prezident İlham Əliyevin göstərişləri əsasında görülən işlər milli ruha, mənəvi dəyərlərə bağlılıqdır. Bu gün artıq Şuşa  azaddır. Ölkə Prezidenti, Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə  müzəffər ordumuzun rəşadəti nəticəsində  işğaldan azad edilən bu qədim şəhər yenidən Azərbaycanın mədəniyyət paytaxtı adına qovuşdu.  «Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!» sözləri ilə ümummilli lider  Heydər Əliyevin Şuşaya verdiyi dəyəri bərpa edən Prezident İlham Əliyevin dəmir yumruğu düşməni əbədi susdurdu.

Şuşaya hər səfərində  bu qədim yurd yerinin əvvəlki şöhrətinin özünə qaytarılacağını bildirən Prezident İlham Əliyev bu vədini də əməli  addımları ilə təsdiqləyir. Məhz möhtərəm Prezidentimizin  qətiyyəti,  sərkərdəlik məharəti sayəsində ilk olaraq düşmən tərəfindən güllələnmiş Xurşidbanu Natəvanın, dahi bəstəkar Üzeyir Hacıbəylinin,  unudulmaz sənətkar Bülbülün büstləri  28  ildən sonra doğma yurduna qaytarıldı.  Şuşaya Zəfər yolunun  çəkilişinə başlandı.   Prezident İlham Əliyev vədinə əməl etdi.  Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci  günündə ulu öndər Heydər Əliyevin Qarabağla bağlı arzularının əks olunduğu videoçarxın nümayişini ayaqüstə alqışlayan dövlətimizin başçısı   İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalda iştirak edən incəsənət xadimləri ilə görüşdülər.  Cıdır düzündə bütün festival  iştirakçıları ilə  birlikdə “Qarabağ Azərbaycandır!” söyləyərək  bir daha bu məkandan bütün dünyaya  mesajlarını çatdırdılar. 

Zəfərin mübarək,  Azərbaycan!  Azadlığın mübarək,  Şuşa!  Artıq Qarabağımızda  30 ilin işğalına son qoyularaq yeni həyat başlayıb. Bundan sonra həyatımıza qatılacaq yeni əlvan çalarlar Qələbə sevincimizi daimi edəcək,  bu torpaqlarda toy-büsat yaşanacaq. Novruz bayramında Cıdır düzündə bayram tonqalını yandıran  dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva «Xarıbülbül» musiqi festivalının keçirilməsinə nail olmaqla bir daha Şuşaya göz dikən, onun işğaldan azad olunmasını kədərlə qarşılayan işğalçı Ermənistana və ona havadarlıq edənlərə bu mesajlarını ünvanladılar - Dəmir yumruğu unutmayın!  Azərbaycan əzəli torpağı olan Qarabağa qayıtdı. Qayıdışın mübarək, Azərbaycan! Qayıdışın mübarək, Azərbaycan xalqı!

Vüqar Rəhimzadə,
«İki sahil» qəzetinin baş redaktoru,
Əməkdar jurnalist  
Bakı-Şuşa-Bakı
12-13 may 2021-ci il





Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top