Deputat: “Bizim heç zaman hansısa dövlətin ərazisinə iddiamız olmayıb, olmayacaq da…”

SİYASƏT 16 may 2021, 14:06
“Guya Azərbaycan sərhədçilərinin Ermənistan ərazisinə müdaxilə edərək daxil olması iddiaları tamamilə şər-böhtandır. Təkrar edirəm, bunu hamıdan yaxşı Moskva bilir. Bu gün Azərbaycan Respublikası öz sərhədlərini çox dəqiq müəyyən edib və heç kimin ərazisində gözü yoxdur”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov Azərbaycan və Ermənistan sərhədində baş verən gərginliklə bağlı danışarkən deyib.

Deputat bildirib ki, Azərbaycanın haqlı olduğunu bu məsələ ilə məşğul olan müvafiq beynəlxalq qurumlar da, Moskva da dəqiq bilir: “Azərbaycan-Ermənistan dövlətlərinin sərhədləri hələ Sovet İttifaqı zamanı müəyyənləşdirilib və bu barədə arxiv sənədləri, xəritələr, bir sözlə lazım olan bütün sübutlar var. Azərbaycan öz ərazisindədir, Ermənistan ərazisinə keçməyib. Bu, sadəcə olaraq, Ermənistanda keçiriləcək 20 iyun seçkilərindən qabaq elə ermənilərin özü tərəfindən törədilən növbəti təxribatdır”.

Elman Məmmədovun fikrincə, növbəti qarayaxma kampaniyası sübut edir ki, dünya qanunlarla yox, məhz ədalətsizliklə idarə olunur: “İndi isə bizi təəccübləndirən, iyrəndirən ikinci məqama diqqət yetirək. Əvvəla, bizi iyrəndirən bəzi qurumlar dedikdə Amerika Birləşmiş Ştatlarının dövlət departamentini, Avropa İttifaqını, Avropanın digər müvafiq qurumlarını, Fransa kimi erməni dövlətlərini və başqalarını nəzərdə tuturam. Çünki tam 30 ilə yaxın bir müddətdə Azərbaycan sərhədləri Ermənistan tərəfindən pozulmuşdu və Ermənistan qoşunları gəlib dövlətimizin ortasında yerləşmişdilər. Bu qurumlar- istər BMT, istər digərləri olsun bir dəfə belə olsa narahatlıq keçirdilərmi, indiki kimi haray-həşir qaldırdılarmı?! Belə çıxır ki, Ermənistan istədiyini edə biləcək və ona dəstək olacaqlar, lakin Azərbaycan haqlı olduğu halda belə haqsız hücumlara məruz qalacaq. Bu, Azərbaycana qarşı düşmən mövqeyidir, qərəzli mövqedir. Bizə, sanki növbəti mesaj verirlər ki, birlikdə daha güclü olub bu qədər hücumların qarşısında ləyaqətlə dayana bilək. Yəni bizim heç zaman hansısa dövlətin ərazisinə iddiamız olmayıb, olmayacaq da!”












 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top